Azərbaycan, Bakı, 20 may /Trend/
Cümə günü Azərbaycan Diplomatik Akademiyasının (ADA) Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə ilk Magistratura Proqramının (MADİA) məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Aklademiyadan Trend-ə verilən məlumata görə, İçərişəhərin "Kiçik Karvansaray" mərkəzində baş tutan tədbirdə dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak edib.
İlk olaraq tədbirdə xarici işlər Nazirinin müavini və ADA-nın rektoru Hafiz Paşayev, Akademiyanın professor-müəllim heyəti səhnəyə dəvət olunublar. MADİA proqramında təhsil alan Azərbaycan, Çexiya, Keniya, Rusiya, Pakistan və Meksikadan olan tələbələr hərbi orkestrin müşayiəti ilə öz dövlət bayraqlarını səhnəyə çıxardıblar. Daha sonra Azərbaycanın Milli Himni səsləndirilib.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev qeyd edib ki, bu gün diplomatiya və beynalxalq münasibətlər sahəsində professional və vətənpərvər kadırların yetişdirilməsi, Azərbaycanda insan kapitalının inkişafında irəliyə daha bir uğurlu addım atıldı. "Mən ADA-nın və onun Azərbaycan üçün əhəmiyyətini anlayan hökumətinin daxilində və xaricidə olan bütün həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm. Lakin bizim işimizə əsas dəstək Prezident İlham Əliyevdən gəlir. Bu gün şahid olduğumuz təhsil konsepsiyası onun məsləhət və dəstəyi olmadan baş tuta bilməzdi. Yaxın keçmişə nəzər salsaq, demək olar ki, ADA-nın inkişafı bütün ölkənin ümumi inkişafının, Azərbaycanın regional liderə transformasiyasının simvolik göstəricisidir", - o deyib.
Paşayev ADA-nın uğurlu tədris modelinin xaricdə də tanındığını, 61 xarici ölkədən akademiyada təhsil almaq üçün ərizələrin daxil olduğunu qeyd edib.
Mərasimdə Diplomatik Akademiyanın birinci kurs tələbələrinin məzun yoldaşlarına həsr etdikləri sənədli film nümayiş olunub. Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov öz çıxışında bildirib ki, ADA onunla bağlı ümidləri tam doğruldur, yeni nəsil professional diplomatların yetişdirilməsinə ciddi töhfə verir.
Tədbirin sonunda Azərbaycan Diplomatik Akademiyasının ilk magistr tələbələrinə rektor Hafiz Paşayev tərəfindən diplomlar təqdim olunub.
ADA-nın MADİA proqramında Azərbaycanla yanaşı, 5 xarici ölkənin tələbələri də təhsil alıb. Magistrlar ikiillik təhsil müddətində Azərbaycanın regionlarına, Gürcüstan, Çexiya, Norveçə və Özbəkistana akademik səfərlər ediblər. Eyni zamanda, tələbə mübadiləsi çərçivəsində iki tələbə Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzində 1 semestr kurslara cəlb olunub. Tələbələr bir çox ictimai layihələrə də dəstək veriblər.