...

Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2011 14:51 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda çərşənbə axşamı XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda çərşənbə axşamı XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib. Trend-in məlumatına görə, Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Aida İmanquliyevanın XX əsr Azərbaycan elminin ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.

Baxşəliyeva bildirib ki, Aida xanım Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçidən institutun direktoru vəzifəsinədək yüksəlib. Bu illər ərzində Aida İmanquliyeva Azərbaycan elminin inkişafında çox böyük xidmətlər göstərib.

Millət vəkilinin sözlərinə görə, Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatının öyrənilməsi sahəsində bir məktəb yaradıb. O, Azərbaycanda ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub. Aida İmanquliyevanın yaradıcılığının əsas ana xətti Məchər-ərəb ədəbiyyatının tədqiq edilməsi olub. Onun əsərləri ərəb aləmində geniş yayılıb.

Baxşəliyeva xatırladıb ki, Aida xanım həm də Bakı Dövlət Universitetində ərəb dili fənnini tədris edib. Onun öz tələbələri arasında çox böyük nüfuzu olub.

"Aida İmanqiliyevanın tədqiqatları metodologiyası ilə də fərqlənirdi. Sovet dövründə elmi metodologiya marksist, leninizm metodologiyasına əsaslansa da, Aidə xanımın metodologiyası ümumbəşəri dəyərlərə söykənirdi. Aida İmanqiliyeva elmi tədqiqatları sayəsində öz dövrünü bir neçə il qabaqlayaraq belə nəticəyə gəldi ki, Şərqlə Qərbin əməkdaşlığı ümumbəşəri dəyər zəminində tamamilə mümkündür. Bu təsir nəticəsində yeni-yeni ecazkar sənət nümunələri yaratmaq olar", - institut direktoru deyib.

Şərşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov isə 20 ildən də çox müddətdə Aida xanımla işlədiyini bildirib.

Onun sözlərinə görə, Şərqşünaslıq İnstitutunun yetirməsi olan Aida İmanquliyevanın elmi fəaliyyəti 1970-ci ildən başlayaraq, ömrünün sonunadək bu institutla bağlı olub. O, demək olar ki, əsərlərinin hamısını bu institutda yazıb.

1976-cı ildən sonra Aida xanımın Şərqşünaslıq İnstitutunda yaradılmış ərəb filologiyası şöbəsinə rəhbər təyin edildiyini vurğulayan Cəfərov bu institutda yaradılan əsərlərin çoxunun onun xatirəsinə həsr edildiyini bildirib.

Cəfərovun sözlərinə görə, Azərbaycanda ərəb ədəbiyyatının öyrənilməsində Aida xanımın xüsusi rolu olub. O, ərəb ədəbiyyatının ən geniş, məhsuldar, amma işlənilməmiş dövrünü tədqiq edib.

Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsinin müdiri Xalidə Quliyeva isə Aida xanımın əsərlərini ümumbəşəri dəyərlər əsasında araşdırdığını qeyd edib. Onun sözlərinə görə, Aida xanımın əsas məqsədlərindən biri də milli ədəbiyyatı dünya ədəbiyyatına inteqrasiya etmək olub.

Tədbirdə Aida İmanquliyevanın xatirəsində həsr edilmiş "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" kitabının təqdimatı olub. Kitabın müəllifi Aida İmanquliyevanın dissertantı olmuş Fazil Abbasovdur. Tədbirdə çıxış edən Abbasov bu kitabı hələ Aida İmanquliyevanın sağlığında yazmağa başladığını deyib. Müəllif yazdığı əsərin mövzusunun ona Aida xanım tərəfindən tapşırıldığını, elmi rəhbərinin bu mövzuya çox böyük maraq göstərdiyini də bildirib.

Xəbər lenti

Xəbər lenti