...

AFFA klubları 16 min manatdan çox məbləğdə cərimələdi

İdman Materials 27 Noyabr 2012 14:06 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA klubları 16 min manatdan çox məbləğdə cərimələdi

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in Assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK XXI Topaz Premyer Liqasının XIV turunun oyunlarında qeydə alınmış nöqsanlarla bağlı bir sıra qərarlar qəbul edib.

Belə ki, "Kəpəz" - "Xəzər Lənkəran" matçının 79-cu dəqiqəsində "Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Matçın 80-ci dəqiqəsində "Kəpəz" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Bundan əlavə, "Kəpəz" klubuna ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb, analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Oyun başa çatdıqdan sonra "Xəzər Lənkəran" klubunun futbolçusu Kamal Bayramov azarkeşləri təhqir etdiyi üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Turun "Qarabağ" - "Turan" matçında "Turan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

AZAL - "Sumqayıt" oyununda "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.

Turun "Bakı" - "Neftçi" görüşündə "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 87-ci dəqiqəsində "Bakı" klubunun futbolçusu Novruz Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

"Rəvan" - "Qəbələ" matçının 44-cü dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Rəşad Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində "Rəvan" klubunun oyunçusu Ekrem Hodziç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti