Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda son parlament seçkiləri zamanı nisbətən aktivləşən müxalifət partiyaları seçkilərdən sonra yenə də passiv fəaliyyət dövrünə qayıdıblar. Bəzi müxalifət partiyaları ara-sıra bəyanatlar versələr də, ümumilikdə müxalifətin fəaliyyəti passiv olaraq qalır.
Bir sıra müxalifət partiyalarının rəhbərləri bu passivliyi müxalifət partiyalarının sosial və maddi bazasının olmaması ilə əlaqələndirsə də, bəziləri bu passivliyə görə hökuməti günahlandırır, iddia edirlər ki, hökumətin apardığı siyasət nəticəsində müxalifət bu vəziyyətə düşüb.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Trend-ə bildirib ki, müxalifət partiyaları öz passivliklərini, bacarıqsızlıqlarını ört-basdır etmək üçün bu cür iddialar səsləndirirlər.
O qeyd edib ki, müxalifət partiyalarının passivliyi birinci növbədə onların kifayət qədər kadr bazasının, sosial bazasının, elektoratının olmaması ilə əlaqədardır:
“Digər səbəb ondan ibarətdir ki, bu gün Yeni Azərbaycan Partiyasının, onun sədrinin apardığı daxili və xarici siyasətin nəticəsi olaraq, əhalinin 99.9 faizi bugünkü iqtidarı dəstəkləyir və görür ki, iqtidar ölkə üçün, xalq üçün bütün əhəmiyyətli proqramları, layihələri həyata keçirir. Xalq görür ki, iqtidar həm ölkə xaricində Azərbaycanın maraqlarını layiqincə təmsil edir, həm də ölkə daxilində ardıcıl islahatlar aparır”.
S.Novruzov bildirib ki, bu günə qədər müxalifət partiyaları ortaya hər hansı bir layihə, yazılı şəkildə hər hansı bir təklif qoymayıb:
“Yalnız ümumi qaydada mətbuatda çıxışlar ediblər. Heç bir fundamental əsaslanmaya və yaxud da faktlara, təhlilərə əsaslanan təkliflər ortaya qoymayıblar. Bu, dünyanın heç bir yerində qəbul olunmur, o cümlədən Azərbaycanda. Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarına, onların rəhbərlərinə xalq tərəfindən etimad yoxdur. Problem buradadır. Onlar da bu etimadın olmamasını bu və ya digər şəkildə pərdələmək istəyirlər”.
S.Novruzov bildirib ki, bu gün siyasi partiyaların bir çoxu ancaq qəzet səhifələrində fəaliyyət göstərir: “Nə partiya daxili demokratiya var, nə də islahatlar həyata keçirilir. Cəmiyyət də görür ki, bu partiyalarda effektivlik sıfıra bərabərdir, bir qrup özünü müxalifət adlandıran partiya xaricdən maliyyə alıb antiazərbaycan mövqeyindən çıxış etməklə, ölkə daxilində iğtişaşların yaradılmasına cəhd göstərməklə, o cümlədən Azərbaycan haqqında mənfi fikir formalaşdırılması üçün beynəlxalq təşkilatlara materiallar ötürməklə məşğuldur, bir qrup isə tamamilə passivdir, potensialı tükənmiş liderdir ki, artıq onlardan da nəsə gözləmək mümkün deyil. Bunu da müxalifət partiyaları başqa-başqa adlar altında gizlətməyə çalışırlar”.
Politoloq Qabil Huseyinli də hesab edir ki, bu gün müxalifətin çoxlu problemləri var. Onun sözlərinə görə, müxalifətin ən böyük nöqsanı ondan ibarətdir ki, öz aralarında dil tapa bilmirlər:
“Müxalifət pərakəndə və dağınıqdır. Müxalifət içərisində siyasi ambisiyalar baş alıb gedir. Hamı özünü birinci hesab edir, hamı özünü aparıcı lider hesab edir, hamı yerdə qalanların onun ətrafında toplaşmasını istəyir. Bu səbəbdən də müxalifətin siyasi inteqrasiyası, bir araya gəlməsi baş tutmur. Yəni müxalifətlə xalq arasında uçurum yaradan səbəblərdən də biri budur. Xalq içərisində “Müxalifət özü birləşə bilmirsə, xalqı necə birləşdirə bilər?!” tezisi geniş yayılıb”.
Q.Hüseynli vurğulayıb ki, müxalifətin problemlərinin içərisində əlbəttə ki, sosial baza məsələsi əsas yer tutur: “Yəni müxalifət xalqın içərisinə getməyi, onunla ünsiyyət qurmağı bir növ yadırğayıb. Müxalifət liderləri bununla bərabər mövcud siyasi hadisələrə qiymət vermək, mövqe bildirmək və bununla ictimai şüura təsir etmək kimi məsələlərdən də uzaqdırlar. Tək-tək müxalif partiya rəhbəri görərsən ki, mətbuat səhifələrində mövcud şəraiti obyektiv təhlil etməyə cəhd edir. Yəni müxalifət mətbuatı da yadırğayıb”.
Politoloq hesab edir ki, müxalifət bu və ya digər hadisələrə tənqidi və yaxud təsiredici münasibət bildirməlidir: “Yeri gələndə proqramlarla, təkliflərlə, bir növ ölkənin daxili və xarici siyasət məsələlərinə dair müxtəlif layihələrlə çıxış etməyi bacarmalıdır. Bu da təbii ki, bəlli bir intellektual səviyyə, intellektual potensial tələb edir. Bu cəhəti də müxalifətdə görmürük. Bir sözlə desək, bu gün Azərbaycanda hər hansı müxalifət partiyasının iqtidara gəlmək, dövləti idarə etmək qabiliyyəti yoxdur”.