...

Ermənistan ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb - Jalə Əhmədova

Siyasət Materials 17 Oktyabr 2020 16:28 (UTC +04:00)
Ermənistan ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb - Jalə Əhmədova

Bakı. Elçin Mehdiyev - Trend:

Döyüş meydanında məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğradı:

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib. Deputat bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi:

"Qürurla qeyd etməliyəm ki, vətəndaşlarımız yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, Şanlı Ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. Hər birimiz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstəririk.

Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcəkdir. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır. Faşist düşməndən fərqli olaraq, Azərbaycan tərəfi humanizm prinsipinə, beynəlxlq qanunvericiliyə və Cenevrə konvensiyasına hörmətlə yanaşır.

Hazırda Ermənistan ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq hökm sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında deyillər. Beləliklə, anlayırıq ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı həyata keçirilən hərbi cinayətlərin əsasında cəbhədə uğursuzluq, Azərbaycan Ordusunun zəfəri qarşısında acizlik dayanır.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamağa və cinayətkar erməni rəhbərliyinin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıram. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti