...

Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası

İqtisadiyyat Materials 21 Yanvar 2021 15:42 (UTC +04:00)
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda idman zalları artıq bir ildir bağlı vəziyyətdədir, biz dünya təcrübəsindən istifadə edərək onların fəaliyyətini bərpa edə bilərik.

Bunu Trend-ə açıqlamasında əməkdar idamn ustası Ramil Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrin təcrübəsindən irəli gələn üsullardan istifadə edə bilər:

“Hər kəsin bildiyi kimi, artıq bir il olacaq ki, Azərbaycanda idman sahəsi bir növ durğunluq yaşayır. Müəyyən idman növlərini çıxsaq, demək olar ki, bir çoxları fəaliyyətsiz qalıb. Bunu tək mən yox, o cümlədən, gənclər və idman naziri Azad Rəhimov özü də vurğulamışdı ki, bizim peşəkar idmançılarımızın bəziləri hazırda qeyri-idman sahələrində - mühafizə, taksi və digər sahələrdə işləyirlər. İdman zallarının bağlı olması ilə əlaqədar mən özüm də aidiyyəti sahələrə müraciət ünvanlayaraq fikrimi bildirdim ki, dünya təcrübəsinə əsaslanaraq idman zalları öz fəaliyyətini davam etdirə bilər. Misal üçün, qonşu ölkə Gürcüstan, Türkiyə, hətta İranın belə praktikalarından irəli gələrək bu sahənin fəaliyyətini bərpa edə bilərik”.

R.Əhmədov qeyd edib ki, Azərbaycan öz idmanı və idmançıları ilə dəfələrlə dövlət bayrağını beynəlxalq arenalarda dalğalandırıb:

“Bu il pandemiya ilə əlaqədar bir çox sahələrdə durğunluq olmasına baxmayaraq, 2020-ci il Azərbaycan üçün çox uğurlu oldu. Uzun illərdir həsrətində olduğumuz torpaqlar işğaldan azad olundu, başda Ali Baş Komandan İlham Əliyev və şanlı ordumuz olmaqla biz buna nail olduq. Buna görə ayrılıqda əziyyəti keçən hər kəsə öz minnətdarlığımı bildirmək istərdim və qeyd edim ki, biz idamnçılar da Ali Baş Komandanın əsgərləriyik. Ordumuz öz missiyasını yerinə yetirdi, bayarağımızı işğaldan azad etdiyi torpaqlarda sancdı. İndi isə növbə bizimdir, artıq biz idmançılar həmişə olduğu kimi, bayrağımızı beynəlxalq arenalarda dalğalandırmalı, himnimizi səsləndirməliyik. Biz istəmirik ki, Azərbaycandan zəif olan ölkələr bizi idmanda qabaqlasın. Azərbaycanın idmançılarının bir amalı var, necə ki, ölkəmizi tanıtmışıq, bundan sonra da o cür tanıdaq”.

İdman ustası əlavə edib ki, onlar zalların açılması ilə bağlı TƏBİB və Operativ Qərargaha müraciət ünvanlayıblar:

“İdmançılarla yanaşı, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov iki dəfə TƏBİB və Operativ Qərargaha müraicət ünvanlayıb. Həmin sənəddə dünya təcrübəsinə arxalanaraq idman sahəsini yenidən bərpa etmək təklifləri qeyd edilib. Hazırada idman sahəsində fəaliyyət göstərənlər bu istiqamətdə müsbət addımların atılacağına böyük ümüd edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti