...

Peşəkar münasibət və gördüyümüz işin bəhrəsi mənim əsas enerji mənbəyimdir - Firuzə İsmayıl (MÜSAHİBƏ)

Cəmiyyət Materials 17 İyul 2021 10:00 (UTC +04:00)

Bakı. Çingiz Səfərli -Trend:

Firuzə İsmayıl bir insan obrazına bir neçə şəxsiyyəti sığışdırıb. O, ADA Universiteti Fondunda Sponsorluq Layihələri şöbəsinin direktoru, “Xəzər” TV-də yayımlanan “Persona” verilişinin aparıcısı və layihənin rəhbəridir.

Müsahibinin ən incə hisslərinə xitab edən, daxili aləminin zənginliyini sərgiləyən, iç dünyasına daxil olaraq onun “Persona”sını nümayiş etdirən Firuza İsmayılın Trend-ə müsahibəsini təqdim edirik:

- Firuzə xanım, “Persona” verilişi ilə üzərinizə sanki yeni bir missiya götürmüsünüz. Bu missiyanızla tanıdığımız məşhur simaları, əslində, heç tanımadığımızı bizə nümayiş etdirirsiniz. Nədir sizi bu missiyaya ruhlandıran? Nə üçün məhz belə bir veriliş hazırlamaq ideyası ortaya çıxdı?

- Təşəkkür edirəm. Hər zaman yaradıcı beyni, geniş təfəkkürü insanın ən böyük zənginliyi hesab etmişəm. “Persona” layihəsinin meydana gəlməsinin də əsasında məhz elə bu faktor dayanır: insan obrazını yenidən kəşf etmək, müsahibin ictimai simasının heç kimə göstərmədiyi çalarlarını, zəngin beynini, yaradıcı düşüncə tərzini ortaya çıxarmaq. Fikrimcə, hər insan böyük bir buz dağı, yəni “iceberg” kimidir. Məqsədim, həmin o buz dağının görünməyən tərəflərini nümayiş etdirməkdir. Mütəmadi olaraq xanım məşhurlar mənim qonağım olurlar. Onların personajını açıb tanıdan zaman mən həm də qadın ruhunun incəliyini, amma eyni zamanda, qüdrətini nümayiş etdirməyə çalışıram. Öz peşəkarlığı ilə seçilən müsahiblərimi rol modeli olaraq ictimaiyyətə təqdim edib, həm də qadınların cəmiyyətdəki rolunun daha da güclənməsinə xidmət etməyə çalışıram.

- Gəlin, biraz “Persona” verilişindən, onun təbliğ etdiyi dəyərlərdən bəhs edək.

- Bu veriliş hələ ideya mərhələsində olarkən onu yalnız “YouTube” üzərindən yayımlamaq qərarında idik. Lakin, verilişin aşılamağa çalışdığı sosial dəyərləri, hər bir müsahibənin ərsəyə gəlməsində çəkilən əziyyəti, komandanın zəhmətini nəzərə alaraq, onu bir platforma ilə məhdudlaşdırmaq istəmədik. Hazırda "Persona" verilişi "Xəzər TV"də yayımlanır. Verilişin məqsədi öz sahələrində sözünü demiş insanları cəmiyyətə fərqli rakursdan tanıtmaqdır. İnsanların şəxsi həyatına deyil, daha çox onların yaradıcılığına fokuslanırıq. Mədəniyyətimizi təbliğ etməyə, gənclərə muğam və müasir musiqi, yerli kinematoqrafiyanı aşılamağa çalışırıq. Bir çox gənclərimiz var ki, öz bacarıqlarını nümayiş etdirməyə utanırlar. Veriliş onların bir tərəfdən də ölkə ictimaiyyətinə tanıdılmasına xidmət edir. Hazırda müsahibə formatındadır, lakin gələcəkdə formatı dəyişdirmək istəyirik. Hər verilişdən sonra sorğular keçiririk. Bu sorğuların nəticəsində verilişi daha da bədiiləşdirmək fikrinə gəldik. Əslində, veriliş vasitəsilə izləyiciləri dünyaya fərqli pəncərədən baxmağa vadar etməyə çalışırıq.

- İşləmək əzminizin, sizi dinamik saxlayan enerjinizin mənbəyi haradandır?

- ADA-da karyera qurmağımın, məhz ADA dəyərlərini məmimsəməyimin karyeramdakı rolu böyükdür. ADA məktəbinin aşıladıqları mütəxəssis kimi yetişməyimizə səbəb olub. Demək olar ki, Universitetin əsasının qoyulduğu ilk günlərdən komandaya qoşulmuşam. ADA böyüdükcə daxili dünyamın da onunla birgə böyüdüyünün, genişləndiyinin şahidi olmuşam. Bizə o qədər etibar hissi verilib, o qədər inam aşılanıb ki, həm şəxsi, həm də iş həyatımızı balanslaşdıra bilmişik. Nəticədə, ADA-nı ikinci evimiz kimi qəbul etmişik, burada olmaqdan zövq almışıq. İnsanın işindən zövq alması çox vacibdir. Çünki, həyatımızın böyük hissəsini işdə keçiririk. Bu baxımdan, iş həyatımızla şəxsi həyatımızın balanslaşdırılması, bizə səhvlərimizi düzəltmək, eləcə də səhvlərimizdən öyrənmək imkanının verilməsi işə olan həvəsimi daha da artırır. Bir sözlə, bizə göstərilən etibar, peşəkar münasibət və gördüyümüz işin bəhrəsi mənim əsas enerji mənbəyimdir.

- Təfəkkürün zənginliyi həm şəxsi müşahidələrimizdən, həm də oxuduğumuz kitablardan, hətta dinlədiyimiz musiqilərdən asılıdır. Bəs siz ən çox hansı janrda musiqiləri dinləyir, hansı kitabları oxuyursunuz? Sevdiyiniz ifaçılar kimlərdir?

- Musiqinin aşiqiyəm. Janr seçimi etmirəm. Bu, əhval-ruhiyyəmdən asılı olaraq dəyişir. Uzun və fəal keçən günün sonunda evə yollanarkən məni daha da aktivləşdirəcək dinamik musiqiləri dinləyirəm. Evdə olarkən isə bir qayda olaraq, Andrea Boçellinin ifalarına qulaq asıram. Bu, həm də mənim operaya olan vurğunluğumdan irəli gəlir. Milli ifaçılarımızdan isə Alim Qasımovun ifasının vurğunuyam. Həmçinin İsfar Sarabskinin ifalarını dinləməyi sevirəm. Piano, cazz, rok və s. - hər janr fərqlidir, lakin musiqinin insana bəxş etdiyi hisslər isə dəyişilməzdir. Bu səbəbdən də bir istiqamətdə musiqi dinləmirəm. Başqa, sözlə inanıram ki, musiqi seçimi də xarakterimiz kimi rəngli və fərqlidir. Kitablara gəldikdə, klasik ədəbiyyatı sevirəm. Orta məktəbdə rus bölməsini bitirdiyimdən, Dostoyevski, Tolstoy, Lermontov və Puşkinin əsərləri formalaşmağımda xüsusi iz saxlayıb. Ən maraqlısı isə odur ki, həmin əsərləri yenidən oxuyarkən düşüncəmdə tamamilə başqa fikirlər formalaşır. Bu da yəqin ki, həyat təcrübəsindən irəli gəlir. Bulqakovun, Dantenin əsərlərini oxumaqdan xüsusi zövq alıram. Klassik ədəbiyyatla yanaşı, müasir ədəbiyyatı da oxuyuram. Amma təəssüf ki, müasir ədəbiyyatı oxuyarkən hər bir cümlənin, ifadənin məna yükünü hiss etmirəm.

- Dostoyevskidən söz düşmüşkən: “İdeal insan olmur”. Həyatınızda elə bir səhviniz olubmu ki, sonra bunun “cəzasını” almısınız?

- Səhv etmək hər bir insana məxsus xüsusiyyətdir. Lakin etdiyi səhvlərdən nəticə çıxarmaq kamil insana məxsus xüsusiyyətdir. Bu səbəbdən də edilən səhvi kamil insan olmaq yolunda qət edilən məsafə kimi qəbul edirəm. Həyat, mənim fikrimcə, hərəkət və emosiaların sintezindən yaranıb. Həyatdan səhvlərim vasitəsilə öyrəndiklərimi “cəza” kimi deyil, dərs kimi qiymətləndirdiyimdən, deyə bilərəm ki, həyat ən böyük müəllimdir. Səhv etməkdən uzaq durmaq və ya yayınmaq üçün isə əlimizdən gələn qədər emosional vəziyyətimizi idarə etməyi bacarmalıyıq. Məhz emosional gərginlik, qayğılar, insan ruhundakı natahatlıq hər birimizi səhv etməyə vadar edir. İnsanlar törətdiyi əməldən ötrü xətirlərinə dəydikləri insandan üzr istəməyi bacarsalar, bir çox problemlər həllini taparlar. Çünki inciklik, küsülülük olanda, problemlər daha da dərinləşir. Bunları nəzərə alaraq deyə bilərəm ki, özümüzlə, öz daxilimizlə harmoniyada yaşamağı bacarmalı və bu yolla özümüzü səhvlərdən arındırmalıyıq. Budur, mənim kamilləşmək yolundakı həyat fəlsəfəm!

- Aktrisa olmağı necə, düşünmüsünüzmü?

- Aktrisalıq fəaliyyətim olub. Rus Dram Teatrında Zaur İsgəndərovla tərəf müqabili olmuşam. Maraqlısı odur ki, mənim aktrisalıq fəaliyyətim pandemiya dövründə başlayıb. Bu dövrdə bir çox insan özünə qapanmağa meyilli olsa da, həmin dövrdə biz, qısa metrajlı, psixoloji film çəkdik. Düşündüm ki, pandemiya dövründə özü ilə baş-başa qalan insanın xatakterini ortaya qoymaq, nəticədə onu özünə doğru bir addım atmağa cürətləndirmək pandemiyanın mənə verə biləcəyi ən böyük fürsətdir. Məhz bu fürsət "Vicdan" filmini ərsəyə gətirdi. Bu filmi bəziləri Tanrı ilə insanın görüşü və ya insanın məbəddə, Tanrı qarşısında etdiyi səhvlərin etirafı kimi qiymətləndirirlər. Bəziləri isə deyir ki, orada Zaur İsgəndərovun qarşısında dayanaraq etiraf etdiyi şəxs məhz elə onun sevdiyi qadındır. Lakin digərlərinin fikrincə, həmin şəxs qadın deyil insanın Tanrısı və ya vicdanıdır. Film tam hazır olmadığından, hələ heç bir televiziya məkanında yayımlanmayıb. Filmin rejissoru Əli Zamansoydur. Digər sevindirici məqam odur ki, filmdə İsfar Sarabskinin musiqi əsərindən istifadə olunub. Bədii fəaliyyətimlə bağlı fikirlərimi tamamlayarkən sonda onu deyə bilərəm ki, bədii fəaliyyətim ümumi fəaliyyətimin əsasını təşkil edir. ADA kampusunda etdiyimiz çəkilişlər, müsahibələr də məhz elə bu fəaliyyətimin bir hissəsi kimi qiymətləndirilə bilər.

- İşinizlə bağlı yəqin ki, bir çox fərqli insanla rastlaşırsınız. Onlarla olan ünsiyyətinizdə hansı fərqli yanaşmaları tətbiq edirsiniz?

- Gün ərzində bir çox fərqli şəraitdə bir çox şəxslə üz-üzə gəlirik, qarşılaşırıq. Hər bir görüşün formatı və məzmunu fərqli olduğundan istifadə etdiyim ünsiyyət formaları da fərqlidir. Məsələn, işgüzar görüşdə olarkən istifadə etdiyin yanaşmadan ailəmizlə və ya doğmalarımızla görüşərkən istifadə edə bilmərik. Buradakı fərqi və ya balansı saxlamaq məhz insanın peşəkarlığından irəli gəlir. Buna baxmayaraq, iki şey dəyişilməz olaraq qalır: insanlar arasında etibar və hörmət. Bu iki göstərici mənim üçün olduqca vacibdir. Kimliyindən və ya harada və hansı şəraitdə qarşılaşmağımızdan asılı olmayaraq, aramızdakı münasibət qarşılıqlı hörmətə əsaslanmalıdır. Peşəkarlıq da məhz bunu tələb edir!

- Etibarlılığın önəmli olduğunu deyirsiz. Bəs sizinlə ünsiyyətdə olanlar sizi etibarlı insan kimi qiymətləndirirlərmi?

- Zənnimcə, bu sualın cavabını mənimlə işləyən və məni tanıyanlar verə bilərlər. Lakin, deyilənlərə görə etibarlı tərəfdaş, yaxşı dostam.

- Firuzə İsmayıl özünü persona kimi necə xarakterizə edə bilər?

- Öz xarakterimi bir sözlə ifadə etsəm deyə bilərəm ki, mən “səyyaham”. İnsan ruhuna səfər etməyi, onun qəlbini və beynini kəşf etməyi və hüdudsuz bölgələrində gəzməyi sevən “səyyah”. İnsanların, bəşəriyyətin vurğunuyam. İnsanları cinsinə, sosial statusuna görə qiymətləndirmirəm, tərəfsiz, neytral olmağa çalışıram. Tərəfini saxladığım yeganə anlayış ədalətdir. Sosial statusuma gəldikdə isə titullarım bunlardır: övlad, ana, rəfiqə, peşəkar əməkdaş.

- Sizi qeyd etdiyiniz bütün bu titullarınızda uğurlu edən nədir?

- Məncə statusundan asılı olmayaraq, insanları uğurlu edən onun ilk növbədə özünə və ətrafdakılara göstərdiyi diqqət və qayğıdır. Hər birimizi mühit formalaşdırır. Lakin buna baxmayaraq, biz özümüz də mühitin formalaşmasına töhfəmizi veririk. İnsan bildikləri və gördükləri qədər zəngindir. Əgər biz biliyimizi, səriştəmizi və bacarıqlarımızı ətrafımızın, daha geniş mənada isə cəmiyyətin inkişafına sərf etmiriksə, deməli, gələcəyə və daha yaxşı cəmiyyətin qurulmasına heç bir fayda verə bilmirik. Bu yaxınlarda, ADA Universitetində keçirilən 5-ci Beynəlxalq Təhsil Konfransında “Charles Sturt” Universitetindən Stefen Kemmis çox maraqlı mövzu ilə çıxış etdi. Mövzusunun başlığı belə idi: “Yaşamağa dəyər dünyada yaxşı bir həyat üçün təhsil". Onun çıxışını dinləyərkən təhsilin inkişafımızda və ümumiyyətlə, fərd olaraq xoşbəxt olmağımızda nə qədər aparıcı rol oynadığını yenidən xatırladım. Bunları nəzərə alaraq, Azərbaycanda öz yüksək akademik dəyərləri ilə seçilən bir qurumun əməkdaşı kimi deyə bilərəm ki, təhsil, insanı uğura aparan ən vacib vasitələrdəndir, hətta deyərdim ki, insanın həyatda əldə etdiyi ən böyük şanslardan biridir.

- Şansdan danışdınız, mühitdən söz açdınız. Amma bir çox insan var ki, çətin şəraitdə, ağır mühitdə böyüyüb, amma özünü formalaşdırmağı bacarıb, həyatda bir çox şeylərə nail olub. Deməli, insanın özündən asılıdır.

- Bununla razıyam. Mühit dediyim, təkcə sosial mühit deyil. Ailədə olan vəziyyət, dostlar, doğmalar və s. – bunlar hamısı bir-birilə əlaqəli şəkildə mühitin formalaşmasına fayda verir. Bu gün rayonlara gedəndə nə qədər işıqlı insanlar olduğunu görürəm. Həmin insanların bəziləri məsafə baxımdan müəyyən çətinliklərlə üzləşsələr də, təhsil alırlar. Lakin, heç bir çətinlik bizi dayandırmamalıdır. İnsan daim öz üzərində çalışmalıdır. Bir az ara versək, o zaman düşdüyümüz boşluq bizi udacaq. Digər tərəfdən zəmanə ilə ayaqlaşmaq vacib şərtdir.

- Hobbiniz varmı?

- Akademiyada vokal təhsili almışam. Həyatda təsadüfün olduğuna inanmadığımdan, deyə bilərəm ki, bu da təsadüfi deyil. Oxumağa olan marağım məni bu sahəyə istiqamətləndirdi. Mən deyərdim ki, musiqi insan ruhunun ən incə süzgəcindən süzülən, ruhumuzu oxşayan melodiyadır. Musiqi demək istədiklərimizin melodik tərcüməsidir. Nəhayət, musiqi beynimizin və ürəyimizin harmoniyasıdır.

- Sonda özünüzə bir sual verməyinizi istərdim?

- Mənə maraqlıdır ki, mən nə vaxt dayanacağam. Cavabımda deyə bilərəm ki, nə vaxtsa insan mütləq dayanır. Amma o vaxta qədər daim çalışmalıyıq. Hərəkət olmasa, insan həyatının da bir mənası olmaz.
Hər insan bir missiya ilə dünyaya gəlib. Gəlin, bu missiyamızı ola biləcək ən ali, ən peşəkar şəkildə yerinə yetirək. Lakin, bir məsələni isə heç zaman unutmayaq: Ən böyük missiyamız humanist dəyərlərə sahib insan olmaqdır! Hər kəsə bu missiyasında uğurlar.

Qeyd edək ki, Əliyeva Firuzə İsmayıl qızı 164 saylı orta məktəbi, daha sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 2010-cu ildən ADA-nın Xarici siyasət proqramında çalışıb, eləcə də Bakalavra qəbul şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2016-cı ildən etibarən isə ADA Universitetinin Fondunda Sponsorluq Layihələri şöbəsinin müdiri vəzifəsində çalışır.

“Persona” verilişinin və “Vicdan” filmindən olan görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti