Bakı. Trend:
Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Ruanda Prezidentinə “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilat ilə müqavilə imzalandığı diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
“ASAN Xidmət” təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Ruanda Prezidenti ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşün yekunlarına əsasən qurulub.
Bu çərçivədə cari ilin iyun ayında Dövlət Agentliyi ilə Ruandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.