...

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Qış məktəbi"nə start verdi (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2014 19:07 (UTC +04:00)
Gənclər ölkəsi olan Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Qış məktəbi"nə start verdi (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Gənclər ölkəsi olan Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara olan diqqət və qayğıdan qaynaqlanır. Gənclərin partiyaya axını onların ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər. YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin biri-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Artıq fevralın 10-dan YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər" gənc siyasətçilər üçün "Qış məktəbi"nə start verilib. Fevralın 10-dan 14-dək Oğuz rayonunda yerləşən "Afra" oteldə davam edəcək "Qış məktəbi"ndə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının 100-ə yaxın fəal gəncləri və ali məktəb tələbələri iştirak edəcəklər.

Fevralın 10-da "Qış məktəbi"nin açılışı oldu. İştirakçılar komandalara bölündü, gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs etdilər. Bu fikir xüsusi qeyd olundu ki, gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

V.Rəhimzadə gənclərə yaradılan bu şəraitə görə ölkə Prezidenti İlham Əliyevə, YAP sədrinin müavini-icra katibi Əli Əhmədova, YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzova minnətdarlığını ifadə etdi. Bildirdi ki, gənclərimiz onlara olan etimadı əməli fəaliyyətləri ilə doğrultmağa çalışırlar.

"Qış məktəbi"nin əhəmiyyətindən, gənclərin intellektual səviyyəsinin artırılmasına, gənclər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərməsindən geniş bəhs edən V.Rəhimzadə eyni zamanda layihənin əsas məqsədlərindən olan gənclərin istirahətinin lazımi səviyyədə təşkilini də yüksək dəyərləndirdi.

YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva partiyanın gənclərin ictimai-siyasi fəallığının, eyni zamanda istirahətlərinin yüksək səviyyədə təşkili istiqamətində atdığı addımlardan danışdı. Bildirdi ki, məqsəd gələcəyimiz olan gənclərin hərtərəfli inkişafını təmin etmək, gənc siyasətçi kimi yetişmələrinə dəstək olmaqdır.

"Qış məktəbi" çərçivəsində keçirilən debatlarda müxtəlif mövzularda müzakirələr aparılır, gənclərin biliklərinin artırılmasına xidmət edən çıxışlar olunur. Layihə çərçivəsində gənclərin Milli Məclisin deputatları, həmçinin siyasətçilərlə görüşləri də nəzərdə tutulub.

"Qış məktəbi"nin birinci günü "Nikah müqavilələrinin bağlanması və ailə məcəlləsi" mövzusunda seminar keçirildi. Seminarın moderatoru Zaur Quliyevdir. Seminarda ötən illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra hüquqi islahatların aparıldığnı bildirildi. Qeyd olundu ki, hər bir dövlətin və millətin inkişafı, gücü onun ailə institutlarının möhkəmləndirilməsi ilə ölçülür.

Keçirilən görüşlərdə çıxış edən gənclər dövlətin, Yeni Azərbaycan Partiyasının onlara diqqət və qayğısından razılıqlarını ifadə edərək bu fikri dəfələrlə qeyd etdilər ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, gələcəyə böyük inamla addımlayırlar.

"Qış məktəbi" çərçivəsində müxtəlif növ idman yarışları da təşkil olunur. Təbii ki, bu oyunların keçirilməsində də əsas məqsəd gənclərin hərtərəfli inkişafını təmin etməkdir. İdman sağlamlıqdır. Azərbaycan gənclərinin sağlam böyüməsi hər zaman diqqət göstərilən məsələlərdəndir.

Fevralın 10-dan 14-dək davam edəcək "Qış məktəbi"nin proqramına diqqət yetirdikdə, hər günün gənclərin həyatında özəlliyi ilə seçiləcəyi diqqətdən kənarda qalmır. Təşkil olunan müxtəlif mövzularda seminarlarda, debatlarda gənclər həm öz biliklərini artıracaq, həm də bir-birlərini daha yaxından tanımaqla, əlaqələrin qurulmasına və inkişafına nail olacaqlar. Bir sözlə, bu kimi layihələr həm təcrübə, həm də bilik qazanmaq üçün geniş imkandır.

Qrup rəhbərləri gəncləri bu imkandan səmərəli istifadə etməyə çağırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti