...

Türkiyədə "tərəqqi" və "cəhalət"

Siyasət Materials 17 Dekabr 2014 22:00 (UTC +04:00)
Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldiyi 2002-ci ildən bu günə qədər bir çox sahələrdə islahatlar aparıb
Türkiyədə "tərəqqi" və "cəhalət"

Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend:



Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldiyi 2002-ci ildən bu günə qədər bir çox sahələrdə islahatlar aparıb. Bu islahatlar əsasən siyasi və iqtisadi yönlü olsa da, hərbi və müdafiə sənayesi sahələrində də bir sıra islahatlar aparılıb. Belə ki, hazırda ölkənin müdafiə sənayesində yerli istehsal 54% təşkil edir.

İslahatların əsasən Türkiyənin Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyü üçün aparıldığı iddia edilsə də, Ankara-Aİ münasibətlərinin elə də ciddi nəticə vermədiyi nəzərə alınsa, islahatların ölkənin regionda supergücə çevrilməsi məqsədi daşıdığını söyləmək olar.

Siyasi və iqtisadi islahatlarla yanaşı, Ankaranın təlim-təhsil sistemində də ciddi islahatlar apardığı danılmazdır.

Türkiyədə keçirilən Milli Təhsil Şurasının sonuncu toplantısı zamanı AKP ölkədə ciddi rezonansa səbəb olacaq bir sıra təkliflərlə çıxış etdi. Belə ki, hakim partiya təmiz türk dili hesab edilən Osmanlı türkcəsinin təhsil müəssisələrində məcburi tədris ediləcəyini bildirdi. Osmanlı türkcəsi tərkibində fransız və ingilis sözləri olan modern türk dilindən tərkibində olan fars, ərəb və sırf türk sözlərinin çoxluğu ilə fərqlənir.

AKP-nin bu təklifi müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd yönlü Xalqların Demokratik Partiyası (HDP) tərəfindən çox müsbət qarşılandı. MHP Osmanlı türkcəsinin müasir türk dilini daha da zənginləşdirəcəyini və söz ehtiyatını artıracağını bəyan etdi.

Cümhuriyyət Xalq Partiyası (CHP) isə Osmanlı türkcəsinin məcburi tədrisini məqbul saymadı. CHP-nin açıqlamasında hakim partiyanın məqsədinin təhsil sisteminin inkişafı deyil, türk gəncinə qəbir daşlarındakı yazıları oxutmaq olduğu bildirilir.

Cümhuriyyətçilərin bu açıqlamasından sonra ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin etirazına baxmayaraq, məktəblərdə Osmanlı türkcəsinin öyrədiləcəyini bəyan etdi.

Maraqlıdır, görəsən, oxumaq-yazmaq bilməyənlərin faiz nisbəti 4,74% təşkil edən Türkiyədə Osmanlı türkcəsinin tədrisinə ehtiyac varmı?

Bu gün Türkiyədə hakim partiyanın "Özünə qayıdış və özünə inam" siyasətinə diqqət yetirsək, Osmanlı türkcəsinin gec-tez məcburi tədris ediləcəyini söyləmək olar. Digər tərəfdən, hakim partiya Osmanlı türkcəsinin tədrisini Türkiyənin keçmişinə sahib çıxması üçün atılan addım hesab edir.

Hətta ölkənin Baş naziri Əhməd Davudoğlu türk gəncinin öz tarixindən qoparıldığını və babalarının 100 il bundan əvvəl yazdıqlarını oxuya bilmədiyini qeyd etdi. Məsələyə tarixi yöndən baxdıqda Davudoğlunun burada haqlı olduğunu görmək olar.

CHP-nin hakim partiyanın tərəqqi, özlərinin isə cəhalət adlandırdığı Osmanlı türkcəsinin tədrisindən ehtiyat etməsinin başqa səbəbləri var. Belə ki, ana müxalifət Türkiyədə istifadə edilən latın qrafikasının tədricən ərəb əlifbası ilə əvəz ediləcəyindən ehtiyatlanır. Amma iqtidarın bu addımı atacağı əsla inandırıcı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti