...

Taleyin ümidinə buraxılan gələcək (I HİSSƏ)

Cəmiyyət Materials 19 Oktyabr 2011 10:03 (UTC +04:00)
50 manatlıq telefon oğurluğuna görə 5 illik cəza
Taleyin ümidinə buraxılan gələcək (I HİSSƏ)

Könül Zərbalıyeva

17 yaşlı Məhəmməd (ad şərtidir) mobil telefon oğurluğuna görə 5 il azadlıqdan məhrum edilib və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan 28 uşaqdan biridir. Azadlığa çıxmasına isə hələ 4 ilə yaxın vaxt var. Amma o da digər məhkum həmyaşıdları kimi bircə şey arzusundadır - "Azadlığa çıxmaq istəyirəm. Azadlıqda buradan fərqli olaraq ürəyim istəyini edə bilirəm", - Məhəmməd deyir.

O, ötən il həmyaşıdları Ramin və Coşquna qarşı soyğunçuluq edərək onlardan birinin mobil telefonunu ələ keçirdiyi üçün saxlanılıb və barəsində həbs qərarı çıxarılıb. O zaman 16 yaşı olan Məhəmməd Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 5 ilə endirib.

Uşaq Hüquqları Klinikası Məhəmmədi uşaq hüquqlarını yaxşı bilən vəkillə təmin edib və onun hüquqlarının məhkəmədə müdafiə olunması üçün vəkillə müqavilə bağlanıb.

Klinika məhkəməyə Məhəmməd Miriyevin alternativ tədbirlərə yönəldilməsi ilə bağlı məktub təqdim edib. Amma Məhəmmədin alternativ tədbirlərə yönəldilməsi barədə qərar çıxarılmasına nail ola bilməyib.

Məhəmmədin törətdiyi hüquq pozuntusu zamanı zərərçəkmiş uşaqların həyatına heç bir ziyan dəyməyib. Məhkəmə 50 manatlıq dəyəri olan telefona görə 16 yaşlı yeniyetməni 8 illik cəzaya məhkum edib. Bununla da uşaq hüquqları haqqında qanunvericiliyin və Azərbaycanın da qoşulduğu Uşaq hüquqları konvensiyasının tələblərini pozub.

Nə yazıq ki, Məhəmməd tək deyil. Kiçikli-böyüklü səhvləri ilə taleyinin səmtini dəyişən o qədər yeniyetmə var ki...

Ailə tərbiyəsi görməyənlər...

Elə təkcə uşaq tərbiyə müəssisəsində günahı ilə taleyinin səmtini dəyişən 28 yeniyetmə var. Müəssisədəki uşaqların ən kiçiyi 15, ən böyüyü isə 18 yaşındadır.

Dəstə rəisi Amil Aslanov deyir ki, uşaqlar arasında ağır cinayətlərə görə məhkum olunanlar daha çoxdur.

"Bu uşaqlar arasında normal ailədən çıxanlar da var. Amma valideynlərindən biri olmayan, maddi sıxıntısı olan ailələrdən olanlar, ailə tərbiyəsi görməyənlər çoxdur", - Aslanov bildirib.

Dəstə rəisinin fikrincə, uşaqlar törətdiyi cinayətlərin təhlükəlilik dərəcəsindən, məsuliyyətə cəlb ediləcəklərindən məlumatsızdırlar. Bu səbəbdən də o, məktəblərdə şagirdlər arasında maarifləndirici iş aparmağı vacib sayır.

Qanun hansı halda uşaqların azadlıqdan məhrum edilməsini mümkün sayır?

Azərbaycanın Cinayət Məcəlləsinə görə, uşaqlar 16 yaşından cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin ağır cinayətlərdə uşaqlar üçün cinayət məsuliyyəti 14 yaşdan başlayır.
14 yaşı tamam olmuş uşaqlar qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, hədə-qorxu ilə tələb etməyə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silah, döyüş sursatı, partlayıcı qurğuları talamağa və ya hədə qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu yolu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız hala salmağa görə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Azərbaycanda qeydə alınan cinayətlərin 4 faizi uşaqlar tərəfindən törədilir

Rəsmi statistikaya görə, Azərbaycanda qeydə alınan cinayətlərin 4 faizini uşaqların törətdikləri cinayətlər təşkil edir.

Azərbaycanda uşaqlar arasında cinayətkarlığın vəziyyətinin stabil olduğunu deyən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev uzun illərdir respublikada bu tendensiyanın gözlənildiyini qeyd edib.

2005-ci ildə respublikada uşaqlar tərəfindən 618 cinayət qeydə alınmışdısa, ötən il bu göstərici 481 təşkil edib. Azərbaycanda bu sahədəki vəziyyəti postsovet ölkələri ilə müqayisə edən şöbə rəisi bildirib ki, ölkəmizlə müqayisədə Rusiyada hər 100 min əhaliyə düşən cinayətlərin sayı 10, Ukraynada 7.5, Belarusda 9, Tacikistanda 2 dəfə çoxdur.

İmamverdiyevin sözlərinə görə, cinayət hadisələrində iştirak edən uşaqların sayı 15 nəfər artıb. Ötən ilin 6 ayında cinayətlərdə iştirak edən 218, bu ilin müvafiq dövründə isə 233 uşaq müəyyən edilib. Respublikada bu ilin 6 ayı ərzində uşaqlar tərəfindən və onların iştirakı ilə törədilən cinayətlərin sayı 15 fakt çoxalıb.

Cinayət törədən uşaqların əksəriyyətinin 16-17 yaş kateqoriyasında olduğunu deyən şöbə rəisinin sözlərinə görə, bu ilin birinci yarısında cinayət törədən uşaqlardan 53 nəfəri 14-15, 180 nəfəri isə 16-17 yaşlılar olub. Qeydə alınan cinayətlərin əksəriyyəti isə əmlak cinayətləri - oğurluq və şəxsiyyət əleyhinə olan cinayətlər - xəsarət yetirmə, döymə və digər cinayətlərdir. Uşaqlar tərəfindən törədilən cinayətlərin 60-65 faizi, bəzən 70 faizi əmlak xarakterli cinayətlərdir.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov isə qeydə alınan cinayətlərin 4 faizinin uşaqlar tərəfindən törədilən cinayətlər olması barədə göstəricinin reallığı əks etdirmədiyi qənaətindədir.

"Rəsmi statistika polis şöbələrinə daxil olan müraciətlər və qeydə alınan cinayətlər əsasında aparılır. Çox hallarda hüquq pozuntusuna yol verən uşaqların statistikası aparılmır. Bir çox hallarda uşaqlar tərəfindən işlənilən cinayətlər valideynlər və müəllimlər tərəfindən gizlədilir. Bu, həmin insanların maraqlarına cavab vermir. Çünki heç kəs istəmir ki, qapısına polis gəlsin", - Seyidov deyib.

Onun sözlərinə görə, uşaq müdafiə sisteminin düzgün təşkil edildiyi ölkələrdə bu sahədəki statistika daha düzgün hazırlanır. Azərbaycanda uşaq müdafiə sisteminin günün tələblərinə cavab vermədiyini deyən ekspertin sözlərinə görə, rayon, şəhər icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar və qəyyumçuluq, himayəçilik orqanlarının fəaliyyətləri bu gün uşaqlarla keyfiyyətli iş aparmağa imkan vermir.
"Bu günün uşağının informasiyaya çıxış imkanı genişdir. Bunun qarşılığında həmin orqanların 2 nəfər işçisinin otaqda oturmaqla hansısa bir rayonda 20 min uşağa xidmət göstərməsi qeyri-mümkündür. Əgər biz müasirləşən uşağın qarşısına müasir metodlarla çıxa bilmiriksə, deməli, uşaq cinayətkarlığına, onların zorakılığa məruz qalmasına, internatlara düşməsinə, küçə həyatına düşməsinə uduzuruq. Qəyyumluq, himayəçilik orqanlarının və yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların islahatlara ehtiyacı var. Onların fəaliyyəti müasir dövrün tələblərinə uyğun təşkil olunmalıdır", - Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi bildirib.

Uşaqlar arasında cinayətkarlığın səbəbləri

Ekspertlər Azərbaycanda uşaq cinayətkarlığının səbəblərindən biri kimi sosial problemləri göstərirlər.

Nabil Seyidov hesab edir ki, ailələrin maddi durumu, ailədəki sosial çətinliklər valideynlərin övladlarına lazımi diqqət, qayğı göstərməsinə, onların düzgün tərbiyə olunmasına imkan vermir. Diqqətdən, qayğıdan kənar qalan uşaqlar kənar təsirlərə tez düşür, kriminal qruplaşmalara qoşulurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edir ki, uşaq hüquqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Onun sözlərinə görə, əsas problemlər küçə uşaqları, uşaq evlərindən çıxan uşaqların üzləşdikləri çətinliklərin, o cümlədən məşğulluq və yaşayış yeri ilə təmin olunma problemlərinin həlli, erkən nikahların nəticəsi kimi bəzi məktəb yaşlı qızların təhsildən kənarda qalması, ailə daxilində uşaqlara qarşı şiddət halları və s. ilə bağlıdır.

Azərbaycanda küçə uşaqları probleminin olduğunu və həmin uşaqların yerli icra hakimiyyətləri tərəfindən müvafiq internatlara yerləşdirilməsi prosesinin həyata keçirildiyini deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Seymur Məmmədov bu məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb.

Belə bir fikir formalaşıb ki, internatdan çıxan uşaqlar risk qrupuna aiddir və bu uşaqların sosial problemləri vaxtında həllini tapmazsa, onların hüquq pozuntularının, cinayatlərin iştirakçısına çevrilməsi daha real görünür.

Komitə bu problemdən əsas çıxış yolu kimi 18 yaşına çatmış uşağın internatdan çıxarkən onun müvafiq peşə ilə və cəmiyyətə inteqrasiyasının təmin edilməsində görür.

"İnternatı tərk etmiş uşaq işsizlikdən əziyyət çəkir və onun müvafiq peşəyə sahib olması və sığınacaqla təmin olunması, ən əsası isə cəmiyyətə uyğunlaşması ciddi problem olaraq qalır.

Bunun nəticəsidir ki, həmin uşaqlar qəsdən və ya ehtiyatsızlıqdan cinayətkarlığın qurbanına çevrilirlər. Problemin həlli məqsədilə bu sahədə dövlətin müvafiq mexanizmi hazırlanmalı, uşaqlar arasında məlumatlandırma kampaniyası aparılmalı, KİV-də uşaqların cinayət törətməsinin qarşısının alınması üçün reklam çarxları hazırlanmalıdır", - baş məsləhətçi vurğulayıb.

Uşaq cinayətkarlığını yaradan səbəblərdən biri kimi uşaqların mobil telefondan, internetdən səmərəsiz istifadəsini göstərən Nabil Seyidov hesab edir ki, əgər yaxın illər üçün bu istiqamətdə ciddi addımlar atmasaq, bir neçə ildən sonra mobil telefon və internetlə bağlı böyük problemlərlə üz-üzə qalacağıq.

"Uşaqların zorakılığı təbliğ edən oyunlar oynaması, televiziyalarda zorakılığı təbliğ edən filimlərə baxması uşaqların psixi inkişafında gərginlik yaradır. İnternetdə adam öldürməklə bağlı oyunlar oynayan uşaq üçün insan öldürmək adi bir hala çevrilir. O, qana, zorakılığa öyrəşir", - Seyidov deyir.

Təhsil müəssisələrində uşaq psixoloqlarının zəif fəaliyyətinə diqqəti yönəldən ekspert bildirib ki, onların əksəriyyətinin fəaliyyəti günün tələblərinə cavab vermir. Məktəb psixoloqu qismində təsadüfi adamlar işə götürülür. Həmçinin, Azərbaycan ailəsinin psixoloqa müraciət etməsi ilə bağlı problemlərin olduğunu deyən Seyidov bildirib ki, psixoloqa müraciət olunması yanlış qəbul olunur və bir çox ailələr hesab edir ki, yalnız dəlilər psixoloqa müraciət edirlər.

