...

Uşaq bağçası şəbəkəsi genişləndirilməli, ödənişli atalıq məzuniyyətinin müddəti artırılmalıdır – Dövlət Komitəsi

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
Uşaq bağçası şəbəkəsi genişləndirilməli, ödənişli atalıq məzuniyyətinin müddəti artırılmalıdır – Dövlət Komitəsi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Komitəsinin tərəfindən “Ailədə gender bərabərliyinə mane olan patriarxal yanaşmalar və ayrı-seçkilik xarakterli stereotiplər mövzusunda təhlil” aparılıb. Təhlil sənədi sosioloji sorğu və ekspertlərlə müsahibələrə əsaslanıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, sosioloji sorğu ölkə üzrə 14 iqtisadi rayonu əhatə edərək 2000 nəfər arasında keçirilib. Müsahibələrə paytaxt və bölgələrdən müvafiq sahə mütəxəssisləri, gündəlik peşə fəaliyyətində gender problemləri ilə qarşılaşan dövlət qulluqçuları, icra nümayəndələri, ziyalılar cəlb edilib.

Ailədə gender bərabərliyinə mane olan patriarxal yanaşma və ayrı-seçkilik xarakterli stereotiplərin ölkə üzrə sosioloji sorğu və müvafiq sahə ekspertləri ilə müsahibələr əsasında tədqiqi bir sıra mühüm nəticələrə gəlməyə imkan verib:

  • Ailədən qaynaqlanan, özəl və ictimai sferaya aid olan patriarxal yanaşma və stereotiplərin yayılma səviyyəsi fərqlidir. Özəl sferaya aid məsələlərə ev işlərinin və qayğı əməyinin bölgüsünə münasibətdə ictimai şüurda olan təsəvvürlər daha patriarxaldır. Qadınların ictimai sferada fəallığına təhsil hüququnun təmin olunması, peşə fəaliyyəti və karyera qurmasına münasibətdə isə partiarxal yanaşma və stereotiplər nisbətən daha zəifdir;
  • Özəl sferada gender bərabərliyinə təsir göstərən mühüm məqam budur ki, klassik patriarxal yanaşmaya görə “kişi işi” hesab edilən fəaliyyət növlərinin (maddi təminat, büdcə idarəçiliyi, bazarlıq) həm kişi, həm qadın tərəfindən yerinə yetirilməsinə tolerant yanaşma meyli vardır və bu ailədə gender bərabərliyinə zəmin yarada bilər. Lakin digər tərəfdən patriarxal yanaşmaya görə “qadın işi” hesab olunan ev işlərinin gender bərabərliyi perspektivindən bölgüsünə isə münasibət birmənalı deyil. Qayğı əməyinə münasibətdə patriarxal və eqalitar yanaşmalar rəqabətdədir, yəni bu sahədə müəyyən mənada kişi iştirakçılığı üçün zəmin vardır;
  • İstər kəmiyyət sorğusunda respondentlərin müvafiq suallara cavabı, istərsə də ekspert müsahibələrindən alınan ümumi nəticəyə əsasən belə qənaətə gəlmək olar ki, digər sahələrlə müqayisədə qızların təhsil sahəsində gender bərabərliyindən faydalanması üçün institusional imkanlar və ailə dəstəyi bir sıra hallarda kifayət qədərdir. Cəmiyyətin ictimai şüurunda qızların təhsil almasına müsbət münasibət üstündür, bu isə hər şeydən əlavə çoxillik ardıcıl dövlət siyasətinin bəhrə verdiyini göstərir. Bununla bərabər, övladına təhsil vermək məsələsində oğul övlada üstünlük verənlər də vardır, onlar rəyi soruşulanların təqribən beşdə birini təşkil edir;
  • Ölkəmizdə qadınların haqqı ödənilən peşə fəaliyyətində iştirakçılığının bir əsrə yaxın ənənələri qadının evdən kənarda işləməsini sosial norma kimi möhkəmləndirib. Lakin qadınların iş karyera uğurlarına münasibət birmənalı olmayaraq qalır. Bu sahədə ailədə qadın və kişini, ər və arvadı müqayisə edərək, kişilərdən daha yüksək nailiyyət gözləntisi də vardır. Yəni, qadınların peşə fəaliyyətinə ümumən münasibət müsbətdir, lakin qadınların uğur və nailiyyətlərinə patriarxal baxış davam etməkdədir. Bu həm də qadının ailədə daha yüksək gəlir əldə etdiyi hallara münasibətin ziddiyətli olmasında özünü göstərir;
  • Ailədə patriarxal yanaşma və ayrı-seçkilik xarakterli stereotiplər uşaqların rifahına görə məsuliyyətin gender bölgüsündə də öz əksini tapır. Burada mənzərənin birmənalı olmadığı üzə çıxır. İctimai şüurda olan normalara gö-rə, ataların övladlara görə məsuliyyəti nikahdan sonrakı dövrə də şamil edilir. Bu öz-özlüyündə ata məsuliyyətinin yüksək mənəvi ideal olmasını göstərsə də, müəyyən mənada qadınların hətta nikahda olmadığı hallarda müəyyən maddi asılılığını, tərəflərin münaqişə vəziyyətində olduqda belə vaxtaşırı kommunikasiyasını, keçmiş həyat yoldaşının nəzarət imkanını da nəzərdə tutur. Belə yanaşma övladın boşanmadan sonra ana ilə qaldığı hallara da aiddir və məlumdur ki, bəzi istisnalar olmaqla, ölkəmizdə bir çox hallarda uşaqlar ana ilə qalır.

