Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına humanitar yardımın göndərilməsinə başlayır.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Naziri Abdullah bin Zayed Əl Nəhyan ilə İsrailin xarici işlər naziri Gideon Saar arasında baş tutan telefon danışığı zamanı razılıq əldə olunub. Məlumatı Əmirliklər Xəbər Agentliyi (WAM) yayıb.
Bildirilib ki, ilkin mərhələdə göndəriləcək yardım təxminən 15 min dinc sakini ərzaqla təmin etməyə imkan verəcək. Yardım paketinə həmçinin uşaq məhsulları və çörək istehsalı üçün nəzərdə tutulan xammal daxildir.
Qeyd edək ki, mayın 18-də İsrail Müdafiə Qüvvələri “Gideonun cəng arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib. Həmin gün İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi Qəzzada aclığın qarşısını almaq üçün əraziyə baza səviyyəsində ərzaq gətirilməsinə icazə veriləcəyini açıqlayıb.