"Cəmiyyətdə belə qəbul edirlər ki, psixoloqa ancaq dəlilər müraciət edir. Bunun nəticəsində də uşaqların psixoloji durumunu öyrənə bilmirik. Psixoloq uşaqların arasında olmalıdır, müşahidələr aparmalıdır, qrup və fərdi terapiyalar tətbiq etməklə hər bir uşağın psixoloji durumunu öyrənməlidir", - o deyib.

Ekspert valideyn-müəllim əməkdaşlığının çox zəif olduğunu və bunun nəticəsində də valideynlərin uşaqlarının təhsil həyatından kənarda qaldığını deyir. Uşaq cinayətkarlığını yaradan səbəblər sırasında uşaqların hüquqi məsuliyyətini dərk etməməsini də ekspert vacib amil kimi qeyd edir.

"Son illər uşaqlar arasında terrorla bağlı hüquq-mühafizə orqanlarına yalan məlumatlar vermək çox yayılmışdı. Bu uşaqların əksəriyyəti həmin cinayətin ağırlığından, onun hansı hüquqi nəticələr doğurduğundan xəbərsiz idi", - ekspert deyib.

Uşaq cinayətkarlığını yaradan səbəblər sırasında məişət zorakılığının ön sıralarda yer aldığını deyən Seyidov qeyd edib ki, ailələrdə və cəmiyyətdə uşaqlara qarşı zorakılıq halları yayılıb.

"Valideynlər hesab edirlər ki, uşağa fiziki qüvvə tətbiq etmək, döymək zorakılıqdır. Onlar psixoloji, cinsi zorakılığı qəbul etmirlər. Bu zorakılıq nəticəsində qəddarlaşan uşaq aqressiv olur, cinayətə meyilli olur", - o deyib.

DİN rəsmisi İmamverdiyev Azərbaycanda uşaqların cinayət törətməsinin başlıca səbəbi kimi ailə və təhsil müəssisələrinin uşaqlar üzərində nəzarətsizliyi və baxımsızlığını göstərir. Onun sözlərinə görə, cinayət törədən uşaqların 60-70 faizini işləməyən, oxumayan uşaqlar təşkil edir.

İmamverdiyev deyir ki, uşaqlar arasında cinayətkarlığın azaldılması məqsədilə daxili işlər orqanlarının əməkdaşları ailə və təhsil müəssisələri ilə birgə iş aparırlar.

Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti, psixoloq Elmira Mirzəyeva son illər uşaqların aqressivləşməsindən narahatlığını bildirib və qeyd edib ki, bu aqressivlik sonda hansısa cinayətlərin baş verməsi ilə nəticələnir.

Psixoloq deyir ki, uşağın formalaşmasında onun yaşadığı sosial mühitin rolu güclüdür. Yeniyetmə özünü təsdiq edə bilməyəndə, həyatdan gözlədiklərini ala bilməyəndə, onun xoş amalını ətrafındakılar düzgün başa düşməyəndə aqressivləşir.

Bir çox ailələrdə uşaqlara qarşı güclü qadağaların olduğunu deyən Mirzəyevanın sözlərinə görə, uşaqlıq dövründə yeniyetmələr bu qadağalara tabe olsalar da, yeniyetməlik dövründə həmin qadağalara tabe olmurlar.

"Valideynlər və uşaqların ətrafındakı insanlar onlara qarşı daha diqqətli və anlayışlı olmalıdırlar. Yeniyetmənin ətrafındakı insanlar ona öz yerini tapmaqda kömək etməlidir, nəinki onlara müxtəlif komplekslər aşılamalı, yerli-yersiz irad tutmalı, danlamalı, qadağalar qoymalıdır", - o deyib.

Uşaqların törətdikləri cinayətə görə qanunun verdiyi cəzanın müddəti bəllidir - 5-10 il. Lakin bu cəza sisteminin onların mənəviyyatına, düşüncəsinə vurduğu zərərdən isə bütün ömürləri boyu xilas ola bilmirlər. Bəs nə etməli, çıxış yolunu harada axtarmalı?

(ardı var)

Material UNİCEF və Trend İnformasiya Agentliyi birgə layihəsi əsasında hazırlanıb

Xəbər lenti

Xəbər lenti