...

Prokuror Bakıda polis rəisini bıçaqlayanlara cəza istədi

Cəmiyyət Materials 16 Fevral 2016 17:19 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi Anar Şıxəliyeva qarşı cinayət törədən Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi keçirilib.
Prokuror Bakıda polis rəisini bıçaqlayanlara cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi Anar Şıxəliyeva qarşı cinayət törədən Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışı zamanı Ə.Qəhrəmonovun 11 il, C.Niftəliyevin 8 il, A.Əliyev və N.Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, zərərçəkmiş polis rəisi A.Şıxəliyev məhkəmə istintaqı dövründə ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: "Dostum Ələddinin "Mercedes Galenvagen" markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir "Niva", bir də "Opel" markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. Şoka düşmüşdüm. Şüşələri qırdılar. İki nəfər mənə 3 bıçaq zərbəsi endirdi. Sonra hadisə yerindən qaçdılar. Bıçaq zərbələri qoluma, kürəyimə dəymişdi. Sonradan araşdırdım ki, bu şəxslər məni kiminləsə səhv salıb və bu əməli törədiblər. Buradakı şəxslərdən biri (Ceyhun Niftəliyevi göstərərək) mənə bıçaq vurub, digəri burada yoxdur. Şikayətçi deyiləm. Nə şikayətim var, nə də tələbim. Məni başqası ilə səhv salıblar".

Qeyd edək ki, hadisə 2014-cü il iyunun 20-nə keçən gecə "Xutor" adlanan yaşayış məntəqəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus "Mercedes Galenvagen" markalı avtomobili idarə edərkən naməlum şəxslər "Niva" və "Opel" markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə "Mercedes Galenvagen"in bütün şüşələrini sındırıblar. Buna etiraz edən A.Şıxəliyev isə bıçaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən 3 xəsarət yetirilib.

Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ə.Qəhrəmanov, A.Əliyev, C.Niftəliyev və N.Həsənov tərəfindən törədildiyi məlum olub.

Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Onlardan X.Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti