Bakı. Trend:
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu iyunun 29-dan peşəkar ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb. Yarımfinal və final mərhələlərinin hazırlığı məqsədilə təşkil olunan təlimlərdə xaricdən gələn ekspertlər üç gün ərzində 70 ekspertə təlim keçəcək. Eyni zamanda, onlar müsabiqənin yarımfinal və final mərhələlərində iştirak edərək öz tövsiyələrini verəcəklər.
Təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunacaq. İştirakçılar oxşar imtahan vəziyyətini simulyasiya edəcək və onların səriştələri ekspertlər tərəfindən qiymətləndiriləcək. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, tətbiqi və ekspertlərin rolu ilə bağlı məlumat veriləcək. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və Azərbaycanın qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir.
Yarımfinalda iştirakçıların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi.) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini ehtiva edir.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi 1-3 iyul
tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Əvvəlki
mərhələləri uğurla başa vuran 332 nəfər yarımfinalda iştirak hüququ
qazanıb.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi
rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət
xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr
ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı
gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.