...

Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 18 May 2023 15:38 (UTC +04:00)
Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub (FOTO)

Bakı. Trend:

Mayın 18-də Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.

Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.

Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.

“ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, iki ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb.

“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri, 7 ünvanında inşa edilib. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Qeyd olunub ki, mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

Mərkəzin daxilində vətəndaşların istirahəti üçün “ASAN kafe” nəzərdə tutulub.

“ASAN xidmət” mərkəzinin ərazisində 50 avtomobil üçün parklama yeri yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti