Bakı. Trend:
Almatı prosesinin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vasitəçilik etmək niyyətindədir.
Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertayev Bakıda keçirilən Almatı Prosesinin III nazirlər konfransında etdiyi çıxış zamanı bildirib.
“Müasir çağırışlar fonunda Almatı Prosesi ölkələrində aşağıdakı əsas miqrasiya tendensiyalarını qeyd edə bilərik: region daxilində əmək miqrasiyasının artması; iqlim dəyişikliyinin əhalinin səyyarlığına təsirinin güclənməsi; miqrasiya idarəçiliyi sahəsində rəqəmsal həllərin fəal tətbiqi; miqrasiya marşrutları və istiqamətlərinin şaxələnməsi; geosiyasi amillərin miqrasiya protokollarına təsiri”, - deyə Ertayev bildirib.
A.Ertayev Qazaxıstanın mövcud miqrasiya vəziyyəti ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.
“2024-cü ildə Qazaxıstanın xarici miqrasiyasında müsbət dinamika nəzərə çarpır. Miqrasiyanın müsbət saldosu 2023-2024-cü illərdə də saxlanılıb. 2024-cü ilin yekunlarına əsasən miqrasiya saldosu + 17,000 nəfər təşkil edib”, -deyə o, əlavə edib.
BMT-nin məlumatlarına istinad edən nazir müavini bildirib ki, bu gün dünyada təxminən 281 milyon beynəlxalq miqrant var ki, bu da planetin ümumi əhalisinin təxminən 3,6 faizinə bərabərdir.
“Həm ölkə daxilində, həm də ölkə xaricində miqrasiya axınlarının səbəbləri arasında silahlı münaqişələr, zorakılıq, siyasi və iqtisadi qeyri-sabitlik, iqlim dəyişikliyi və texnogen fəlakətlər yer alır. Bunun fonunda aşağıdakı qlobal trendlər formalaşır:
Bir sıra ölkələrdə miqrasiya siyasətinin kəskinləşməsi, yüksək-ixtisaslı kadların ölkəxaricinə axını, əmək miqrantlarının hüquqlarının müdafiəsinə olan zərurət, iqlim dəyişikliyi ilə əlaqədar qaçqın düşən insanların sayındakı artım, habelə rəqəmsal həllərin tətbiqi fonunda miqrantların yeni həssaslıq formalarının meydana çıxmasıdır”,- deyə o əlavə edib.