...

“Mülki missiya” adı altında destruktiv qüvvələrin bölgəyə yerləşməsi hibrid təhdidlərin tərkib hissəsidir – Deputat

Siyasət Materials 24 Aprel 2025 12:56 (UTC +04:00)
“Mülki missiya” adı altında destruktiv qüvvələrin bölgəyə yerləşməsi hibrid təhdidlərin tərkib hissəsidir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz həssas region kimi hər zaman böyük güclərin maraq dairəsində olub. Bu coğrafiyada dünyanın gözü qarşısında işğal, soyqırımı, etnik təmizləmə siyasəti baş verib. 30 ilə yaxın davam edən işğal siyasətinə son qoymaq üçün beynəlxalq güclər tərəfindən bir dəfə də olsun ədalətli addım atılmayıb, işğala məruz qalanla işğalçı arasında fərq qoyulmayıb. Başda ATƏT-in Minsk Qrupunun həmsədrləri olmaqla bütün beynəlxalq güclər Cənubi Qafqazda “status-kvo”nun qorunub saxlanması, işğalın davam etməsi üçün əlindən gələni edib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai dinləməsində çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan öz gücü, qətiyyəti, prinsipiallığı hesabına beynəlxalq hüquq normaları çərçivəsində ədaləti təmin edib:

“2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük Zəfər sayəsində bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqlar regionu sülh və əməkdaşlıq bölgəsinə çevirmək üçün yaxşı fürsətdir. Amma işğal dövründə regionu münaqişə bölgəsinə çevirməkdə maraqlı olan qüvvələr bu gün yenə öz ampluasındadır. Məhz bu qüvvələr bu və ya digər formada qeyri-ənənəvi güc alətlərindən hibrid hücumlardan istifadə edərək regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasına mane olurlar. Açıq şəkildə “sülh missiyası” adı altında yeni eskalasiya riski yaratmağa can atırlar. Ermənistan üzərindən çirkin planlar quraraq, ondan “sülh göyərçini” düzəltməyə çalışırlar. Hər cəhdlə region ölkələrinin öz aralarında bir araya gəlməsini, regionda uzunmüddətli sabitliyin yaranmasını istəmirlər. “Mülki missiya” adı altında destruktiv qüvvələrin bölgəyə yerləşməsi, sərhəddə intensiv təxribatların törədilməsi və dezinformasiya şəbəkəsinin aktivləşməsi hibrid təhdidlərin tərkib hissəsidir. Ölkəmizə qarşı təşkil edilən hibrid hücumların təhlili göstərir ki, aparılan kampaniyalar geniş kütlələrə çatmayıb, qarşıya qoyulan məqsədlərə nail olunmayıb”.

Parlamentari əlavə edib ki, bu gün parlamentlər, bəzi beynəlxalq “demokratiya və insan hüquqları” təşkilatları, vətəndaş cəmiyyəti institutlarından ölkəmizə qarşı hibrid hücum alətləri kimi istifadə olunur:

“Erməni lobbisi ilə sıx bağlı olan şəxslərdən istifadə edilməklə Azərbaycana qarşı əlaqələndirilmiş şəkildə hibrid hücumlar həyata keçirilir. Prosesə beynəlxalq media da cəlb olunur və ölkəmizə qarşı siyasi, diplomatik təzyiq üçün kampaniyalar təşkil olunur. Bir sözlə, hibrid təhdidlərin tərifini verənlər bu hücumları həyata keçirmək üçün müxtəlif mexanizmlər də düşünüb, ondan çirkin formada istifadə edirlər. Buna cavab olaraq, səmərəli siyasi-ideoloji təbliğatın aparılması, informasiya təhlükəsizliyinin, kibermüdafiə sistemlərinin gücləndirilməsi vacib faktorlardan biridir. Sabitliyi pozmaq və ictimai şüuru manipulyasiya edən, zərərli ideologiyanın təbliğatçılarına qarşı mübarizədə dövlət və cəmiyyət səviyyəsində görülən mübarizə tədbirləri effektiv nəticələr verir. Eyni zamanda beynəlxalq əməkdaşlıq, ortaq media platformalarının, informasiya mübadiləsinin gücləndirilməsinə də ehtiyac var".

N.Məmmədova qeyd edib ki, maarifləndirmənin, media savadlılığının artırılması, xüsusilə kiberhücumlardan qorunmaq üçün təlimlərin təşkili məqsədəuyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti