Bakı. Trend:
Bakı Dövlət Universitetində “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin və Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
Trend-in məlumatına görə, plenar iclası giriş sözü ilə Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə açaraq, konfrasın BDU-nun rektorunun əmri əsasında “Müasir Azərbaycan Psixoloqları” İB-nin təşəbbüsü ilə keçirildiyini bildirib. Qeyd edib ki, tələbələrin I kursdan başlayaraq elmi-tədqiqat işlərinə cəlb edilməsi əsas vəzifələrdəndir və bu konfrans da bunun əyani göstəricisidir.
“Müasir Azərbaycan Psixoloqları” İB-nin sədri, “Psixologiya” kafedrasının müdiri, AMEA–nın müxbir üzvü, professor Bəxtiyar Əliyev də çıxış edərək, konfransın mövzusunun əhəmiyyətindən, tələbələrin elmi araşdırmalara marağın artırılmasından və bu işin gələcəkdə də davam etdirilməsinin zəruriliyindən danışıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Psixoloqları Cəmiyyətinin fəaliyyətinin 25 illik fasilədən sonra yenidən bərpa edilməsi zamanın tələbidir. Bu cəmiyyətin fəaliyyəti imkan verəcək ki, Azərbaycanda psixologiya sahəsində həm peşəkar psixoloqların hazırlanması, həm də psixoloji xidmətin müxtəlif sahələrdə təşkili elmi əsaslarla aparılsın. Psixoloji xidmət adı altında əhaliyə göstərilən qeyri-peşəkar fəaliyyətin qarşısı alınsın. Bugünkü tələbələr elə peşəkar hazırlanmalıdırlar ki, onlar həm elmi araşdırmalar aparsınlar, həm də keyfiyyətli psixoloji xidməti həyata keçirsinlər.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi psixologiya” kafedrasının müdiri, professor Ramiz Əliyev, Azərbaycan Dillər Universitetinin “Psixologiya” kafedrasının müdiri dosent Ceyhun Alıyev çıxış ediblər. Onlar burada qaldırılan məsələlərin aktuallığını və əhəmiyyətini qeyd ediblər. Çıxış edənlər daha sonra bildiriblər ki, psixoloq-tələbələrin ilk respublika konfransının keçirilməsi psixologiya elminin gələcək inkişafına öz töhfəsini verəcək.
Sonra Qaim Cəfərli “Gənclərin sosial-psixoloji adaptasiyasının xüsusiyyətləri”, Aytən Əfəndiyeva “Zorakılığa məruz qalan şəxslərin cəmiyyətə adaptasiyasının sosial-psixoloji təhlilinə dair”, Mahirə Hüseynova “Uşaqların cəmiyyətə adaptasiyası”, İlahə Məmmədova “Övladlığa götürülən uşaqların yeni ailəyə adaptasiyası”, Tubuxanım Həmidova “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə adaptasiyasının sosial-psixoloji təhlili”, Nuranə Hüseynli “Mədəni müxtəliflik şəraitində milli azlıqların cəmiyyətə adaptasiyası”, Əsgərli Əsmər “Yeni ailə quran gənclərin adaptasiyası məsələsi”, Cəmilə Mirzəyeva “Yaşlıların təqaüdə adaptasiyası” mövzusunda çıxış ediblər.
Plenar iclasdan sonra bölmələr üzrə tələbələrin məruzələri dinlənilib. Maraqlı diskussiyalarla keçən konfransda tələbələrin hazırladıqları 40 elmi məruzə dinlənilib