...

Paşinyanın bəyanatları və sonrakı addımları arasında ziddiyyətlər artıq adi hala çevrilib - Azər Qarayev

Siyasət Materials 5 Sentyabr 2024 15:00 (UTC +04:00)
Paşinyanın bəyanatları və sonrakı addımları arasında ziddiyyətlər artıq adi hala çevrilib - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları və sonrakı addımları arasında ziddiyyətlər artıq bir çox siyasi təhlilçilər və beynəlxalq müşahidəçilər üçün adi hala çevrilib.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev bildirib ki, Paşinyan müxtəlif mövzular üzrə söylədiyi açıqlamalarla gerçək addımları arasında qeyri-uyğunluq, Ermənistanın daxili və xarici siyasətində qeyri-sabitliyə səbəb olur. Bu yanaşmanın ən bariz nümunələrindən biri isə Paşinyanın Azərbaycan Konstitusiyasına dair iddialarıdır.

"O, Azərbaycanın Ermənistan qarşı ərazi iddiaları olduğunu irəli sürsə də, Ermənistan Konstitusiyasında yer alan dəyişiklik təklifləri ilə bağlı verdiyi bəyanatlar bu fikirləri kölgədə qoyur. Nəticə etibarilə, bu iddialar reallığa uyğun olmayan və manipulyasiya məqsədli siyasi alət kimi görünür.

Paşinyanın Ermənistanın daxili və xarici siyasətini sülhə doğru yönəltdiyini iddia etsə də, reallıqda bu siyasətin Azərbaycanla yeni bir qarşıdurmaya zəmin hazırladığı aydın olur. Ermənistan cəmiyyətində mövcud olan revanşist təfəkkür hələ də canlıdır və bu təfəkkür, Paşinyanın manipulyativ ritorikası ilə dəstəklənir. Ermənistanın işğal dövründə olan ərazilərlə bağlı iddialarını saxlaması və Qarabağ ermənilərinin statusunu müzakirəyə açmaq istəyi regionda sülhün gələcəkdə də bərqərar olmasına mane olur", - deyə o, əlavə edib.

Politoloq əlavə edib ki, Ermənistanın müharibədə məğlub olduğu bir dövrdə, Paşinyanın mövcud vəziyyətdən çıxış yolu olaraq sülh çağırışları etməsi gözlənilən idi.

"Lakin bu sülh təkliflərinin arxasında dayanan niyyətlər şübhə doğurur. Azərbaycan cəmiyyətində belə bir fikir mövcuddur ki, Ermənistan, əslində, yeni müharibəyə hazırlıq üçün vaxt qazanmaq məqsədi güdür. Əgər bu belədirsə, Ermənistandakı hər hansı yeni təcavüz Ermənistanın öz dövlətçiliyi üçün də ciddi təhlükə yarada bilər.

Ermənistanın xarici yardımlar və maliyyə vəsaitləri ilə Qarabağ ermənilərini sosial olaraq dəstəklədiyi barədə bəyanatlar verilsə də, bu pulların böyük bir hissəsi reallıqda lazımi istiqamətlərə yönəldilmir. Qərbdən Ermənistana ayrılan maliyyə yardımları vəsaitlərin səhv idarə olunması səbəbindən öz məqsədinə çatmır və nəticədə Qarabağ erməniləri yenə də çətin sosial-məişət şəraitində qalırlar. Ermənistanın Qarabağ ermənilərinə olan yardımlarının siyasi manipulyasiya vasitəsinə çevrilməsi, Paşinyan hökumətinin əsas niyyətlərinin üzə çıxmasına səbəb olur. İrəvanın əsas məqsədi öz iqtisadi və hərbi potensialını gücləndirmək və beləliklə də, Azərbaycan qarşısında daha güclü mövqe tutmaqdır.

Samvel Şahramanyanın və digər keçmiş separatçı liderlərin Ermənistan daxilində fəaliyyəti də, İrəvanın Qarabağ ermənilərini siyasi bir vasitəyə çevirdiyini sübut edir. Paşinyanın “Ermənistanda bir hökumət var” deməsinə baxmayaraq, bu separatçı liderlər hələ də öz siyasi ambisiyalarını davam etdirir və Ermənistan hökumətinin dəstəyi ilə fəaliyyət göstərir.

Azərbaycanın isə mövqeyi aydındır. Rəsmi Bakı, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi və reinteqrasiya prosesinə qoşulması üçün hazır olduğunu dəfələrlə bəyan edib. Bu proses çərçivəsində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi tam təmin ediləcək və onlar Azərbaycanın digər vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar.

Ermənistanın daxili və xarici siyasətindəki bu ziddiyyətli yanaşmalar, ölkənin sülhə doğru gedən yolunda ciddi maneədir. Əgər Ermənistan regionda davamlı sülh istəyirsə, ilk növbədə öz siyasi ambisiyalarını və Azərbaycanla olan tarixi ziddiyyətləri kənara qoymalıdır. Yalnız bu halda regionda uzunmüddətli sabitlik bərqərar ola bilər", - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti