...

Ömürlük azadlıqdan məhrum edilənlər işlərinə yenidən baxılmasını tələb edirlər

Cəmiyyət Materials 17 Aprel 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların işinə yenidən baxılması Azərbaycan dövlətinə tövsiyə olunub. Bu barədə çərşənbə axşamı Qobustan qapalı həbsxanasında aclıq edən bir qrup məhkumun qohumlarının keçirdiyi mətbuat konfransında vəkil Elman Osmanov məlumat verib. Vəkil bildirib ki, hazırda həbsxanada 33 məhkum dünəndən başladığı aclığı davam etdirir. Osmanovun sözlərinə görə, bu məhkumların məsələsi dövlət başçısı tərəfindən birdəfəlik həll olunmalıdır. Həmin məhkumların işinə yenidən baxılması ilə bağlı normativ hüquqi akt qəbul olunmalıdır. Vəkil bildirib ki, ömürlüklər arasında ağır cinayət törədənlərlə yanaşı, ədalətsiz məhkəmə hökmü ilə qanunsuz olaraq bu cəzaya məhkum edilənlər də var. O həmçinin qeyd edib ki, 1998-ci ildə ölüm cəzası ömürlüklə əvəzlənmiş 128 məhkumdan 86-sı hazırda sağdır. 42 məhkum isə Qobustan qapalı həbsxanasında olan dözülməz şərait nəticəsində dünyasını dəyişib.

Məhkum Dəyanət Kərimovun bacısı Nübar Kərimova bildirib ki, qardaşının işi ilə bağlı onun müraciətinə Baş Prokurorluqdan göndərilən cavab məktublarında səhvə yol verilib. Məktubun birində qardaşı Hacı Məmmədovun, digərində isə Elçin Əmiraslanovun dəstəsinin üzvü kimi göstərilib. Həmçinin sonuncu məktubda qardaşının əfv olunaraq cəzasının 25 ilə endirildiyi barədə məlumat verilib. O, bu barədə ölkə başçısına müraciət edib. Hesab edir ki, qardaşı barəsində ədalətsiz hökm də bu səhvlərdən biridir.

Məhkum Şakir Rzaxanovun anası Müslümat Rzaxanova isə məhkumların tələbləri yerinə yetirilməyəcəyi təqdirdə xarici səfirliklərin qarşısında aclıq aksiyası keçirəcəklərini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti