Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/
Sabunçu-Ramana avtomobil yolunun təmirinə başlanılıb.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, uzun illərdir təmir olunmayan Sabunçu-Ramana avtomobil yolunda bir neçə gündür ki, təmir işlərinə başlanılıb: "Sabunçu qəsəbəsini Ramana qəsəbəsi ilə birləşdirən avtomobil yolunda çoxlu sayda su sızmalarının olması yolun bərbad vəziyyətə düşməsinə səbəb olub. Bundan əlavə, 30 il bunadan əvvəlki hərəkət şiddətinə hesablanan yol konstruksiyası keçmiş normativlərə uyğun olaraq inşa olunduğu üçün 40 faizdən çox hissədə yol yatağı yararsız vəziyyətə düşüb".
P.Mürzəliyev qeyd edib ki, artıq əraziyə materialların daşınması, texnikaların səfərbər olunmasına başlanılıb. Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir.