...

Müşfiq Cəfərov: Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir

Siyasət Materials 5 İyul 2020 11:30 (UTC +04:00)
Müşfiq Cəfərov: Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir

2020-ci ilin əvvəlindən dünya koronavirus COVID-19 adlı virusla savaşır. Lakin təəssüf ki, hələ də yer kürəsi bu təhlükədən birdəfəlik qurtulmağa nail olmayıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan vaxtdan etibarən infeksiyaya qarşı Azərbaycanda da ciddi tədbirlər görülməyə başlandı. COVID-19 virusunun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkə başçısının tapşırığı ilə ölkəmizdə zəruri qabaqlayıcı effektiv tədbirlər həyata keçirildi. Azərbaycanda pandemiyanın təsirinin azaldılması və onun miqyasının məhdudlaşdırılması istiqamətində atılan mühüm addımlar insanların sağlamlığının qorunması və kütləvi yoluxma hallarının qarşısını almaq üçündür. Mütəxəssislərin verdiyi rəyə əsasən, koronavirus xəstəliyinin uzunmüddətli bir proses olduğunu söyləyə bilərik. Bu səbəbdən də hazırda mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Vəziyyətin nəzarətə götürülməsi, virusun insanların sağlamlığına bura biləcəyi təsirin qarşısının alınması üçün dövlət orqanlarının çevik reaksiyası vətəndaş-dövlət həmrəyliyi əsas amildir. Azərbaycanda görülən işlərin əsas məqsədi hər cür kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdir. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Güclü səhiyyə infrastrukturu bu mərhələni uğurla başa vurmağı şərtləndirəcək olan əsas amildir:

"Hələ ilin əvvəlində verilən məlumatlara görə, COVID-19-un pandemiya elan edilməsi əslində insanlar üçün böyük məhdudiyyətlər yaradacaqdı. ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini hiss edən kimi özünü təcrid etməli idi. Yəni əsas vacib məsələ izolasiyadır.

Mart ayından başlayaraq ölkəmizdə Avropa ilə paralel mübarizə tədbirləri həyata keçirildi, məktəblər, metro, böyük ticarət mərkəzləri bağlandı. Hökumət tezliklə vəziyyəti təhlil etmək üçün mütəxəssislərdən ibarət komandalar yaratdı. Həmin mütəxəssislər müəyyən istiqamətlər üzrə işə başladı, bu istiqamətlər səhiyyə iqtisadiyyat, sosial təminat idi ki, bu sahələrdə zəruri tədbirlər həyata keçirildi. Karantin rejiminin, qadağaların tək bir məqsədi virusun sürətlə yayılmasının qarşısını almaq, zaman qazanmaq idi. Bu vaxt ərzində yeni modul tipli xəstəxanalar tikildi və tikiləməyə də davam edir. Yeni reanimasiya otaqları yaradıldı, xaricdən süni tənəffüs aparatları, tibbi avadanlıqları və dezinfeksiya məhsulları gətirildi. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıldı. Belə ki, martdan başlayaraq tətbiq edilən, karantin tədbirlərinin əsas məqsədi məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq, insanları daha çox məlumatlandırmaq, yeni davranış qaydalarını təbliğ etmək idi. Karantin rejimi virusa qalib gəlmir, sadəcə virusun yayılma sürətini azaldır ki, hazırlaşmaq üçün zaman qazanılsın. Məhz bunların nəticəsidir ki, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alındı".

Deputat qeyd edib ki, Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur. Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

"Ölkədə səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək, sosial proqramlar, pandemiya ilə mübarizəyə çəkilən xərclər.

Nəinki Azərbaycanda dünyada insanlar arasında belə bir fikir formalaşıb ki, belə bir xəstəlik yoxdur və bu sadəcə adi qripdir. Ümumi hesablamalara görə, dünya üzrə koronavirusdan ölüm halları 3,4 faiz təşkil edir. Müqayisə üçün qeyd edim ki, adi qripə yoluxanların cəmi 1 faizi həyatını itirir bu isə böyük fərqdir.

Dövlətlə bərabər hər bir vətəndaş üzərinə düşəni etsə, koronavirusla mübarizə çox effektiv olacaq. Hazırki çətin mərhələdə hər kəs tibbi maska taxmalı, ən azı bir metr məsafə saxlamalıdır. İndi dünyada dayanıqlı səhiyyə sisteminin əsasını qoymaq üçün zərurət yaranıb. Səhiyyə sisteminə əsaslı investisiya qoyulmalıdır.

Mən seçildiyim Gəncə şəhərindən bəhs etmək istərdim. Gəncədə mütəmadi olaraq dizinfeksiya işləri həyata keçirilir, həftə sonu isə daha geniş şəkildə tətbiq olunur. Hər bir bank qarşısında vətəndaşların gözləməsi üçün sosial məsafə gözlənilməklə oturacaqlar qoyulub. Şəhər icra başçısı və deputatlar , bələdiyyə sədrlərinin iştirakı ilə müntəzəm olaraq reydlər və maarifləndirmə işləri həyata keçirilir. Artıq insanlarımız tibbi maskadan daha çox istifadə etməyə, sosial məsafəni qorumağa çalışırlar. Bütün qapalı müəssisələrdə, ictimai nəqliyyatda, marketlərdə, ticarət mərkəzlərində tibbi maskadan istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, şəxsi gigiyenaya diqqət yetirilməsi xoş mənzərədir. Bu tədbirlər insanları virusa yoluxmadan ən azı 95 faiz qoruyur. Bu da çox təqdirəlayiq haldır.

Qarşıda yenə belə məhdudiyyətlər olacaq. Hesab edirəm ki, Azərbaycan xalqı yenə də bu məsələlərə çox ciddi yanaşacaq. Ancaq az da olsa, bəzən məsuliyyətsizlik hallarına da rast gəlinir. Biz qaydalara nə qədər çox ciddi riayət etsək, bu xəstəlik də tezliklə aradan qalxar və normal həyatımıza qayıda bilərik. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutdu. Təbii ki, hər bir dövlətin siyasətinin əsasını vətəndaş amili təşkil etməlidir.

Bu günə qədər və bundan sonra da əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Pandemiyaya qarşı mübarizədə uğurlarımız davamlı olacaq. Ümid edirəm ki, dövlət-vətəndaş həmrəyliyi ilə Azərbaycan pandemiya ilə mübarizədən ən az itkilərlə çıxacaq, insanlarımızın sağlamlığı yüksək səviyyədə qorunacaq.

Dünya ölkələri və beynəxalq qurumlar Azərbaycanın pandemiya sahəsindəki siyasətini dəstəkləyib nümunə kimi qiymətləndirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşləri Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti