Bakı. Trend:
ABŞ-nin Arizona ştatında dağlıq ərazidə baş vermiş helikopter qəzasında 4 nəfərin həlak olmağı təsdiqlənib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qəza yerində aparılan xilasetmə-axtarış tədbirlərindən sonra dağıntılar arasında 59 yaşlı pilot və 3 sərnişinin meyiti aşkarlanıb. Qurbanlar eyni ailənin qadın üzvləridir, ikisi 21, biri 22 yaşında olub.
İlkin versiyaya görə, özəl şirkətə aid helikopter ekstrimal əyləncələr üçün nəzərdə tutulan trosa ilişərək qəza edib.
Hadisə ilə bağlı araşdırma davam edir.
xxx
03:40
ABŞ-nin Finiks şəhəri yaxınlığındakı dağlarda özəl helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "ABC News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hadisə 2 yanvar tarixində yerli vaxtla təxminən saat 11:00-da baş verib. Təyyarədə dörd nəfər olub, lakin onların vəziyyəti barədə məlumat yoxdur. Təcili yardım xidmətləri qəza yerinə çatmağa çalışır.
İstintaqla ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məşğul olacaq.
