...

Azad olunmuş ərazilərdəki erməni vəhşiliyini bütün dünya gördü, bir UNESCO görmədi - TƏHLİL

Siyasət Materials 19 Fevral 2022 14:09 (UTC +04:00)
Beynəlxalq səyyahlar UNESCO-nun görməli və deməli olduğu məsələləri deyir, UNESCO isə susur
Azad olunmuş ərazilərdəki erməni vəhşiliyini bütün dünya gördü, bir UNESCO görmədi - TƏHLİL

Bakı. Trend:

Fevralın 16-da 20 ölkədən 30-dan çox dünyaşöhrətli beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər edib. Fevralın 18-dək davam edən səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyənləşdirən dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə həyata keçirilib. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayıb.

Şuşa ilə yaxından tanışlıqdan sonra beynəlxalq səyahətçilər Ağdamda da olub. Onlar Qarabağdan sonra Şərqi Zəngəzura səfər edib törədilmiş urbisidi öz gözləri ilə görüblər. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış olublar.

Fevralın 18-də isə Qarabağ və Şərqi Zəngəzura səfər etmiş tanınmış xarici səyyahlar mətbuat konfransı keçiriblər.

Əlcəzairdən olan səyyah Məhəmməd Vasim Allahi Trend-in suallarını cavablayarkən qeyd edib ki, onlar Qarabağda olarkən oranın fərqli və möhtəşəm mənzərəsi ilə yanaşı, törədilən dağıntıları müşahidə ediblər.

“ Eyni zamanda biz gördük ki, Azərbaycan höküməti həmin ərazilərdə yenidənqurma işləri aparır, dağıntılar bərpa olunur. Ümid edirəm ki, insanlar bərpadan sonra Qarabağa tezliklə qayıdar və sülh içində öz yurdlarında yaşamağa davam edərlər”, - deyə o əlavə edib

Italiyalı səyyah Nikola Korotella isə Trend-in suallarına cavab olaraq bildirib ki,azad olunan ərazilərdə dağıntıların miqyası genişdir. Lakin yenidən-qurma işlərinin bu qədər sürətli aparılması çox gözəldir.

“Mən dağıntıların miqyasından çox, oradakı bərpa-quruculuq işlərinə fokuslandım. Düzdü, biz dağıntıalrın şahidi olduq, amma bununla yanaşı yenidən-qurma işlərini də gördük. Bərpa işləri başa çatdıqdan sonra regionun necə gözəl olacağını təsəvvür etmək çox xoşdur. Mənim ölkəm sülhü dəstələyən bir ölkədir. Əminəm ki, qarşıda olan sülh prosesinin inkişafı italyan turistlərində diqqətini çəkəcək və onların buraya səyahət etməsi iki ölkə arasında əlaqələri möhkəmləndirəcək”, -deyə o qeyd edib.

Beynəlxalq səyyahların Azərbaycan ərazilərinə səfər etməsi və burada ermənilər tərəfindən törədilən vəhşilikləri, dağıntıları öz gözlərilə görməsi, səsləndirdikləri bəyanatlar uzun illərdir Azərbaycanın haqq səsinə cavab verməyən UNESCO üçün açıq mesajdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, UNESCO-nun Ermənistanın saxta iddiası əsasında missiya göndərmək niyyəti riyakarlıqdır. Uzun illərdir Azərbaycan ermənilər tərəfindən həm Ermənistanda, həm də işğal altında olan ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin dağıdılması, silinməsi istiqamətində məqsədyönlü iş aparıldığı barədə UNESCO-ya müraciət edərək, müvafiq missiyaların göndərilməsini və bu cinayətlərə son qoyulmasını tələb etdi. Amma təşkilat bütün bu müraciətləri qulaqardına vurdu və heç bir tədbir görmədi.

Müasir Ermənistan ərazisində mövcud olmuş və sonradan məhv edilmiş tarixi abidələrimiz - ARAŞDIRMA (FOTO)

Müasir Ermənistan ərazisində mövcud olmuş və sonradan məhv edilmiş tarixi abidələrimiz - ARAŞDIRMA (FOTO)

Bu gün isə bu ərazilərə gələn beynəlxalq səyyahlar UNESCO-nun görməli və deməli olduğu məsələləri deyirlər. UNESCO da onların açıqlamalarını görməzdən gəlmək əvəzinə düzgün qiymət verməyi bacarmalıdır.

Məsələni Trend-ə şərh edən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, ermənilər uzun illər ərzində həm indiki Ermənistan ərazisində, həm 30 il ərzində işğal altında saxladıqları tarixi Azərbaycan torpaqlarında Azərbaycanın milli-mədəni irsinin dağıdılması, yer üzündən silinməsi istiqamətində məqsədyönlü işlər aparıablar.

“Ermənilər tarixi saxtalaşdıraraq Azərbaycanın tarixi və mədəni abidələrini dağıdıblar. 20 faiz torpaqlarımızı işğal altında saxladıqları müddətdə ermənilər burada 67 məsciddən 65-ni tamamilə dağıdıb, iki məscidi isə söküb təhqir ediblər, orada heyvan saxlayıblar. Ermənilər tarixi saxtalaşdırmağa çalışaraq Alban dini abidələrini erməniləşdirməyə cəhd ediblər. Onlar işğal dövründə bütün maddi-mədəni irsimizi tamamilə məhv ediblər.

Azərbaycan bununla bağlı dəfələrlə UNESCO-ya müraciətlər edib, lakin bu mütraciətlər hər zaman qulaqardına vurulub, təşkilat guya - bu, siyasi məsələdir - deyərək məsuliyyəti boynundan atmağa çalışıb. Ancaq çox təəssüf ki, indi Ermənistanın saxta, qondarma iddialarına UNESCO operativ reaksiya verib və belə bir texniki missiyanın göndərilməsi ilə bağlı hazırlıq işlərinin aparıldığı qeyd edilib.

Bu gün UNESCO Ermənistanın saxta, qondarma iddiaları əsasında yox, ermənilər tərəfindən viran qoyulmuş ərazilərə səyahət edən beynəlxalq ekspertlərin, diplomatların, beynəlxalq səyyahların açıqlamalarına diqqət etməlidir. Əsl həqiqət onların sözlərində, müşahidələrindədir", - deyə deputat bildirib.

Politoloq Şəbnəm Həsənova isə Trend-in sualına cavabında qeyd edib ki, 30 il ərzində Azərbaycanın torpaqlarını bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal etməklə kifayətlənməyən Ermənistan xalqımızın milli-mənəvi abidələrini məhv etməklə o torpaqlardan izimizi birdəfəlik silmək məqsədi, çirkin amalı ilə məşğul idi.

“Cənab Prezident İlham Əliyev Ağdama ən son səfəri zamanı bildirdi ki, bu yerlərə baxanda insanın ürəyi ağrıyır. Niyə bəs UNESCO da öz missiyasına xidmət etmir, bunu unudub siyasi bəyanatlar verməklə, özünü Fransa XİN-in bir departamenti kimi aparıb, erməni maraqlarına xidmət etməklə məşğuldur? Sözügedən qurum Cenevrə konvensiyalarını, görünür, unudub”, - deyə politoloq bildirib.

O qeyd edib ki, UNESCO və onun nümayəndəsinin unutmalı olduğu məsələ konvensiyalar yox, "Dağlıq Qarabağ" dediyi ərazi vahididir.

“Yoxdur artıq belə bir bölgə, unudun! Erməni propoqandasına xidməti də unudun! Bu, sizin üstünlüyünüz yox, öhdəliyinizdir. İllərlə susan UNESCO müharibədən sonra Azərbaycanın viran qoyulmuş ərazilərinə səfər edən beynəlxalq səyyahların, diplomatların, ekspertlərin, jurnalistlərin bəyanatlarına, açıqlamalarına baxmalıdır. Həqiqət göz önündədir. UNESCO sanki qəflət yuxusundan indi ayılıb, o da tərs tərəfindən oyanıb, Azərbaycan xalqının bütün mədəni irsini yerlə bir edən Ermənistanın qondarma iddialarına operativ reaksiya göstərir. Bu, riyakarlıqdan başqa bir şey deyil”, - deyə polotoloq əlavə edib.

Trend İnformsiya Agentliyinin Siyasət Şöbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti