...

2024-cü ildə qadınların aldığı ortaaylıq nominal əməkhaqqı 791 manat olub

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
2024-cü ildə qadınların aldığı ortaaylıq nominal əməkhaqqı 791 manat olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun həyata keçirilməsi ilə bağlı hazırlanan Məlumatın təhlili göstərir ki, müəyyən sahələrdə gender bərabərliyinə doğru müsbət tendensiya mövcuddur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, ötən illə müqayisədə 2024-cu ildə gender bərabərliyinə maneə olan məişət zorakılığı, erkən nikah, selektiv abort halları ilə mübarizə tədbirləri nəticəsində aşağıdakı dəyişiklik baş verib:

  • Azərbaycanın 12 iqtisadi rayonu üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 hal azalma var;
  • 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb;
  • Daxili İşlər Nazirliyinə daxil olmuş məişət zorakılığı ilə bağlı müraciətlərin sayı (375 müraciət), o cümlədən məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələrinin sayı azalıb;
  • məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən mühafizə orderlərinin sayı artıb (artım - 145 qısamüddətli və 18 uzunmüddətli);
  • doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq cinslər arasındakı fərq azalıb, 7008-dən 6132-yə düşüb (cins nisbəti hər 100 qıza 113 oğlan)
  • əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Ölkədə ötən illə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında dəyişiklik olmayıb, statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan fərdi sahibkardan 77% kişi, 23% qadın olub.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın sahibkarlara verilən güzəştli kreditlərin sayı artıb. 2024-cü ildə qadın sahibkarlıq subyektlərinin 475 layihəsi üzrə 18.8 milyon manat güzəştli kredit verilib. 2023-cü ildə isə qadın sahibkarlıq subyektlərinin 290 layihəsi üzrə 16.4 milyon manat güzəşt-i kredit verilib.

O cümlədən vergi ödəyicisi və bank əmanətçiləri arasında qadınların sayı artıb.

2024-cü ilin ilkin məlumatlarına əsasən, qadınların orta aylıq nominal əməkhaqqı 791,9 manat, kişilər arasında bu göstərici 1159,9 manat təşkil edib. 2015-ci ildə qadınların orta aylıq nominal əməkhaqqı kişilərin orta aylıq nominal əməkhaqqının 53,9%-ni təşkil etdiyi halda, 2024-cü ildə bu nisbət 68,2% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti