...

AB və Azərbaycan arasında Avropanın Yeni qonşuluq siyasəti çərçivəsində Fəaliyyət planı üzrə məsələlərin siyasi bloku tamamilə razılaşdırılıb

Siyasət Materials 18 İyul 2006 13:37 (UTC +04:00)
AB və Azərbaycan arasında Avropanın Yeni qonşuluq siyasəti çərçivəsində Fəaliyyət planı üzrə məsələlərin siyasi bloku tamamilə razılaşdırılıb

Avropanın Yeni qonşuluq siyasəti çərçivəsində Fəaliyyət planı üzrə Azərbaycan və Avropa Birliyi (AB) arasında keçirilmiş dünənki danışıqlar nəticə etibarilə səmərəli hesab oluna bilər. Bu barədə Trend ə eksklüziv olaraq, Azərbaycan və AB arasındakı məsləhətləşmələrin növbəti raundunun yekunlarını şərh edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, məlum olduğu kimi, Fəaliyyət planı çərçivəsində AB ilə üç blok məsələ müzakirə edilir: bunlar siyasi dialoq, iqtisadiyyatla bağlı məsələlər, energetika sahəsi və s. də daxil olmaqla, iqtisadiyyatın ayrı-ayrı sektorları ilə bağlı ayrıca blokdur. Diplomat qeyd edib ki, siyasi blok üzrə dünənki danışıqlar kifayət qədər uğurlu olub. Tərəflər bu blok üzrə müzakirələri, demək olar ki, tamamlayıblar və Azərbaycan tərəfinin sənədin bu hissəsinə aid təklifləri AB-dən olan həmkarları tərəfindən qəbul olunub.

İqtisadi bloka gəlincə isə, tərəflər məsləhətləşmələri davam etdirməlidirlər. "Bu istiqamətdə iş diplomatik kanallar səviyyəsində davam etdiriləcək, lakin yeni görüş keçirməyə ehtiyac duyularsa, o zaman hər şey AB ilə müəyyənləşdiriləcək", - deyə M.Məmmədquliyev xəbər verib.

Nazir müavininin fikrincə, bu ilin sonuna qədər Fəaliyyət planı təsdiqlənə bilər.

Xatırladaq ki, iyulun 17-də Bakıda Avropanın qonşuluq siyasəti (EPS) çərçivəsində Fəaliyyət planı üzrə AB və Azərbaycan arasında danışıqların üçüncü raundu baş tutub. AB missiyasına danışıqlarda Avropa komissiyasının xarici əlaqələr üzrə Baş direktoratluğunun baş direktor müavini Fokion Fotiadis (Fokion Fotiadis), Azərbaycan tərəfinə isə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edib.

Xəbər lenti

Xəbər lenti