Bakı. Trend:
Valideyn qayğısından kənarda qalan və aztəminatlı ailələrdən olan 300 uşaq Azərbaycan yığmasının Bakıda keçirilən 17 yaşına qədər gənclər arasında futbol üzrə Avropa Çempionatındakı oyunlarını canlı izlədi.
KATV1-dən Trend-ə verilən məlumata əsasən, uşaqların həmin oyunları canlı izləyə bilməsi Avropanın ən iri idman yayım platforması olan Eurosport və Azərbaycanın telekommunikasiya operatoru KATV1 şirkətinin birgə aksiyası sayəsində mümkün oldu. Sözügedən aksiya çərçivəsində uşaqlar pulsuz bilet və nəqliyyatla təmin edildi.
Uşaqlar Azərbaycan-Portuqaliya, Azərbaycan-Belçika və Azərbaycan-Şotlandiya oyunlarını izləyib millimizə dəstək oldular.
Qeyd etmək lazımdır ki, 17 yaşına qədər gənclər arasında futbol üzrə Avropa Çempionatı Azərbaycanda ilk dəfə keçirilir. Yarışda 16 yığma qitənin ən güclü milli komandası adını qazanmaq üçün mübarizə aparır. Yarışda doğum tarixi 01.01.1999-cu ildən başlayan futbolçular iştirak edir. Hər oyun 80 dəqiqə davam edir (40-dəqiqəlik iki hissə və 15 dəqiqəlik hissələrarası fasilə).