Bakı. Trend:
“Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1992-ci il tarixli Beynəlxalq Konvensiya və “Neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yaradılması haqqında” Beynəlxalq Konvensiya üzrə seminar keçirilib.
Bu barədə Trend-ə Dövlət Dəniz Administrasiyasından məlumat verilib.
Dövlət Dəniz Administrasiyasında, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq Layihəsi çərçivəsində, “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1992-ci il tarixli Beynəlxalq Konvensiya və “Neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yaradılması haqqında” Beynəlxalq Konvensiyaya dair seminar keçirilib.
2015-ci ilin 16 noyabr tarixindən həyata keçirilən Tvinninq Layihəsi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirmək məqsədi daşıyır.
“Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq Layihəsi çərçivəsində keçirilən seminarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, dənizçilər, vətəndaş cəmiyyətlərinin, eləcə də, Azərbaycan Yeni Nəsil Hüquqşunaslar Assosiasiyasının nümayəndələri iştirak edib.
Tvinninq Layihəsi çərçivəsində ölkəmizə dəvət olunan İspaniyalı mütəxəssislər — professor J.L.Gabaldon, kapitan L.Fernandez və R.Pastor tərəfindən “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1992-ci il tarixli Beynəlxalq Konvensiya və “Neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yaradılması haqqında” Beynəlxalq Konvensiyaya dair məlumat verilməklə, onların tətbiqi dairəsi, konvensiyalarda nəzərdə tutulmuş əsas anlayışlar, gəmi sahibinin məsuliyyəti, məcburi sığorta halları, neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yurisdiksiyası və kompensasiyaların verilməsi qaydaları, icraatın başlanması üzrə tətbiq olunan vaxt məhdudiyyəti və konvensiyalarda əksini tapmış digər məsələr ətraflı izah edilib, eləcə də “Prestige” neft tankerində baş vermiş qəzaya dair bir sıra praktiki məşğələlər aparılıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.