Bakı. Trend:
2024-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb. 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi - 1221) şəxs məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1471 zərərçəkmiş şəxs (qadın 1228; kişi 243) müəyyən edilib. Bununla yanaşı, 2 cinayət təkrar törədilib.
2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb (qadın-29, kişi -16).
2024-cü ildə qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət qeydə alın-mayıb.
2024-cü ildə qadınlarla bağlı 6778, o cümlədən zorakılıqla müşayiət olunan 2427 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub.
2023-cü ildə isə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub.
Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4468 şəxs müəyyən edilərək 61,4%-i (2745-i) məsuliyyətə cəlb olunub.
2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 91 qurbandan 90-ı qadın olub.
52 özünü öldürmə həddinə çatdırma cinayəti qeydə alınıb, intihar etmiş şəxslərdən 35-i qadın, 17-si kişi olub.
Qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 70 cinayət faktı üzrə 71 qadın zərərçəkmiş qismində tanınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6.970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.