...

Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir – Mixael Hess, Nəsimi Festivalının iştirakçısı (ÖZƏL)

Cəmiyyət Materials 22 Sentyabr 2018 16:16 (UTC +04:00)
27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir – Mixael Hess, Nəsimi Festivalının iştirakçısı (ÖZƏL)

Bakı. Vüqar İmanov - Trend:

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Festivalın proqramı parlaq və maraqlı layihələrlə zəngindir ki, bunlar sırasında alman alimi, Nəsimişünas Mixael Hessin çıxışını qeyd etmək lazımdır. M.Hess sentyabrın 28-də Heydər Əliyev Mərkəzində “Nəsiminin müasir kontekstdə dərki” adlı mühazirəsi ilə çıxış edəcək.

Festival ərəfəsində Trend-in oxucularına alman alimi ilə müsahibəni təqdim edirik. Almaniyalı Nəsimişünas nəinki Azərbaycanın vurğunu, eləcə də ölkəmizlə bağlı tarix, mədəniyyət və ədəbiyyat sahəsindəki məlumat və yeniliklərin təbliğatçısıdır. Bununla yanaşı, dilimizdə səlis danışa bilir.

Hal-hazırda Qərb şərqşünaslığında klassik Azərbaycan ədəbiyyatını tədqiq edən yeganə nüfuzlu alimin Michael (almanca tələffüzdə: Mixael) Hess olduğunu desək, yanılmarıq. Bu alimin Avropa elminin böyük mərkəzlərində klassik irsimizin Qazi Bürhanəddin, Nəsimi, Xətai və başqa nümayəndələri ilə bağlı çıxışları və məqalələri bir azərbaycanlı kimi qəlbimizdə hədsiz minnətdarlıq hissi doğurur.

Mixael Hess 1967-ci ildə Almaniyanın Offenbax şəhərində dünyaya gəlib, 1987-1992-ci illərdə Frankfurt Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti əlaçı magistr diplomu ilə bitirib. 1993-1997-ci illərdə M.Hess Maynz Universitetinin doktoranturasına qəbul olub, görkəmli türkoloq alim Lars Johansonun rəhbərliyi altında doktorluq dissertasiyası yazıb, 1997-ci ilə müdafiə edib. M.Hess Almaniyanın nüfuzlu Maynz, Freie Universitet Berlin, Frankfurt am Main universitetlərində elmi tədqiqatlar aparmaqla yanaşı, həm də müəllim kimi fəaliyyət göstərib Azərbaycan ədəbiyyatından mühazirələr söyləyib. O, universitet illərində türk dili və ədəbiyyatı və islam elmləri ilə yanaşı, yunan dilini də öyrənib. Bir haşiyə çıxıb qeyd etmək istərdim ki, hal-hazırda qabaqcıl dünya elmində sırf bir sahə ilə bağlı tədqiqatlardansa, müxtəlif elm sahələrini özündə birləşdirən əsərlərə üstünlük verilir və kadrların hazırlığında da bu məqsəd güdülür. Şərq dilləri və ədəbiyyatı ilə yanaşı yunan fəlsəfəsini, İslam daxilində yaranmış müxtəlif fikir cərəyanlarını mükəmməl bir tərzdə mənimsəmiş gənc alim tədqiqat sahəsi kimi klassik Azərbaycan ədəbiyyatını və Nəsimi yaradıcılığını seçir. Onun bu sahədə yazdığı əsərlərdə qərbin mükəmməl metodologiyasının Şərq mədəniyyətinə tətbiqindəki uğurlar hiss olunmaqdadır.

2000-2004-cü illərdə Alman Elmi-tədqiqat Assosiasiyası Mixael Hessi böyük Azərbaycan şairi Nəsiminin türkcə divanının tədqiqi proyektinə cəlb edir. Həmin illərdə alim dəfələrlə Bakıya, İstanbula, Konyaya səfər edir, şairin divanının əlyazma nüsxələri ilə tanış olur. M.Hess 2009-cu ildə bu tədqiqatını Die Sprache des Menschengottes (Untersuchungen zu Imad əd-Din Nəsimis (d. ca. 1400) türkischem Divan (Həqq əhlinin dili; İmadəddin Nəsiminin türkcə divanı üzərində tədqiqat) adlı kitab halında nəşr etdirir. Bundan sonra alim Almaniyanın nüfuzlu universitetlərindən olan Freie Universitet Berlində müxtəlif proqramlara cəlb olunur. M. Hess hürufilik, İslamda hərf simvolizminin yaranması və təkamülü, konkret olaraq, Nəsimi yaradıcılığı ilə bağlı bir sıra sanballı tədqiqatların müəllifidir. Əski ərəb əlifbası ilə yazılmış orta əsrlər türk əlyazmalarının oxunması və araşdırılması sahəsində misilsiz mütəxəssis olan alim bu sahədə də bir sıra tədqiqatlar ərsəyə gətirib.

Mixael Hessin Azərbaycana bağlılığı heç də ədəbiyyatla məhdudlaşmır. 2014-cü ilin oktyabrında alim Almaniyanın Oldenburq şəhərində Carl von Ossietzky universitetində Azərbaycana qarşı 20 Yanvar terroru ilə bağlı məruzə ilə çıxış edib. Həmin ilin noyabrında Mixael Hess Berlində Qarabağ konflikti ilə bağlı məruzə edib.

M.Hess Azərbaycan ədəbiyyatı ilə bağlı mütəxəssis qismində Brill nəşriyyatı tərəfindən İslam Ensiklopediyasının 3-cü nəşrinin hazırlanmasına cəlb edilib. Çoxcildli İslam Ensiklopediyasının nə qədər nüfuzlu bir nəşr olmasını təkrarlamağa ehtiyac yoxdur. Brill nəşriyyat evi bu nəşrin ətrafında müasir dünyamızın ən ünlü alimlərini toplayaraq Ensiklopediyanın yeni nəşrinin hazırlanmasına başlayıb. M.Hess artıq burada “Azərbaycan ədəbiyyatı” adlı icmal xarakterli yazı və Abbasqulu ağa Bakıxanov, Abdulla Şaiq, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Abbas Səhhət və başqa yazarlarımızla bağlı oçerklərlə təmsil olunur. Lakin bu siyahı tam deyil; ensiklopediya üzərində iş davam edir. M.Hess Almaniyanın özündə nəşr olunan ədəbiyyatla bağlı ensiklopediya və lüğətlərdə də Azərbaycan ədəbiyyatı ilə bağlı hissələrin yazılmasında fəal iştirak edir.

Mixael Hessin klassik irsimizlə bağlı xidmətlərini qeyd etməkdə məqsəd Azərbaycanın müvafiq elm müəssisələrinin diqqətini onun yaradıcılığına cəlb etməkdir. Onun Nəsimi ilə bağlı monoqrafiyasının doğma dilimizə tərcüməsi də gündəmə gəlsə yaxşı olar. Eləcə də, alimlə əlaqələri genişləndirib görkəmli ədib və şairlərimizin dünyada tanınması sahəsində nəzərəçarpan uğurlar əldə edə bilərik.

Budur – Mixael Hess!

- Cənab Hess, məlum olduğu kimi, Siz Azərbaycan dilində yaxşı danışırsınız? Dilimizə və ölkəmizə bu məhəbbət necə yaranıb?

- “Azәrbaycan dilində yaxşı danışırsınız” deməklə böyük iltifat edirsiniz. Halbuki Azәrbaycan dilindә çox şeylər var ki, öyrәnmәyim lazım gəlir. Azәrbaycan dilinә, xalqına vә mәdәniyyәtinә olan sevgimlә bağlı çox danışmaq olar. Azәrbaycanın çox maraqlı tarixi, mәdәniyyәti vә әdәbiyyatı var ki, İmadəddin Nәsimi burada xüsusi bir yer tutur. Bu ölkənin saysız-hesabsız mәdәniyyәt, әdәbiyyat, incәsәnәt, musiqi nümunələri qürurvericidir. Azәrbaycan ədəbiyyatının әn maraqlı xüsusiyyəti, zənnimcə, tarix vә mәdәniyyətin birlәşmәsi, milliyi qorumaq şərtilə, Səfəvilər dövründən başlayaraq Rusiya vә Qәrbin harmoniyasının əks etdirilməsidir.

- Bakıda Heydər Əliyev Mərkəzində Sizin "Müasir kontekstdə Nəsiminin dərk olunması" adlı mühazirəniz keçiriləcək. Onun əsas məğzi nədir və Nəsiminin yaradıcılığı və fəlsəfəsi dövrümüzə hansı ismarıcı çatdırır?

- Nәsiminin bütün mənəvi irsinin dəyərini qiymətləndirmək çətindir. Bu irsin bir hissəsini Heydәr Әliyev Mәrkәzindәki mühazirәmdә açmağa çalışacağam. Mәsәlәn, onun dövründə hakim olan dini ehkamdan fәrqli Hürufilik tәlimini yaydığına görə çәkdiyi әziyyәt vә faciәli ölümündәn dini tolerantlıq barәdә dərslər ala bilərik. Nәsiminin vә şeirlәrinin “modern” olan digәr bir xüsusiyyəti isә onun mütlәq hәqiqәti axtararkәn göstәrdiyi emosionallıqdır. Bu xüsusiyәt onun şeirlәrinin daxili açmağa imkan verir. Özü dә nəinki azәrbaycanlılar vә ya müsəlmanlar üçün, eləcə də Avropadan olanlar üçün da. Hal-hazırda yaşadığımız dövrdə bir neçә insan belә bir axtarışa çıxıb. Köhnә inanclarda, onların hәyatımızdakı yerindә vә digər bu kimi xüsuslarda bir neçә dəyişiklik etmək lazımdır. Mәnim fikrimcә, Nәsimi vә digәr hürufilәr dә belә bir layihә ilә yola çıxmışdılar.

- Siz bizim ölkəmizdə və dünyanın bir çox şəhərlərində olmusunuz. Azərbaycanın, onun insanlarının, paytaxtının, mədəniyyətinin və tarixinin özəlliyi nədədir? Zəhmət olmasa, təəssüratlarınızı paylaşın.

- Mәn bir neçә Avropa ölkәsi, Rusiya, Çin, Qazaxıştan, Türkiyә, uşaqlığımda isə Amerikada olmuşam. Sizdәki ürәyiaçıqlıq çox xoşuma gәlir. Bakıdan olan dostlarla bir məclisdə olarkən, Azәrbaycanın qədim tarixi, zәngin mәdәniyyәti, tolerantlıq ənənələri barədə söhbətlər edirik və bundan böyük zövq alıram. Azərbaycan, fikrimcə, mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu, yaxınlaşdığı bir yerdir.

- Elmi fəaliyyətlə yanaşı, Siz həmçinin Azərbaycan haqqında həqiqətlərin, 20 yanvar faciəsi və Qarabağın erməni separatçıları tərəfindən işğalı barədə faktların çatdırılması üzrə aktiv ictimai fəaliyyət göstərən şəxs kimi tanınırsınız. Bu sahədə fəaliyyətə sizi nə vadar edir?

- Düşünürəm ki, dəqiq və qərəzsiz tarixi faktlar olmadan sülh vә qarşılıqlı anlaşma dünyanın heç bir yerindә mümkün deyil. Mәsәlәn, Almaniyanın 1939-1945-ci illərdə Rusiya, Fransa vә digər ölkәlәrdә törәtdiyi dәhşәti necə inkar etmək olar? Əgər Almaniya, 1945-ci ildən sonra Fransaya qarşı işlәtdiyi cinayәtlәri qәbul etmәsәydi, bu ölkə ilə münasibətlər qura bilməzdi. Keçmişdә törədilən bütün cinayәtlәri, dәhşәtlәri olduğu kimi göstәrmәk lazımdır. Dağlıq Qarabağ ilә әlaqәdar olan kitabımı yazmağımın bir sәbәbi, Avropada, daha dəqiq desək, Almaniyada Dağlıq Qarabağ münaqişәsi barәdә çox az məlumatın mövcudluğu vә məlumatların birtәrәfli, yәni Azәrbaycan әleyhinә olması idi. Avropalılar Azərbaycanın haqq səsini eşitməli, ərazisinin 20 faizinin işğalda olması ilə bağlı müfəssəl məlumatlara malik olmalıdırlar. O cümlədən, Xocalıda ermənilərin törətdikləri dəhşətlər hamıya məlum olmalıdır.

- Öz aktiv fəaliyyətinizlə Siz Almaniya və Azərbaycan arasında özünəməxsus mədəniyyət və elm körpüsü rolunu oynayırsınız. Zəhmət olmasa, bu istiqamətdə gələcək planlarınız barədə danışın.

- Hal-hazırda “Qarabağ qarabağlı ədəbiyyatşünaslar və Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna dair” adlı kitab üzərində işləyirəm. Bununla yanaşı, Azәrbaycanın tarixi vә әdәbiyyatı ilә bağlı digər layihələrim də var. Ümidvaram ki, Bakıdakı Azәrbaycan Tәrcümә Mәrkәzi ilә əməkdaşlığım gələcəkdə öz töhfəsinin verəcək.

Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival tamaşaçılar üçün bilet və dəvətnamələrlə yox, yalnız www.nasimifestival.live rəsmi saytında qeydiyyatdan keçməklə baş tutacaq. Bu saytda layihə barədə daha ətraflı öyrənmək olar. Ona görə də saytda qeydiyyatdan keçmək lazımdır, bu, həm də tədbirlərə giriş bileti olacaq.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti