...

Regionların inkişafı dövlətin mədəni-iqtisadi inkişafının özəyidir

Cəmiyyət Materials 25 Fevral 2015 12:36 (UTC +04:00)
Şərqin hikmətini və müdrikliyini Qərbin müasirliyi və sürətli inkşaf tempini ozündə birləşdirən Azərbaycan hər kəsi nəinki öz tarixi, gözəlliyi və memarlığı,eyni zamanda iqtisadi inkşaf modeli ilə heyrətləndirməyi bacarır...
Regionların inkişafı dövlətin mədəni-iqtisadi inkişafının özəyidir

Şərqin hikmətini və müdrikliyini Qərbin müasirliyi və sürətli inkşaf tempini ozündə birləşdirən Azərbaycan hər kəsi nəinki öz tarixi, gözəlliyi və memarlığı,eyni zamanda iqtisadi inkşaf modeli ilə heyrətləndirməyi bacarır...

Azərbaycan uğurlu neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi"nin icrasına başlanılması ilə ölkəyə xarici investisiyaların cəlb olunmasına nail oldu. Artan enerji gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın hərtərəfli inkişafına nail olmaq sonraki dövrdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrildi.

Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin son on ildə yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri oldu.

Rəqəmlər böyük inkşafdan xəbər verir

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə bir neçə dövlət proqramı qəbul edildi ki, bu proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdı.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 min daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə endi.

Bununla da Azərbaycanın maliyyə imkanlarını artdı, ölkəmiz transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməyə başladı, paytaxtda və regionlarda müasir infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb oldu.

Özünü doğrultmuş qaynaqlar

Beləliklə, ötən 10 il ərzində regionların inkşafına ümumilikdə 27 milyard manata yaxın vəsait ayrıldı və bu dövlət investisiyaları bölgələrin sosial-iqtisadi inkişafı üçün əsas təkan rolunu oynadı. Dövlət dəstəyinin uğurlu həyata keçirilməsində əsas nüanslardan biri hədəflərin düzgün müəyyənləşdirilməsi oldu.

Kənd təsərrüfatı regionların sosial-iqtisadi inkişafı üçün özül sayılır, belə ki torpaq əvəzolunmaz istehsal vasitəsidir və yüngül və yeyinti sənaye sahələrinin inkişafı aqrar sahədən kənarda mümkün deyil. Nəzərə alsaq ki, neft məhsulları istehsalı prosesindən başqa sənayenin bütün növ emaledici sahələri kənd təsərrüfatına bağlıdır bu baxımdan 2014-cü ilin "Sənaye ili" elan olunması da aqrar sektorun inkişafında mühüm rol oynadı.

Ölkəmizdə olan əlverişli iqlimi və torpaqları sitrus meyvələrindən alışılmış meyvələrə qədər geniş çeşidli məhsullar istehsal etməyə imkan verir. Həm yerli, həm də ixrac bazarları, eləcə də emal üçün məhsullar, şimaldan cənuba qədər uzanan xətt boyunca - şimalda Quba və Xaçmazdan cənubda Astaraya qədər olan ərazidən təchiz olunur. Olkəmizin Şimal və Aran iqtisadi zonalarında heyvandarlıq və süd istehsalı üçün də əlverişli təbii şərait mövcuddur. Eyni zamanda ölkəmizin zəngin florası da gəlirli tibbi və ənənəvi yağ bitkiləri sektorunun yaradılmasına imkan verir. Dünya Bankının hesablamalarına görə, Azərbaycanda bir sıra meyvə (alma, xurma, gilas, nar), alma və nar şirəsi, faraş kartof, fındıq, feyxoa, kivi, istixana şəraitində yerləşən pomidor və xiyar digər ölkələrlə müqayisəli üstünlüyə malikdir.

Məsələ ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Ekspert Vüqar Bayramov qeyd edir ki, hazırda ixrac olunan əsas kənd təsərrüfatı və qida məhsullarına meyvə və tərəvəz, şəkər, bitki yağı, spirtli və spirtsiz içkilər və s. daxildir. Ancaq emal esaslı sənaye sahələrinin yarılması regionların inkşafına təkan verəcək. "Kənd təsərrüfatı məhsullarının xammal formasında xarici bazarlara çıxarılması bəzən itkilər gətirir. Ancaq emal olunmuş, konservləşdirilmiş məhsulların xarici bazarlara çıxarılması üçün regionlarda aqroparkların yaradılması regionlara həm investisiya axınına həm də məhsullarımızn Avropa bazarlarına çıxarılmasına imkan verəcək."

Kənd təsərrüfatı məhsullarının ixracat istiqaməti olaraq MDB ölkələri, əsasən Rusiya və eləcə də şərqi Avropa ölkələri prioritet göstərilir. Rusiya, Gürcüstan və Türkiyə ilə sərhəddə ortaq kənd təsərrüfatı məhsulları bazarları təşkil olunması serhed rayonların daha da inkşaflna yardımçı ola bilər.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il ölkəmizdə "Kənd təsərrüfatı ili" elan edilib və bu il ilk aqroparkın əsasının da qoyulması nəzərdə tutulur. Eyni zamanda 2015-ci ildə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatı yaradılacaq. Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində "fermer mağazaları" da fəaliyyət göstərəcək "yaşıl market" kompleksi istifadəyə veriləcək".

Yeni texnologiyaların cəlbi

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bugün, Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlər sənayeləşmənin mərkəzi regionları kimi sürətlə inkişaf edir.

Bu gün qeyri-neft sektorunun inkişafı üçün bölgələrin sənaye potensialı çoxdur. Həmin potensial qara və əlvan metallurgiyanın, tibb sənayesinin, maşınqayırmanın, xüsusən kənd təsərrüfatı texnikası və avadanlığı, cihazqayırma, alətqayırma, vaqonqayırma və s. sənaye sahələrini inkişaf etdirməyə imkan verir. Hal hazırda Azərbaycanda avtomobil, traktor və motorla hərəkət edən müxtəlif hərbi texnika və s. istehsal edilir. Tədricən həmin məhsulların əsas hissələrini də respublikanın özündə istehsal etməklə maşınqayırmanı iqtisadiyyatın çox vacib sahəsinə çevirmək mümkündür.

Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması və inkşafı burada ümumi sosial-iqtisadi inkişaf səviyyəsini xeyli yüksəltməklə əhalinin "mərkəzəqaçma" meylini azaltmaqla yanaşı, bölgələrdə işsizlik probleminin həllinə də yardımçı ola bilər.

Sənaye sektorunun yeni ünvanları olan Daşkəsən, Gədəbəy, Naxçıvan, Neftçala, Mingəçevir postsənayeləşmənin vahid kompleksə çevrilməsində strateji rola malikdir. Belə ki, bu il yaradılacaq ilk sənaye məhəlləsi məhz Neftçalada həyata keçiriləcək. Sənaye məhəllələrinin Gəncəətrafı rayonlarda, eləcə də Şirvan şəhərində və Siyəzən rayonunda yaradılması planlaşdırılır. Bu ərazilərdə həm yerli, həm də xarici investorlara güzəştlərin müəyyənləşdirilməsində məqsəd orada cəlbedici investisiya mühiti yaratmaqdır.

İnkişaf imkanları geniş olan sahələrdən biri də filiz-çıxarmadır. Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin geniş yataqları mövcuddur. AzərGold QSC-nin yaradılması ölkəmizdə əlvan metal yataqlarının öyrənilməsi, kəşfiyyatı və bütövlükdə bu sahədəki istehsalın formalaşdırılmasına xidmət edəcək.

Eyni zamanda son onilliklərdə ölkəmizdə çox sayda qızıl yataqları kəşf olunub. Azərbaycanın qızıl ehtiyatlarının bir hissəsi işğal olunmuş ərazilərdə qaldığı üçün həmin ehtiyatları hasil etmək mümkün deyil. Ancaq işğaldan azad edildikdən sonra bu rayonların inkşafının artırılması istiqamətində AzərGold mühim rol oynaya bilər.

Təbiətimiz sərvətimizdir

Əsrarəngiz təbiəti, mülayim və saf dağ iqlimi, zəngin fauna və florası, yeraltı və yerüstü su sərvətləri, çayları, şəlalələri, mineral bulaqları, meşələri, habelə ləziz mətbəxi və yüksək qonaqpərvərliyi ilə seçilən rayonlarımız ilin bütün fəsillərində turistləri özünə cəlb edir.

Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı prioritet olaraq qalır. Ötən müddətdə Bakı və regionlarda turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır. Son 10 ildə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Turizm sahəsində böyük inkşaf potensialına malik regionlar Şimal-Qərb və Cənub bölgələrini göstərmək olarç ki, Qax regionunun timsalında bunu nəzərdən keçirək. Regionun yumşaq iqlimi, geniş meşələri, çoxsaylı əhalisi və əmək ehtiyatları, çayları var. Bu şərtlər ərazidə iqtisadiyyatın mühüm sahələrini o cümlədən turizmi inkişaf etdirməyə imkan verir. Burada yaradılacaq turzim kompleksləri ekstrimal turizmi sevənlər üçün çox gözəl ola bilər.

Ölkəmizdə artıq belə bir lahiyə qış turizmi sahəsində uğurla həyata keçirilib. Azərbaycanda ən mükəmməl layihələrdən olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb.

Azərbaycan, həm də müalicə əhəmiyyətli mineral suları ilə zəngindir ki, bu möcüzəli sularından biri də Masallıdakı məşhur "İstisu"dur. Bu şəfaverici təbii bulaq dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının ətəyindədir. Burada müasir panseniatın yaradılması müalicə-sağlamlıq turizminin inkşafı üçün təkan verə bilər.

Eyni zamanda Xınalıq kimi yüksək dağ kəndlərində eko turizmi yaratmaq da ucqar kəndlərin inkşafına yardımçı olacaq.

İnkşaf infrastrukturla gəlir

Olkənin iqtisadi inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılıb. Avropa ilə Asiya arasında mühüm nəqliyyat dəhlizində yerləşməyimiz ölkəmizdə son dövrlər nəqliyyat infrastrukturu şəbəkəsinin genişləndirilməsinə və müasirləşdirilməsinə təkan verdi.

Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulub, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir.

Ekspert İlqar Muradov qəzetimizə müsahibəsində bildirib ki, regionlarda həyata keçirilən çoxşaxəli infrastruktur layihələri- yaradılan telekommunikasiya xətləri, avtomobil yolları, dəmiryolları,port və hava limanları, və ən əsası içməli və suvarma su xətləri - regionların inkşafında özünü doğrultmuş yanaşmadır.

"Avtomobil yolunun tikintisi yerli əmək və əmtəə tələbatını artırır və beləliklə regionda mövcud gəlirlər artır", Muradov qeyd edir. "Regionlar yükdaşımalar üçün əlverişli imkan eldə edir və gələcəkdə ölkəmizin regional logistik klaster modelinə dönüşünə xidmət edəcəkdir. Logistik klasterlər həm onu əhatə edən regionların bir-biri ilə əlaqələrini möhkəmləndirir, həm də həmin regionalrın inkişafına təkan verir."

Mütəxəssis həmçinin vurğulayır ki, bu istiqamətdə əhalinin təhsili də mühim rol oynayır belə ki, bazarın tələbinə uyğun təhsilin uzlaşdırılması vacibdir.

Yeni iqtisadi reallıqlar şəraitində regionlarda innovativ istehsal sahələrinin yaradılması təhsil və gənclərin məşğulluğu sahəsində də bir sıra tədbirlərin reallaşdırılmasının vacibliyini vurğulayır.

Ölkə regionalrında formalaşmış yüksək ixtisaslı kadr potensialı, xüsusilə "qara qızıl"ın "insan kapitalı"na, intellektin, kadrlaşmanın, peşəkarlığın inkişafına çevirmək siyasəti çərçivəsində gənclərin inkişafında da böyük rolu olacaqdır.

Ayrı-ayrı regionların əsas mədəni-iqtisadi dayaqları kimi təşəkkül edən regional mərkəzlər, təbii ki, öncə insanların doğulduqları məkanda onların məskunlaşmasını möhkəmləndirməklə insanların məcburi miqrasiyasının qarşısının alınmasına, əhalinin intellektual dünyagörüşünün artmasına, düşüncə dairəsinin genişlənməsinə, mədəni səviyyələrinin yüksəlməsinə səbəb olur.

Qoyulan investisiyalar Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm baza formalaşdırır və öz nəticəsini gələcək onilliklərdə daha bariz formada göstərməyə başlayacaq.

AzerNews, Gülqız Dadaşova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub. Layihənin istiqaməti: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti