...

Prezident İlham Əliyevin Suqovuşana səfəri qələbəmizin geniş anlamda təzahürüdür - TƏHLİL

Siyasət Materials 21 Mart 2022 13:35 (UTC +04:00)
Prezident İlham Əliyevin Suqovuşana səfəri qələbəmizin geniş anlamda təzahürüdür - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Novruz bayramı ərəfəsində Tərtərin Suqovuşan qəsəbəsində olublar. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını təbrik edib.

Bununla bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Azər Badamov bildirib ki, xoşbəxtik ki, dövlətçilik tariximizə qalib xalq adını yaza bilmişik.

“44 günlük Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Azərbaycan bütövləşdi. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları bütövləşdi və Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut etdik. İşğaldan azad olunan ilk inzibati ərazimiz Suqovuşan olmuşdur. İşğaldan azad olunmuş ərazilərin toponimləri də Azərbaycanındır. Ona görə də işğaldan azd olunan kimi cənab Prezident Madağıza öz tarixi adını qaytararaq Suqovuşan adlandırıldı. Bu gün Suqovuşan Novruz bayramını qeyd edir. Bir il əvvəl Novruz bayramı tonqalı Şuşada yandırılmışdı. Gələn illərdə isə digər rayonlarımızda da tonqallar yandırılacaqdır. Bu, o deməkdir ki, biz qayıtmışıq və öz torpaqlarımızda milli-tarixi bayramlarımızı qeyd edirik”, - deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında güclü bir Azərbaycan var.

“Bugünkü Azərbaycan düşmənin hər bir təxribatına cavab vermək və onu məhv etmək iqtidarındadır. Bugünkü Azərbaycan heç kimin köməyi olmadan ermənilərin 30 ildə viran qoyduğu ərazilərini yenidən dirçəltmək və qaçqınlarını öz doğma yurdlarına qaytrarmaq gücündədir. Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza etdiyi hər bir səfər bu ərazilərə yeni ruh, dirçəliş gətirir. O cümlədən, Suqovuşana səfər çərçivəsində 35 kvoltluq yüksəkgərginlikli, müasir izolyasiyalı və mühafizəli kabel xərttinin təqdimatı oldu.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə qurulan elektrik şəbəkəsi ən müasir texnologiyalara əsaslanıb tikilir. Bu da həmin ərazilərdə şəbəkəni iqlimin təsirlərindən qorunaraq fasiləsiz elektriklə təmin olunmasına imkan verəcəkdir. Suqovuşanda öz yurdlarına qayıdacaq vətəndaşlarımız üçün ən müasir evlər tikilir. Yeni tikilən yaşayış məhəlləsindəki ilk ev də onu deməyimizə imkan verir ki, bu ərazilərdə yaradılacaq şərait və infrastruktur qayıdacaq insanların yaşayışını ən yüksək səviyyədə təmin edəcəkdir. İşğal olunmuş ərazilərimizdən qaçqın düşərək 30 il əziyyət çəkmiş vətəndaşlarımız ən müasir yerlərdə yaşamaq imkanını əldə edəcəklər. Bu ərazilərdə təhsil infrastrukturunun formalaşdırılması prioritetdir. Ona görə də Suqovuşan qəsəbəsinə insanlar qayıtmamış qəsəbədəki ikimərtəbəli orta məktəbin binasının əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır”, - deyə deputat bildirib.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdəki 67 məsciddən 63-ü ermənilər tərəfindən tamamilə dağıdılmışdır. “Bu məscidlərin yenidənqurma və bərpa işlərində Heydər Əliyev Fondu yaxından iştirak edir”, - deyə deputat bildirib.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizin müdafiə qabiliyyətinin artırılması üçün yeni hərbi hissələr yaradılır. “Bir müddət əvvəl cənab Prezident Hadrutda Komando ordu hərbi hissəsinin açılışını etmişdi. İndi isə Suqovuşanda N saylı hərbi hissəsinin açılışı oldu. Yenidən tikilən hərbi hissələrdə əsgər və zabitlərimizin yüksək səviyyədə xidmətinin təşkili üçün hər bir şərait yaradılır. Ordu quruculuğumuzun gücləndirilməsi gələcəkdə davam etdiriləcəkdir. Ordumuzun sialahlanmasına ən müasir silahlar qəbul olunur. Bu, o deməkdir ki, Azərbaycan Ordusunun gücü 44 günlük müharibədə nümayiş etdirdiyimizdən daha da çoxalmışdır. Bu məsələ ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından çox vacibdir və Ali Baş Komandanımızın daim diqqət mərkəzindədir”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizin böyük turizm potensialı mövcuddur. Bu potensialdan səmərəli istifadə olunması ölkəmizin iqtisadi gücünü artırır.

“Ona görə də cənab Prezident müvafiq quqruma bu ərazilərdə turizm marşrutlarının müəyyən olunması və infrastrukturun formalaşdırılması istiqamətində tapşırıqlarını vermişdir. Ölkə başçımızın Suqovuşana səfəri çərçivəsində bu ərazilərdə idmanın inkişafı ilə bağlı tapşırıqlar verir. Sevindirici haldır ki, Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplantısının rəsmi açılışı bu ərazilərin idman potensialının dirçəldilməsi istiqamətində atılan ilk addımlarımızdır.

Ümumiyyətlə, deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma və bərpa işləri kompleks şəkildə, planauyğun həyata keçirilir. İcra olunan layihələrin əhatə dairəsinin geniş olması və sürətlə aparılması bu ərazilərə tezliklə qayıdışımızın olacağından xəbər verir. Bəli, Azərbaycanın uzaqgörən dövlət başçısının şəxsən nəzarəti və tapşırıqları ilə bu ərazilər tezliklə ən müasir şəkildə yenidən qurularaq istifadəyə veriləcəkdir. Bütün bu işlərə xalq-iqtidar birliyi, milli həmrəyliyini möhkəmləndirən cənab Prezidentin rəhbərliyi altında nail olacağıq və bütün dünyaya müasir şəkildə yenidən qurulmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını təqdim etməklə Azərbaycanın gücünü və bu torpaqların azərbaycanlılara məxsus olduğunu bir daha göstərəcəyik. Çünki torpaq öz sahibində olanda çiçəklənir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Misayev isə Trend-in sualına cavabında qeyd edib ki, Prezident İlham Əliyevin Suqovuşana səfəri, bu müqəddəs torpaqlardan verdiyi mesajlar, xalqımızı Novruz bayramı münasibətilə təbrik etməsi, orada tonqal qalaması, görülən işlərlə tanış olması geniş anlamda və miqyasda Azərbaycan xalqının qələbəsini, əzmini, ruhunu və gələcəyə doğru inamını simvolizə edən bir prosesdir.

“Qalib xalqın Müzəffər Lideri öz mükəmməl nitqində növbəti prioritetləri açıqladı və bəyan etdi ki, hazırda əsas vəzifələrdən biri quruculuq işlərini sürətləndirmək və zamanında məcburi köçkün vəziyyətinə düşmüş dəyərli vətəndaşlarımızı öz əzəli torpaqlarına qovuşdurmaqdır. Proses isə gedir. Həm də intensiv gedir. Qarabağın siması həqiqətən dəyişir. Qarabağ gözəlləşir. Suqovuşanda gözəçarpan mənzərə də onu deməyə əsas verir ki, çox tezliklə insanlar doğma evlərinə qayıdacaqlar, bütün bayramları çoxdan bəri həsrətində olduqları yurdlarında keçirəcəklər.

Ulu Öndər hər zaman deyərdi ki, biz işğalla barışmayacağıq. Biz o torpaqlara qayıdıb yenidən məskunlaşacağıq. Biz bayramları nə zamansa yenə doğma Qarabağımızda keçirəcəyik. Heydər Əliyev bunu hər zaman əminliklə deyib, inanaraq deyib. Çünki bilirdi ki, yürütdüyü əsl Azərbaycançılıq siyasəti davam etsə, həmin nəticə və qələbə mütləq olacaq. Düşündüyü də reallaşdı. Cənab Prezident İlham Əliyev atasının həm arzusunu, həm də vəsiyyətini yerinə yetirdi, Azərbaycan xalqını qələbələrə doğru apardı, dövlətin ərazi bütövlüyünü təmin etdi. Qəhrəman əsgərlərimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənin başını əzdi, erməni ordusunu məhv etdi, darmadağın etdi, Qarabağımızı işğaldan azad etdi”, - deyə deputat bidirib.

O əlavə edib ki, Suqovuşanda hazırda böyük işlər görülür. Qəsəbədəki məktəbin əsaslı təmiri, iki mərtəbəli məscidin bünövrəsinin qoyulması, mükəmməl enerji infrastrukturunun qurulması, fərdi evlərin restovrasiyası, eyni zamanda inşası, yeni yolların çəkilməsi və sair proseslər bu qəbildəndir.

“Qarabağın gözəlləşməsi, dəyişməsi çox sevindiricidir. Qarabağın öz əzəli sahiblərinə yenidən qovuşması həqiqətən qürurvericidir. Bu bayram günündə bir daha müqəddəs şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm. Qarabağ torpaqlarının hər qarışında onların haqqı var. Ruhları şad olsun. Şad və rahat olsun. Çünki uğrunda vuruşduqları torpaqlar azaddır. Azərbaycan bütövdür!”, - deyə E.Musayev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti