Azərbaycan, Bakı, 7 aprel /Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı üzrə "Yazmağı bacaracaqsan" layihəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dəstəyi ilə start götürür.
Bilik Fondu jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün ödənişsiz kurslar təşkil edilir.
Fonddan Trend-ə verilən məlumata görə, kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində "Yamağı bacaracaqsan" layihəsi üzrə ilk təlim - videokonfrans keçirilib. Videokonfransda Bakı və Azərbaycanın 7 bölgəsindən - Mingəçevir, Gəncə, Bərdə, Şamaxı, Qusar, Sumqayıt və Lənkərandan olan abituriyentlər iştirak ediblər.
Abituriyentlərə esse yazmağın qaydaları haqqında ətraflı məlumat verən filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar.