Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanda "surroqat ana" məsələsi qanunvericiliyə daxil edilməyəcək. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hazırlanan "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsinə əvvəlcə "surroqat ana" məsələsi salınsada, bu məsələ artıq qanun layihəsindən çıxarılıb.
"Dünyada "Surroqat ana" məsələsi tibbi problemdən daha çox hüquqi məsələdir", - Quliyev deyib. Onun sözlərinə görə, ABŞ-da "surroqat ana" statusu 50 ilə yaxındır qanunla təsbit edilsə də, məsələ ilə bağlı on minlərlə şikayətlər olub.
Quliyev deyib ki, problemlər surroqat ananın statusu, analıq dövründə surroqat ananın aldığı xəsarətin kompensasiyası, yarana bilən əlillik məsələsi ilə bağlı olur, həmçinin surroqat ana körpəni 9 ay bətnində gəzdirdikdən sonra hüquqi valideynə vermək istəmir, bununla da çəkişmələr yaranır.
"Bütün bu problemləri nəzərə alaraq, biz Azərbaycan qanunvericiliyinə nəzərdə tutulan "surroqat ana" məsələsini daxil etmədik. Azərbaycanda "surroqat ana" institutu olmayacaq və buna icazə verilməyəcək", - millət vəkili vurğulayıb.
Quliyev bildirib ki, "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsinin Parlamentin payız sessiyasında müzakirə olunacağı gözlənilir.
Surroqat analıq - qadının ona bioloji yad olan körpəyə hamilə qalmaq, onu bətnində böyütmək və doğmaq üçün könüllü razılıq verdikdə tətbiq olunan yardımçı reproduktiv texnologiyadır. Doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır.