...

Qadınların maliyyə resurslarına çıxışı artırılmalıdır – Dövlət Komitəsi

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə “Sustainera Solutions” tərəfindən Azərbaycanın 6 regionunda (Sumqayıt, Neftçala, Lənkəran, Gəncə, Bərdə, və Bakı) yaşayan 1000 nəfər arasında keçirilən sorğular əsasında “İqlim dəyişikliyinin ailənin sosial-iqtisadi vəziyyətinə (qadın və uşaqlara) təsiri” adlı hesabat hazırlanıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Hesabatda toplanan və təhlil olunan məlumatlara görə:

Əsas məşğuliyyətləri ilə yanaşı, iştirakçıların 48%-i əlavə təsərrüfatlarının olduğunu da qeyd edib. Onlardan 32%-i bağçılıqla (25.42% qadın, 6.67% kişi), 30.4% mənfəət üçün məhsul satışı ilə (23.75% qadın, 6.67% kişi), 24.38%-i isə heyvandarlıqla (21.67% qadın, 2.71% kişi) məşğul olur. Burada qadınların sayının üstünlük təşkil etdiyi nəzərə çarpır.

Ümumilikdə isə respodentlərin 81%-i ev təsərrüfatının başçısının kişi olduğunu bildirib. Bu dəyişikliklərin yaratdığı təsirlərin yaşayış və dolanışıq vasitələrinə olan təsirləri ilə bağlı iştirakçılar əsasən iş yerlərinin itirilməsi (34.53%), kənd təsərrüfatı məhsuldarlığının azalması (24.92%), yaşayış xərclərinin artması (22.22%) və kənd yaşayış məntəqələrindən şəhərə miqrasiyanı (17.62%) nümunə göstərib. Təhlil zamanı müəyyən edilib ki, iqlim dəyişikliyinin dolanışıq vasitələrinə mənfi təsiri daha çox iş yerlərinin itirilməsi məsələsi kişi respondentlərin cavablarında özünü büruzə verir.

Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizə sahəsində məlumatlılığın artırılması və problemlərin effektiv həlli üçün istilik xəritəsinin (heat map) hazırlanması tövsiyə olunur. Bu xəritə iqlim dəyişikliyinin bölgələr üzrə təsvirini təmin edərək daha dəqiq strategiyaların hazırlanmasına imkan yaradacaq.

Araşdırma ilkin olaraq Azərbaycanın 6 bölgəsindəki məlumatlar əsasında hazırlanıb. Bununla belə, gələcəkdə digər bölgələr üçün də analoji araşdırmaların keçirilməsi və bu istiqamətdə işlərin geniş ləndirilməsi tövsiyə olunur.

İqtisadi dayanıqlılıq və məşğulluq sahəsində tövsiyələr siyasət strategiyalarının gender əsaslı büdcələşdirmə metodlarının tətbiqini, qadınların maliyyə resurslarına çıxışını artırmağı və yaşıl biznes təşəbbüslərinə dəstək verilməsini nəzərdə tutur. Bu sahədə qadınların təlim və seminarlarla maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatı və resurslara çıxış istiqamətində qadınların dayanıqlı texnologiyalar və resurslardan istifadə imkanlarını artırmaq üçün hüquqi dəstək proqramlarının yaradılması təklif edilir. Su resurslarının idarə edilməsi və kənd təsərrüfatında qadın fermerlərə icma dəstəyi təşəbbüsləri də bu istiqamətin bir hissəsidir.

Sosial dayanıqlılıq və sağlamlıq xidmətləri üzrə qadınların keyfiyyətli səhiyyə xidmətlərinə daha asan çıxışını təmin etmək üçün kənd yerlərində xidmətlərin əlçatanlığının artırılması və təcili yardımın gücləndirilməsi tövsiyə olunur. Eyni zamanda, iqlim dəyişikliyinin yaratdığı stress və psixoloji təsirlərlə mübarizə üçün psixoloji dəstək xidmətlərinin qurulması da vacibdir.

İqlim dəyişikliyinə qarşı dayanıqlılıq sahəsində qadınların maarifləndirilməsi və onların resurslara bərabər olaraq çıxışını təmin edən proqramların tətbiqi ön plan-dadır. İqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarında qadınların ehtiyaclarını nəzərə alan həssas yanaşmaların hazırlanması və fəlakətlər zamanı xüsusi təlimlərin keçirilməsi də tövsiyələr sırasındadır.

Gender bərabərliyi və iştirakçılıq istiqamətində qadınların qərar qəbuletmə proseslərində daha geniş iştirakını təmin etmək, onların təmsilçiliyini artırmaq üçün tədbirlərin həyata keçirilməsi, məişət zorakılığı hallarının erkən aşkarlanması və gender bərabərliyini təşviq edən maarifləndirmə kampaniyalarının təşkili təklif olunur. Bu yanaşmalar həm qadınların hüquqlarını qorumağa, həm də gender bərabərliyi ilə bağlı müsbət dəyişikliklərə töhfə verəcək.

Qeyd edilib ki, bu tövsiyələr iqlim dəyişikliyi, sosial xidmətlər, gender bərabərliyi və iqtisadi dayanıqlılıq kimi sahələrdəki əsas problemlərin həllinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti