...

Həcc mövsümünə dair Azərbaycanla Səudiyyə Ərəbistanı arasında protokol imzalanıb

Cəmiyyət Materials 4 Aprel 2012 09:07 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdədir.
Həcc mövsümünə dair Azərbaycanla Səudiyyə Ərəbistanı arasında protokol imzalanıb

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdədir.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 1-dən başlayan səfəri müddətində Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirilib.

Aprelin 2-də Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə krallığı Həcc nazirinin Həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşüb.
Görüşdə ötən ilin Həcc mərasimləri ilə baglı yekunlardan danışılıb, Səudiyyə tərəfinin təşkilati hazırlığı, Azərbaycan Həcc missiyasının fəaliyyətindən razılıq ifadə olunub.
Habelə zəvvarlarımızın müqəddəs məkanlara builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanlı zəvvarların bu ilki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi, ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilmələri ilə baglı digər məsələlər müzakirə edililib.

Növbəti Həcc mövsümünə dair Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanıb.

Aprelin 3-də QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətini Ciddə şəhərində Səudiyyə Ərəbistanının Həcc naziri doktor Bəndər bin Məhəmməd qəbul edib.

Paşazadə nazirlə keçirdiyi ilk görüşdə onu yaxınlarda bu vəzifəyə təyinat alması münasibətilə təbrik edib, ölkələrimiz arasında mənəvi əlaqələrin genişləndirilməsi istiqamətində qarşıdakı fəaliyyətinə uğurlar diləyib. Şeyxülislam Azərbaycanın dövlət başçısının salamlarını və ən xoş arzularını kral həzrətlərinə yetirməyi səudiyyəli nazirdən rica edib.
Nazir Bəndər bin Məhəmməd, öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadədən Səudiyyə kralının salamlarını Azərbaycanın dövlət rəhbərinə çatdirmagı xahiş edib.

Səfər çərçivəsində QMİ sədri mənzil-qərargahı Ciddədə yerləşən İslam Əməkdaşlıq Təşkilatının sədri Ekmələddin İhsanoğlu ilə görüşüb. Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanla İƏT arasında mövcud yüksək əməkdaşlıq əlaqələrindən, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərindən söhbət açılıb.

Paşazadə Ekmələddin İhsanoğlunun Azərbaycana olan səmimi münasibətindən razılıqla bəhs edib, Xocalı soyqırımı ilə bağlı İƏT-nin ardıcıl və ədalətli mövqeyinə görə minnətdarlığını bildirib.

Görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı Fövqəladə və Səlahiyyətli səfiri Tofiq Abdullayev iştirak edib. Səfər davam edir.

Xəbər lenti

Xəbər lenti