...

Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı layihənin işləri yekunlaşdı

Cəmiyyət Materials 16 İyul 2016 12:32 (UTC +04:00)
Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmş Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili layihəsinin işləri yekunlaşıb.
Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı layihənin işləri yekunlaşdı

Bakı. Trend:

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Belçika, Almaniya və Lüksemburqda Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmş Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili” layihəsi çərçivəsində 27 iyun-10 iyul 2016-cı il tarixlərində Belçika Krallığının Brüssel, Almaniyanın Düsseldorf, Berlin və Lüksemburq Krallığının Lüksemburq şəhərlərində gənc alimlər, tədqiqatçılar arasında maarifləndirmə işləri həyata keçirib, təqdimatlar, sərgilər təşkil olunub.

Cəmiyyətdən Trend-ə daxil olan məlumata görə, Avropa ölkələrində gənc alimlər və gənc alimlər təşkilatları arasında Azərbaycanın tolerantlıq, multikulturalizm modeli, eyni zamanda Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji Qarabağ abidələri, toponimləri haqqında tarixi həqiqətlər təbliğ edilib.

Avropa Gənc Alim və Tədqiqatçılar Şurasının dəstəyi ilə Belçika, Almaniya və Lüksemburqda təşkil olunmuş seminarlarda Belçika, Almaniya, Lüksemburq, Avstriya, Xorvatiya, Çex Respublikası, Finlandiya, Fransa, Macarıstan, İtaliya, Litva, Niderland, Polşa, Norveç, Portuqaliya, Serbiya, Slovakiya, İsveçrənin bir sıra təşkilatlarından və Avropanın müxtəlif universitetlərindən gənc alimlər iştirak ediblər.

Layihənin kordinatoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədindən söhbət açıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib və artiq uzun illərdir ki multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.

Təqdimatlarda göstərilib ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli - 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. İşğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.

Seminarda "LuxDoc" təşkilatının rəhbəri, Luksemburq Universitetinin əməkdaşı Roman Deket, Belçikanın "Focus Research" təşkilatının rəhbəri Marjo Kressor, İtaliyadan gənc alim Fulvio Putsi, Finlandiyadan Piryo Pallanen və digər avropalı gənc alimlər çıxışlar ediblər.

Tədbirdə avropalı gənc alimlərlə gələcək əməkdaşlığın detalları müzakirə olunub. Sonda Lüksemburq universitetində və Ticarət Palatasının binasında sərgi təşkil olunub və iştirakçılara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ tarixi, Azərbaycana qarşı törədilmiş soyqırımlar barədə nəşr olunmuş kitablar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti