Bakı. Trend:
860 saylı gender əsaslı zorakılıqla bağlı dəstək xəttinə 2024-cü il ərzində 330 müraciət daxil olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, zənglər bir neçə meyara əsasən təhlil edilir. Bu meyarlara zəng edənin kimliyi, yaşı, cinsi, ailə vəziyyəti, təhsili, məşğul luğu, zorakılığın növü, yaşadığı bölgə, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir.
Müraciət edənlərin cins bölgüsü göstərir ki, 272 nəfəri qadın, 58-i kişi olub.
Zənglərin məşğulluq səviyyəsinə görə təhlili göstərir ki, müraciətçilərin 244 nəfəri işsiz və 86-sı məşğul şəxslər olub.
2024-cü il ərzində qəbul edilən zənglərin ailə vəziyyətinə görə təhlilinə əsasən müəyyən edilib ki, müraciət edənlərin 140 nəfəri subay, 137 evli və 53-ü isə boşanmış olub.