...

Fikrət Məmmədov: Korrupsiya məsələsində hər hansı kompromisdən söhbət gedə bilməz

Siyasət Materials 30 İyun 2014 13:48 (UTC +04:00)
Korrupsiya məsələsində hər hansı kompromisdən söhbət gedə bilməz. Trend xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Fikrət Məmmədov: Korrupsiya məsələsində hər hansı kompromisdən söhbət gedə bilməz

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Korrupsiya məsələsində hər hansı kompromisdən söhbət gedə bilməz. Trend xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözərinə görə, bu gün Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. İqtisadi cəhətdən inkişaf edən ölkələrdə isə korrupsiya üçün daha geniş şərait var: "Bu baxımda, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanda korrupsiya ilə barışmaz mübarizə aparılır. Korrupsuya ilə mübarizə sahəsində bir sıra qanunlar qəbul edilib, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib".

Ölkədə məhkəmələr, hakimlərlə bağlı qanunvericilikdə edilən dəyişikliklər və bu sahadə aparılan islahatlar barədə məlumat verən ədliyyə naziri qeyd edib ki, 2011-ci ildən inzibati ədliyyə institutunun və bütün bölgələrdə inzibati məhkəmələrin fəaliyyətə başlaması insan hüquqlarının etibarlı müdafiəsi və məmurların sui-istifadə hallarının qarşısına sipər çəkilməsi baxımından mühüm addım olmaqla antikorrupsiya tədbirinə çevrilib: "İnsanların həmin məhkəmələrdə qaldırdıqları iddiaların 80 faizindən çoxunun təmin olunması bunun əyani təsdiqidir".

F.Məmmədov bildirib ki, Azərbaycanda məhkəmə hakimləri şəffaf qaydada seçilir. Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində irəli sürülən təkliflər ölkə Prezidenti tərəfindən də dəstəklənib. Belə ki, hakimlərin intizam məsuliyyətinə cəlb olunması məsələsi Məhkəmə-Hüquq Şurasına həvalə edilib. Həmçinin hakimin törətdiyi qanun pozuntusuna görə cəza növləri qanunda dəqiq müəyyənləşdirilib.

Nazir əlavə edib ki, ədalətli maddi-təminat müəyyən etmədən hər hansı sahədə, o cümlədən məhkəmədə korrupsiyanın aradan qaldırılması haqqında danışmaq mümkün deyil: "Bununla əlaqədar ölkədə böyük proseslər gedib. Yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 33 dəfə, məhkəmələrin büdcəsi isə 26 dəfə artıb. Eyni zamanda, məlumdur ki, ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə araşdırmalarının dolğun və diqqətli aparılmasına mənfi təsir göstərən əsas amillərdən biri də hakimlərin yüksək iş yüküdür. Azərbaycan məhkəmələrində baxılan işlərin sayı 2000-ci ildən bəri 8 dəfədən çox artıb. Bununla əlaqədar son illər ərzində hakimlərin sayı 2 dəfə, məhkəmə aparat işçilərinin sayı 75% artırılıb, hər bir hakimə köməkçi ştatı müəyyən olunub".

Nazir deyib ki, yeni inşa olunan məhkəmə binaları layihələndirilən zaman hakimlər üçün ayrıca giriş-çıxış sahəsi müəyyən edilib ki, bu da onların vətəndaşlarla əlaqələrini və kənar müdaxiləni məhdudlaşdırmaq məqsədi daşıyır. Vətəndaşların müraciət formasının asanlaşdırılması məqsədi ilə məhkəmələrdə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Məhkəmələr üzrə vahid informasiya portalı da yaradılıb ki, həmin portal vasitəsilə məhkəmələrdə baxılan işlər, eləcə də hakimlər haqqında məlumat almaq və rahat şəkildə məhkəməyə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti