...

Bakıda Qafqazın gələcəyi müzakirə olunub

Siyasət Materials 28 İyun 2012 11:57 (UTC +04:00)
Bu gün Bakıda "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Bakıda Qafqazın gələcəyi müzakirə olunub

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının birgə təşkil etdiyi konfransda Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Libaridyan, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondeli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rasim Musabəyov iştirak ediblər.

Rondeli qeyd edib ki, keçmişə nəzər yetirdikdə demək olar ki, strateji mədəniyyət arxada qalıb.

"Müstəqil olduqdan sonra dövlət quruculuğunu necə aparacağımızı düşünürdük. Düşünürdük ki, hər şey yaxşı olacaq. Bizim isə strateji mədəniyyətimiz yox idi. İlk gündən etnomillətçilik Gürcüstanı məhv etdi. Biz bu problemin öhdəsindən gəlməyə çalışırıq. Hələ də lazımi nəticələr əldə edə bilməmişik", - gürcüstanlı ekspert deyib.

O qeyd edib ki, Gürcüstanda yeni inqilabi qrup daha çox avtoritar qrupla hakimiyyətə gəldi, təhlükəsizlik və demokratiyada ortaq nöqtəni tapmağa çalışdılar.

Rondeli vurğulayıb ki, əksər hallarda müvəffəqiyyət qazanılır, lakin çətinliklər də mövcuddur: "Gürcüstan çoxmillətli ölkədir və bu məsələdə biz ortaq formulu tapmalıyıq".

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın baş müşaviri Jerar Libaridyan isə Bakıya gəlməyinə sevindiyini qeyd edib və bu tədbir nəticəsində yeni dostlar əldə etmək istədiyini vurğulayıb.

"Biz düşündük ki, SSRİ-dən sonra "soyuq müharibə" başa çatacaq. Lakin "soyuq müharibə" Qafqazda bitmədi. Kənar qüvvələr vasitəsilə "soyuq müharibə" davam edir. Bu mini "soyuq müharibə"nin nə qədər davam edəcəyini bilmirik. Artıq bəllidir ki, müstəqillik o demək deyil ki, sən necə istəyirsən elə də ola bilərsən", - Libaridyan deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi təkcə iki ölkənin problemi deyil. Bu həm də Gürcüstanın problemidir, çünki belə vəziyyətdə birgə layihələri həyata keçirmək çox çətindir.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov isə öz çıxışında qeyd edib ki, müstəqilliyin ilk dövründə Rusiya düşünürdü ki, bu ölkələr RF-nin yanına gələcək, lakin bu gün Azərbaycan və Gürcüstan əlaqələr saxlamaq şəklində Moskvanın təsirindən çıxıb.

Onun sözlərinə görə, indi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir. Demək olar ki, Cənubi Qafqazda maliyyə imkanlarının 90 faizi Azərbaycanın əlindədir.

"İndi Azərbaycan iqtisadiyyatı Ermənsitan və Gürcüstan iqtisadiyyatından 5-6 dəfə böyükdür. Bunu neftlə bağlaya bilərlər. Amma neft Azərbaycanda ənənəvi sahədir. İkinci tərəfdən isə bu neft müqavilələrini bağlamaq, icra etmək çətin məsələdir. Hətta bunu gündəmə gətirmək çətin oldu. İncə siyasət nəticəsində neft kəmərləri çəkildi və bu layihələrin reallaşdırılması Azərbaycanın Rusiyadan asılılığını azaltdı. Bu gün Azərbaycanın infrastrukturu dəfələrlə artıb", - Musabəyov deyib.

O qeyd edib ki, Azərbaycan ordu quruculuğu sahəsində Ermənistandan çox irəli gedib: "Azərbaycan bu inkişafa şəxsi imkanları hesabına nail olub. Ermənistanın Rusiyadan asılılığı nə qədər olacaqsa, Dağlıq Qarabağ münaqişəsi həll edilməyəcək və birgə regional layihələr olmayacaq".

Xəbər lenti

Xəbər lenti