Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 4,389 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 2,449 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə İtaliyaya ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,989 milyon ton və ya 82,9%, dəyər ifadəsi ilə 911 milyon ABŞ dolları, yaxud da 59,2% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 2,4 milyon ton miqdarında, 1,538 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. u, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 198,093 milyon ABŞ dolları və ya 4,5%, həcm ifadəsində isə 1,3 milyon ton və ya 18,4% çoxdur.