...

Oğuz "Qış məktəbi": Biliklərin mübadiləsinə yardımçı layihə (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2014 17:23 (UTC +04:00)
"Qış məktəbi"nin ikinci günü arxada qaldı
Oğuz "Qış məktəbi": Biliklərin mübadiləsinə yardımçı layihə (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Fevralın 10-dan start verilən YAP Gənclər Birliyinin "Qış məktəbi"nin ikinci günüdür. 100-ə yaxın fəal gəncin iştirak etdiyi Oğuz "Qış məktəbi"ndə dövlətin gənclər siyasəti barədə fikir mübadiləsi, mühazirələr fevralın 11-də də davam etdirildi.

Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov, YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni zamanda onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə gənclərə diqqət və qayğıdan, bu istiqamətdə təsdiqlənən Dövlət Proqramlarından ətraflı bəhs etdilər. Bildirdilər ki, gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verir.

Çıxışlarda vurğulandı ki, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin böyük çoxluq təşkil etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür: "Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar." Bu gün YAP-ın 600 mindən artıq üzvünün 40 faizini gənclərin təşkil etməsi ümummilli lider Heydər Əliyevin bu fikirlərinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə yönəlib. Ölkə Prezidentinin fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda Prezident Mükafatının təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, onlar arasında sıx əlaqələrin qurulmasına xidmət edən layihələri davamlılığı ilə diqqət çəkir.

"Qış məktəbi"nin ikinci günündə "Demokratik dövlətin əsas anlayışları" mövzusunda təlim keçirildi.

Təlimdə demokratik cəmiyyətin əsas atributları olan söz, mətbuat azadlığından, insan hüquqlarının qorunmasından, demokratik seçkilərin keçirilməsindən, çoxpartiyalı sistemin yaradılmasından geniş bəhs olundu.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, ilk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə inamla irəliləyir. Ölkəmizin 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi bir daha onu göstərir ki, demokratik dəyərlərə sadiqlik sözdə deyil, əməldə öz təsdiqini tapıb. Ulu öndər Heydər Əliyev demokratik prinsipləri dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirərək bildirirdi ki, dovlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.

V.Rəhimzadə cəmiyyətin güzgüsü olan mətbuatın keçdiyi inkişaf yoluna bir daha diqqəti yönəldərək bildirdi ki, ulu öndər Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi, "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" Qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. Ulu öndər Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qəbul etmişdir. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımları da davamlılığı ilə diqqət çəkir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2010 və 2013-cü illərdə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Dövlət başçısı İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilməsi münasibətilə keçirilən mərasimdə bildirmişdir ki, bu mükafatın verilməsi böyük məna daşıyır. Bu, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarədir. Cənab İlham Əliyev bu inamı ifadə etmişdir ki, bundan sonra da Azərbaycanda azad medianın inkişafına dəstək veriləcək, ölkəmizin sürətli və uğurlu inkişafı təmin ediləcək.

V.Rəhimzadə onu da qeyd etdi ki, bu gün böyük fəxr hissi ilə bildiririk ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş və məqsədyönlü siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ötən ilin 9 oktyabrında keçirilən prezident seçkiləri bir daha bu reallığı ortaya qoydu. Beynəlxalq təşkilatların, dövlətlərin müşahidə missiyalarının hesabatlarında qeyd olundu ki, 9 oktyabr 2013-cü il prezident seçkiləri Azərbaycanda demokratik islahatların təntənəsidir.

YAP Siyasi Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi ölkədə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından bəhs etdilər. Bildirdilər ki, Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə referendumun keçirilməsi də bu sahəyə diqqətdən irəli gəlir.

Çıxışlarda dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 18 iyunun İnsan hüquqları günü kimi təsis edilməsi, eyni zamanda 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə daha geniş sferanı əhatə edən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqlarının qorunmasının Azərbaycan dövlətinin əsas prinsiplərindən biri olduğunun təsdiqi kimi qeyd edildi.

YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov ölkədə çoxpartiyalı sistemin yaradılmasından bəhs etdi. Bildirdi ki, siyasi partiyaların normal fəaliyyəti üçün qanunvericilik bazası mövcuddur. "Siyasi partiyalar haqqında" qanunda əksini tapan müddəalar onların normal fəaliyyətinə tam zəmin yaradır.

Çıxışlarda vurğulandı ki, YAP rəhbərliyi hər zaman gənclərə onları düşündürən mövzularda layihələrini təqdim etməyi və onlara dəstək olamağa hazır olduqlarını bildirir. Ölkəmizin uğurlu gələcəyi üçün hərtərəfli formalaşmaq, dərin biliklərə malik olmaq, bilik-təcrübə mübadiləsini yüksək səviyyədə həyata keçirmək, ən əsası birgə səylər göstərməyə çalışmaq ən vacib şərtlərdəndir.

Günün ikinci yarısında "Qış məktəbi" çərçivəsində müxtəlif növ idman yarışları təşkil olundu.

Sonra "Sosial şəbəkələrdə iş" mövzusunda təlim keçirildi. Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov, YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov gənclərin sosial şəbəkələrdən istifadə edərək Azərbaycan reallıqlarının təbliği istiqamətində göstərdikləri səylərdən bəhs etdilər. Bildirildi ki, müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Hər bir ölkənin inkişafında, tərəqqisində İKT-nin rolu böyükdür. Daim yeniliyə, müasirliyə can atan gənclər bu imkanlardan istifadə edərək ölkənin gələcəyinə dəstək olmalıdırlar.

Diskussiya şəklində davam edən təlimlərdə və debatlarda 3 qrup üzrə iştirak edən gənclər əldə etdikləri biliklərdən, məlumatlardan məmnunluqlarını ifadə edir, bir daha bu gerçəkliyi təsdiqləyirlər ki, "Qış məktəbi" biliklərin mübadiləsinə yardımçı olan layihələrdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti