...

Space telekanalı əsassız iddialara cavab verdi

Cəmiyyət Materials 31 Avqust 2013 15:55 (UTC +04:00)
Bəzi informasiya portallarının guya Space televizyasının bugünkü 4-saatlıq şənbə buraxılışının tamamilə konsert xarakterli olması və verilişin bütünlüklə müğənni Ağadadaş Ağayevin ad gününə həsr edillməsi ilə bağlı yazılar dərc etməsi yoxlanılmamış məlumatlara əsaslanaraq verildiyi üçün ancaq təəssüf doğurur.
Space telekanalı əsassız iddialara cavab verdi

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Bəzi informasiya portallarının guya Space televizyasının bugünkü 4-saatlıq şənbə buraxılışının tamamilə konsert xarakterli olması və verilişin bütünlüklə müğənni Ağadadaş Ağayevin ad gününə həsr edillməsi ilə bağlı yazılar dərc etməsi yoxlanılmamış məlumatlara əsaslanaraq verildiyi üçün ancaq təəssüf doğurur.

Bu barədə telekanalın yaydığı açıqlamada deyilir.

Space telekanalının xəbərlər xidmətinin rəhbərinin müavini Zəminə Əliyeva Trend-ə bildirib:

"Nəzərinizə çatdırmaq istəyirik ki, "Hər səhər" proqramına ənənəvi olaraq ad günü olan görkəmli mədəniyyət, incəsənət xadimləri və sənət adamları dəvət edilirlər və müğənni Ağadadaş Ağayevin də doğum günü məhz bugünkü tarixə təsadüf etdiyindən, o, proqrama çağırılmışdı. Lakin iddia edildiyi kimi, proqram yalnız çal-çağırdan ibarət deyildi və müğənni, eləcə də proqramın aparıcısı Mikayıl Həsənov Qubadlının işğal tarixinin bu günə düşməsindən xüsusilə bəhs edərək, konsertlərin, əlamətdar günlərin Qarabağda, işğal olunmuş bütün şəhər və rayonlarımızda tezliklə keçirilməsini arzuladılar.

Bununla belə, bu gün mahnıların nə qədər torpaq həsrətilə oxunulsa da, insanların nikbinliyinin təmin edilməsi üçün vacibliyi vurğulandı. Elə Ağadadaş Ağayev də dedi ki, bu gün ifalarımızla biz məhz qələbəyə inam hissini aşılayırıq və xalqın o torpaqlara qovuşmaq ümidinin əsla sönməsinə imkan verməməliyik.

Proqramın belə notlarla yüklənməsinə baxmayaraq, yalnız ayrı-ayrı fraqmentlərə istinad edərək, kanalı Qubadlının işğal tarixinə biganəlikdə günahlandırmaq qeyri-peşəkarlıq göstəricisi olmaqla yanaşı, həm də qərəzli münasibətin göstəricisidir.

Elə proqramın 2 saatlıq yox, 4 saatlıq musiqili proqram kimi təqdimatı da, məncə, dediklərimizi bir daha sübut edir.

Onu da qeyd edim ki, Dağlıq Qarabağ probleminin işıqlandırılması kanalın efir siyasətində əsas yerə malikdir və proqramlar da işğal tarixlərinə uyğun tərtib edilir. Belə ki, 20 Yanvar, Xocalı soyqırımı, Şuşanın işğal tarixi kimi matəm günlərində efirə heç bir reklam xarakterli məlumat belə yerləşdirilmir. "Hər gün" informasiya prorqramı hətta dünəndən etibarən Qubadlı ilə bağlı materiallar verməkdədir. Bu gün isə "Hər gün" informasiya proqramı da daxil olmaqla, televiziyanın efirində Qubadlının işğalına, müharibə mövzusuna xüsusi yer ayrılıb. Diqqətli tamaşaçı "Hər səhər" proqramından dərhal sonra saat 11-də efirə gedən "Fəryad" filmini, yəqin ki, görməmiş deyil. Bundan başqa, bu gün saat 17:30-da "Yol gedir Qubadlıya" filmi nümayiş olunacaq, hətta gecə saatlarında belə müharibə məzmunlu bədii filmlərə efirdə yer ayrılıb.

Bütün bunlar isə Space televiziyasının ölkənin baş probleminə həssaslıqla yanaşdığının göstəricisidir və həmkarlarımızdan da eyni həssaslığı gözləyirik. Çünki bizim bir düşmənimiz var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti