...

Heydər Əliyev – Müasir və müstəqil Azərbaycanın banisi

Siyasət Materials 13 İyun 2020 09:25 (UTC +04:00)
Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideri. Nə qədər söz desək də Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.
Heydər Əliyev – Müasir və müstəqil Azərbaycanın banisi

Bakı. Trend:

Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideri. Nə qədər söz desək də Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü Azərbaycan dövlətinin xilası, dünya xəritəsindən silinməsinin qarşısının alınması və hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən bir gündür.

Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin də həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi törədilən zaman xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. O zaman ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

SSRİ-nin hələ də hökm sürdüyü bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış bir rejimə açıq şəkildə və özü də mərkəzində etiraz etmək sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq bu cəsarəti göstərdi, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi, bu yolda hətta canını belə əsirgəmədiyini ortaya qoydu.

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işləri əsasən iki mərhələyə bölmək olar: əldə edilmiş müstəqilliyin qorunub saxlanması, möhkəmlənməsi və müstəqil Azərbaycanın inkişaf dövrü.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir mərhələ idi. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin elə ilk illərindəcə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o vaxtki hakimiyyətin siyasi səriştəsizliyi nəinki müstəqilliyimizi yenidən itirmə təhlükəsi qarşısında qoymuşdu, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratmışdı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, “kreslo” davası ölkəmizi hər gün uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq əvəzinə bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda bir-birilərinə qarşı mübarizə aparırdılar. Ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yaranmışdı. Siyasi böhranla yanaşı ölkədə höküm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların sosial durumunun çətinliyi vəziyyəti hər gün daha da gərginləşdirirdi. Ölkə dərin xaos, anarxiya, çaşqınlıq içindəydi, artıq xalqın bu gündən sabaha ümidi, inamı qalmamışdı, nə edəcəyini bilmirdi.

Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə çıxmağa başladı. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitləşməsi, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı. Beləliklə, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı.

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

Yuxarıda qeyd olunanlar ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsi idi. Göründüyü kimi, müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq. Bir sözlə, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünki və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövlət, müstəqil Azərbaycanı miras qoydu.

Natiq Əliyev

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti