...

Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO)

Cəmiyyət Materials 20 İyun 2017 12:50 (UTC +04:00)
Azərbaycanın ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanında təmsil olunması ölkəmizin növbəti beynəlxalq uğurudur.
Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatının - Beynəlxalq Əmək Təşkilatının (BƏT) siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vurğulayıb.

S.Müslümov bildirib ki, ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinə və uğurlu əməkdaşlıq təcrübəsinə malik olan, əmək və məşğulluq, sosial müdafiə sahələrində mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulan Azərbaycan bu amillər nəzərə alınmaqla BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyini irəli sürmüşdü: “İyunun 5-dən 16-dək BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında gündəlikdə duran əsas məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına (İLO Governing Body) 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi idi. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən BƏT-in Baş direktoru Qay Rayder və digər rəsmi şəxsləri ilə görüşlər zamanı bu məsələ diqqətdə saxlanılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrdə aparılan sistem xarakterli islahatlar barədə geniş məlumatlar verilmiş, ölkəmizin namizədliyinin dəstəklənməsi yönündə geniş məsləhətləşmələr aparılmışdır. Beləliklə, sessiyada obyektiv şəraitdə keçən seçkilər zamanı Azərbaycanın BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyinin dəstəklənməsi Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində əmək və sosial hüquqların təminatı mexanizminin innovativ əsaslar üzərində qurulması, əmək resurslarından səmərəli istifadənin reallaşdırılması, layiqli əməyin təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə atılan mühüm addımların beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilməsinin əməli təsdiqi oldu. Bu, eyni zamanda beynəlxalq səviyyədə ölkəmizə olan böyük inam və etimadın daha bir göstəricisidir”.

Nazir qeyd edib ki, bununla Azərbaycan BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunur: “Bu isə beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində və yayılmasında Azərbaycanın yaxından və fəal iştirakına, BƏT-lə praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaq”.

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırıb

Daha sonra S.Müslümov ötən həftə ölkəmizin daha bir uğura imza atdığını və Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, son illərdə aparılan islahatlar nəticəsində formalaşdırılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, avtomatlaşdırılmış sığorta-pensiya sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi bu gün yalnız Azərbaycan miqyasında deyil, artıq mötəbər beynəlxalq qurumlar tərəfindən dünya miqyasında qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilir: “O cümlədən, üç il bundan əvvəl MDB məkanında ilk dəfə Azərbaycanda qurulan və tətbiqinə başlanılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada böyük maraqla qarşılanan və yüksək qiymətləndirilən elektron nailiyyətlər sırasındadır. BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində də bu bir daha öz təsdiqini tapdı. Dünya üzrə 467 elektron layihənin təqdim edildiyi və onlardan seçilmiş 345 layihənin iştirak etdiyi bu beynəlxalq miqyaslı müsabiqədə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən, ümumən müsabiqə nəticəsində səsvermə ilə müəyyən edilən 90 “Çempion layihə”dən biri olub. Azərbaycandan ilk elektron layihə olaraq BTİ-nin “Çempion layihə” mükafatına layiq görülən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bununla 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb”.

Nazir sözügedən elektron sistemin istifadəyə verildiyi vaxtdan “Elektron hökumət”in əhatə dairəsinin genişlənməsində xüsusi önəm kəsb etdiyini bildirib: “Misal üçün, cari ilin 20 iyun tarixinə olan məlumata əsasən, ümumilikdə 450 elektron xidmətin göstərildiyi “E-hökumət” portalına ötən dövrdə edilən müraciətlərin təqribən 18,2 faizi və ya 8 milyon 663 min 776-sı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə edilən müraciətlər olub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “E-hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumudur

S.Müslümov diqqətə çatdırıb ki, əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qurulan avtomatlaşdırılmış sistemlər bu sahələrdə innovativ texnologiyalara əsaslanan səmərəli idarəetmə mexanizmlərinin və əhaliyə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına səbəb olub: “Nəticədə həmin sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir və onların böyük hissəsi “E-hökumət” portalında ən çox istifadə edilən e-xidmətlər sırasındadır. Təkcə cari ilin yanvar-may aylarında bu e-xidmətlərə 4 577 529 dəfə müraciət olunub və bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “E-hökumət” portalında 2017-ci ilin ilk beş ayı ərzində e-xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu sırasında ilk yeri tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, ötən ay “E-hökumət” portalına müraciətlərin 34,4 faizi və ya 745 298-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə yönəlib”.

Cari ilin 5 ayında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran S.Müslümov ölkəmizin əmək bazarının son illərdə dünyada baş verən iqtisadi böhranın təsirlərindən qorunduğunu vurğulayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, qeyri-neft sektorunun inkişafı məqsədilə yönələn köklü islahatların ilk növbədə əmək resurslarının məşğulluğuna yönəldilməsinin əhəmiyyətini önə çəkən nazir bildirib ki, xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb: “Eyni zamanda, Azərbaycan Prezidentinin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət şirkətləri ilə əməkdaşlığı şəraitində, onların təqdim etdikləri vakansiyalar əsasında həyata keçirdiyi aktiv məşğulluq tədbirləri də davam etdirilir. Ümumilikdə 2017-cı ilin yanvar-may aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib, 58 min nəfərdən çox vətəndaş peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunub. Müsbət nəticələrdən biri kimi, vaxtında və kompleks şəkildə görülən tədbirlər ötən ilin ilk aylarında əmək bazarında müəyyən qədər özünü göstərmiş gərginliyin artıq tam aradan qalxmasına və əmək bazarında yenidən sabitliyin mövcud olmasına imkan verib”.

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilənlərin sayı 730 nəfərə çatıb

Nazir vurğulayıb ki, dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, nazirlik tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı da getdikcə artır: “Bu günə olan məlumata əsasən, özünüməşğulluq proqramı çərçivəsində artıq 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Onların hər biri verilmiş mal və materiallar əsasında ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə tutulan qaydada formalaşdıra biliblər”.

S.Müslümov bildirib ki, proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub: “Bildiyiniz kimi “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Əgər digər oxunuşlarda qanun layihəsi qəbul olunarsa, bu qanunun 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qanun özünüməşğulluq sahəsində işləri daha geniş müstəvidə davam etdirməyə də əsas yaradacaq. Belə ki, Qanunun qüvvəyə minməsi işsizlikdən sığorta haqları hesabına toplanmış vəsait hesabına iki istiqamətdə mühüm addımların atılmasına təminat verəcək. Yəni bir tərəfdən müəssisənin ləğvi və ya işçilərin sayı, yaxud ştatların ixtisarı nəticəsində işini itirmiş şəxslərin işsizlik müavinəti ilə təmin olunmasına, digər tərəfdən aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının əhatə dairəsini xeyli genişləndirməyə, yəni il ərzində təqribən 5-6 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsinə imkan yaranacaq”.

Tədbir KİV nümayəndələrinin digər suallarının cavablandırılması ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti