...

Azərbaycanda magistraturanın boş qalan plan yerlərinə qəbul aparılacaq

Cəmiyyət Materials 28 İyul 2010 11:50 (UTC +04:00)
Azərbaycanda magistraturanın boş qalan plan yerlərinə qəbul aparılacaq.
Azərbaycanda magistraturanın boş qalan plan yerlərinə qəbul aparılacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda magistraturanın boş qalan plan yerlərinə qəbul aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 29-dan avqustun 5-nə qədər TQDK-nin internet-səhifəsində seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidir.

Qəbul 2010-cu il mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılacaq. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar.

Müsabiqədə iştirak etmək üçün bakalavrın ikimərhələli imtahanda topladığı ümumi bal (balların cəmi) 75-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (bəzi proqramlar üzrə  80-dən), o cümlədən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavabdan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılırlar.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

- ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal;

- bakalavriat səviyyəsi üzrə orta qiymət balı;

- ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

- xarici dil üzrə testdən toplanılan bal.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komissiyası tərəfindən 2010-cu il iyulun 28-dən iyulun 30-dək baxılacaq.

Xəbər lenti

Xəbər lenti