...

Azərbaycanda məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılır

Cəmiyyət Materials 21 Dekabr 2011 10:26 (UTC +04:00)
Azərbaycan hökuməti "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları"nı təsdiq edib.
Azərbaycanda məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılır

Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları"nı təsdiq edib. Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır və aparılır.

Sənəddə qeyd olunur ki, dövlət orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları Komitəyə təqdim etməlidirlər.

Məlumat bankı həm kağız üzərində, həm də xüsusi proqram təminatı vasitəsilə elektron formada aparılır.

Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, bu hallarla bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər barədə məlumatlar, məhkəmə qərarları toplanacaq.

Burada, həmçinin valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri və onların fəaliyyəti barədə məlumatlar toplanacaq.

Qaydalarda məlumatları məlumat bankına göndərəcək dövlət qurumları da göstərilib. Bu siyahıya cinayət təqibi orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları və yardım mərkəzləri daxil edilib.

Məlumatlar dəqiqləşdirildikdən sonra 10 gün müddətində məlumat bankına göndərilir.

Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı Komitə tərəfindən təmin edilir.

Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.

Xəbər lenti

Xəbər lenti