Qeyd olunan sosial-demoqrafik amil-lərin patriarxallıq və diskriminativ gender stereotipləri ilə əlaqəsinə dair nəticələr ayrı-ayrılıqda təhlil edilib və onlar aşağıdakı kimidir:

  • Tədqiqat nəticəsində üzə çıxan vacib məqam özəl sahə ilə bağlı patriarxal stereotiplərin qadınlar arasında, karyera ilə bağlı patriarxal stereotiplərin isə kişilər arasında daha güclü olmasıdır;
  • İrimiqyaslı tədqiqat sorğusu onu göstərir ki, ümumən təhsil səviyyəsi yük-səldikcə ailədə gender bərabərliyinə mane olan patriarxal yanaşma və ste-reotiplər də zəifləyir;
  • Respondentlərin maddi vəziyyətinə görə bölgüsü ailədə gender bəra-bərliyinə yönümlüyün daha çox orta təbəqəyə aid şəxslər arasında özünü biruzə verdiyini göstərir;
  • Tədqiqat nəticələrinin qohum nikah və erkən nikah amillərinə görə təhlili bir sıra məsələlərdə məhz bu kateqoriyalara aid olan ailələrdə patriarxallığın, ayrı-seçkilik xarakterli gender stereotiplərinə meylin daha yüksək olduğunu göstərir. Məsələn, ev işlərinin kişi və qadınlar arasında bölgüsü, qayğı əməyinə münasibətdə “əsasən qadın” cavabı qohum evlilikdə olanlar və erkən nikaha girənlər arasında daha çoxdur. Bundan əlavə qadınların təhsil səviyyəsi, iş və karyera məsələlərinin patriarxal perspektivdən dəyərləndirilməsində də bu iki qrupa aid iştirakçılar seçilirlər. Bu isə qohumluq əsasında qurulan ailələr və erkən evlənənlərin ailələrində gender bərabərliyi məsələlərinin daha problemli olması nəticəsinə gəlməyə imkan yaradır.

Təhlil sənədi çərçivəsində həyata keçirilmiş genişmiqyaslı tədqiqat nəticələri ailədə gender bərabərliyinə mane olan patriarxal yanaşma və gender stereotiplərinin tədricən aradan qaldırılması üçün bir sıra tövsiyələrin irəli sürülməsini şərtləndirir:

  • Müvafiq mövzuya həsr olunan, peşəkar səviyyədə təşkil olunmuş ictimai müzakirələrin, debatların təşkili zəruridir. Müzakirələrdə cari tədqiqat olmaqla, ölkəmizdə bu sahədə indiyədək toplanılan tədqiqat əsaslı biliklərin təqdimi faydalıdır;
  • Patriarxallıq və gender stereotipləri zəminində ailələrdə baş verən müna-qişələrin tədqiqi və təqdimi vacibdir. Ev işləri ilə həddən artıq yüklənmə qadınların fiziki və psixoloji sağlamlığına necə təsir edir, bu öz növbəsində ailədə münaqişələrə, hətta ailələrin dağılmasına necə gətirir, qızların təhsildən uzaqlaşdırılması onları sonrakı dövrlərdə hansı imkanlardan məhrum edir, ailə qurduqdan sonra təhsil və iş imkanları məhdudlaşdırılan qadınlar sonrakı yaşlarda işə düzəlmək və maddi vəziyyətini yaxşılaşdırmaq yolunda hansı çətinliklərlə üzləşir, iş təcrübəsi olmayan qadınlar sonradan boşandıqda, dul qaldıqda və ya həyat yoldaşı sağlamlığını itirdikdə yaranan vəziyyət - bu problemlərin elmi əsaslı tədqiqatlarla öyrənilməsi, bu sahədə statistik rəqəmlərin və insan hekayələrinin ictimaiyyətə təqdim edilməsi ailədən qaynaqlanan patriarxallığın və gender stereotiplərinin acı nəticələrinin cəmiyyət tərəfindən geniş şəkildə dərk edilməsini şərtləndirəcək;
  • Tədqiqatda ev işlərinin və qayğı əməyinin bölgüsü patriarxal yanaşma və gender stereotiplərinin ən çox ifadə olunduğu sahə kimi üzə çıxdı. Bu istiqamətdə müsbət dəyişikliklərə nail olmaq üçün bir sıra məsələlər ön plana çəkilməlidir. Burda bir tərəfdən ailədə ev-qayğı işlərinin gender bərabərliyi prinsiplərinə uyğun bölgüsünün təşfiqi, bunun nümunələrinin görünən olması, digər tərəfdən isə müvafiq xidmət sahələrinin inkişaf etdirilməsi və əlçatanlığı vacibdir. Xidmət sahələri dedikdə, ilk növbədə ölkədə uşaq bağçaları şəbəkəsinin əhalinin sayı və sıxlığına müvafiq artırılması nəzərdə tutulur. Bundan əlavə, daha mütəhərrik iş sistemi olan günlük dayə xidmətlərinin inkişaf etdirilməsi, qayğı əməyi sahəsində olan-ların peşəkarlaşması istiqamətində tədbirlər nəzərdən keçirilməlidir. Həmçinin, muzdlu ev əməyi xidmətlərinin təşkili, keyfiyyəti, qanunvericiliklə tənzim edilməsi sahəsində innovativ təcrübələrin tətbiqi əhəmiyyət daşıyır;
  • Ataların övladın böyüdülməsində daha fəal iştirakçılığına zəmin yaratmaq bu istiqamətdə Əmək Məcəlləsində yeni imkanların yaradılması (ödənişli və hazırda olduğundan daha uzunmüddətli atalıq məzuniyyəti) tədbirləri sürətləndirilməlidir;
  • Bir sıra hallarda hətta gender bərabərliyinin daha çox təmin olunduğu ailələrdə övladın dünyaya gəlməsindən sonra patriarxal gender nizamının güclənməsi tendensiyası müşahidə olunur. Bunun səbəbi çox zaman qadınların analıq məzuniyyətinə gedərkən əmək hüquqlarının pozulması, azyaşlı uşaqları olan anaların ev-iş balansına müvafiq iş yerlərinin çatışmamasıdır. Bununla əlaqədar nəinki dövlət sektoru, həmçinin özəl sektorda qadınların əmək hüquqlarının təmin olunmasına sistemli nəzarətin gücləndirilməsi, həmçinin əmək bazarının təkliflər spektrinin genişləndirilməsi, əmək qanunvericiliyinin müddəaları ilə tənzimlənən hissəvi və onlayn iş yerlərinin yaradılması əhəmiyyət daşıyır.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti