...

"Patent hüququ müqaviləsi"nə dair seminar keçirilib (FOTO)

İqtisadiyyat Materials 5 Mart 2019 12:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Patent hüququ müqaviləsi"nə dair seminar keçirilib
"Patent hüququ müqaviləsi"nə dair seminar keçirilib (FOTO)

Bakı. Trend:

2019-cu il 5-6 mart tarixlərində Azərbaycan Respublikasının Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı ilə "Patent hüququ Müqaviləsi"nə dair seminar keçirilir. Beynəlxalq tədbir dövlət başçısının müvafiq Sərəncamından irəli gəlir və orada qeyd edildiyi kimi, “Patent alınması prosesini sadələşdirən Patent hüququ müqaviləsinə (“Patent Law Treaty”) qoşulmaq üçün müvafiq tədbirlərin görülməsi...” göstərişinin icrası ilə əlaqədardır.

Seminarı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, Azərbaycan uğurla inkişaf edir, yeniləşir, innovasiyalı yoldan keçir və bu yaxınlarda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində qeyd olunduğu kimi: “Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən, Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik”.

Ölkəmizin uğurlu inkişafını 2019-cu ilin ilk ayının yekunları da təsdiqləyir: ümumi iqtisadi artım 3%, qeyri-neft sektorunda 14% təşkil edir.

Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı-dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət (ƏM) sahəsində geniş miqyasda həyata keçirilir. 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində ƏM sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

Sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilmiş və onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, yeni Nizamnamələri təsdiq edilmişdir. Nəticədə ƏM sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətinə başlamışdır.

O, daha sonra vurğulamışdır ki, yeni qurum qarşısında duran vəzifələr dövlət başçısının göstərişlərinə əsasən, daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahənin idarə edilməsidir, müəllif-hüquq sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, müxtəlif obyektiv və subyektiv səbəblərə görə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulmasıdır, elektron, rəqəmli kitabxanaya çevrilməsidir.

Bəllidir ki, innovasiyalı inkişafın başında yenilikçilik durur, yenilikçiliyin mənimsənilməsi, kommersiyalaşması, bazara çıxarılması və istehlakçılara çatdırılması. Bu isə ixtiralarla bağlıdır, çünki “bəşəriyyətin tarixi elə ixtiralar tarixidir”, əqli mülkiyyət tarixinin salnaməsidir. Bu şəraitdə müəlliflik hüququ ilə qorunan elmi-texniki əsərlər bilik daşıyıcıları kimi müstəsna rola malikdirlər, bunların sayəsində ixtiralar və digər ƏM obyektləri yaranır və qorunur. Bu səbəbdən bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən elmi-texniki kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır.

Qarşımızdakı vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdir. Bununla da ƏM-i investisiyalarının cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevrilmək, yeni texnologiyaların kommersiyalaşdırılmasını dəstəkləmək və öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaq – kardinal vəzifəmizdir.

Çıxışına davam edən natiq qeyd etmişdir ki, texnologiyaların indiki sıçrayış dövründə və innovasiyaların “rəqəmsal imperativ” zamanında innovativ inkişaf – tədqiqatlar nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və ƏM-in yaratdığı insan kapitalının ekosistemidir. Tanınmış mütəxəssislərin fikrinə görə, «gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diktə ediləcəyi və onu idarə etməsi qaçılmazdır». Bununla da texnologiyaların ƏM-in mövcud landşaftına kardinal təsiri və öz növbəsində əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması vurğulanmalıdır.

Patent təşkilatları zamanın çağırışlarına adekvat cavab axtarışında yeni paradiqma mövqeyindən yanaşaraq, fəaliyyətinin təhlilində özünəməxsus daxili göstəricilər qəfəsindən çıxmalı və patent sahəsinin fəaliyyətini innovasiyalı proseslərə təsiri ilə ölçməlidir.

Çünki innovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas faktoru kimi əsas iqtisadi resursa – intellektual kapitala söykənir və varlığın, zənginliyin yaranma mənbəyi texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Bu amillərə Əqli Mülkiyyət Agentliyi öz payına düşən təsiri müəyyənləşdirməlidir.

Bununla əlaqədar, milli patent sistemində ilk dəfə olaraq ölkələrarası müqayisədə qabaqcıl dünya təcrübəsinin indeks və göstəriciləri, o cümlədən ixtira və patent aktivliyi, özünü təminetməsi, asılılığı, yayılması, reallaşması və digər əmsallar son 8 illik fəaliyyət əsasında müəyyən edilib və ümumi mənzərəsi açıqlanıb. Bu araşdırma nəticəsində zəif yerlər, çatışmazlıqlar aşkar edilərək, gələcək fəaliyyətin yol xəritələri hazırlanıb.

Doğrudur, 2018-ci ilin Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, “Təsisatlar” altindeksində “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Lakin biz irəliyə baxmalıyıq, problemləri aradan qaldıraraq, ehtiyatlarımızı təftiş etməliyik.

K.İmanov sonra Əqli Mülkiyyət Agentliyinin qarşısında duran funksional vəzifələri barədə danışaraq vurğulamışdır ki, Agentliyin əsas vəzifəsi ilk növbədə dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasətinə ƏM-in təsiri və innovativ inkişafa adekvat xidmət etməsi ilə bağlıdır. Bununla yanaşı, beynəlxalq miqyasda ƏM ilə bağlı yeni amillərin nəzərə alınması da vacibdir. Belə ki, ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çıxarılması, KOS-ın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, ƏM siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması, həmçinin ƏM-in yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının ƏM-ə istiqamətlənməsi.

Bunlar nəzərə alınmaqla bir sıra vacib işlər görülür, o cümlədən:

  • Patent və əmtəə nişanlarına aid qanunvericilikdə islahat xarakterli dəyişikliklər və uzunmüddətli Əqli Mülkiyyət Strategiyasının hazırlaması;
  • İxtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin ölkəmizin patent alınmasını sadələşdirən “Patent Hüququ Müqaviləsi”nə (PLT) qoşulması, Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzinin tezliklə fəaliyyətə başlaması. Həmçinin elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün universitetlərdə, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, mövcud ofislərin isə tezliklə texnologiyaların kommersiyalaşdırılması və transferi ofislərinə (TKTM) çevrilməsi. Bununla yanaşı, Texnologiyaların Kommersiyalaşdırılması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyinin nəzdində yaradılması.

Mühüm işlər sırasında şəffaflığı təmin etmək, patent, əmtəə nişanlarının sifarişçiləri və ekspertiza və digər xidmət aparanlarla kontaktsız münasibət qurmaq məqsədilə ASAN tipli “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” “PƏNAH” rəqəmli informasiya sisteminin yaradılması işlərinə başlanmışdır.

Sadalanan işlər artıq həyata keçirilir, yaradılan strukturların biznes-layihələri hazırlanmışdır, lazımi tədbirlər görülür.

O, daha sonra milli patent qanunvericiliyinin bir neçə dəyişikliyi üzərində dayanmış və qeyd etmişdir ki, müəlliflik hüququnda müəlliflərin və cəmiyyətin maraqları arasında «qızıl ortaq» olduğu kimi, patent hüququnda da iddiaçıların və cəmiyyətin maraqları arasında tarazlığı təmin etməkdir. Bunun nəticəsi olaraq, müəllif-hüquq strukturları və ya patent təşkilatları müəyyən hakim funksiyaları daşıyırlar.

Müəlliflik hüququndan söhbət getdikdə, struktur bu növ funksiyaları yerinə yetirməkdə çətinlik görmür. Çünki açıqlanmış əsərlərə avtomatik, əlavə formalıqlarsız qorunma, ictimaiyyətə həmin əsərlərlə tanış olmaq imkanı verilir və müəllif-hüquq strukturunda əsərlərin qeydiyyatı könüllüdür.

Patent hüququna gəldikdə – patent təşkilatı tərəfindən hakim funksiyalarını yerinə yetirilməsi mürəkkəbləşir. Məsələ ondadır ki, hüquqi qorunma yalnız ekspertizanın müsbət qərarı verildikdən, patentin qeydə alınmasından, yəni zəruri qeydiyyatdan keçdikdən sonra başlana bilər, özü də ictimaiyyət patentin verilmə prosedurlarında bilavasitə iştirak etmədən. Beləliklə, iddiaçıların və ictimaiyyətin maraqları nəzərə alınmaqla, yoxlanma qeydiyyat sistemində patent təşkilatı hakim funksiyaları ilə yanaşı, müəyyən mənada cəmiyyətin maraqlarına da təmsilçilik edir və bu səbəbdən istər-istəməz patentlərin verilməsi istiqamətinə deyil, verilməməsi istiqamətinə daha çox diqqət yetirir.

Odur ki, bunu həm də Avropa Patent Təşkilatı, Avrasiya Patent Təşkilatının təsdiq etdiyi təcrübə də göstərir, milli patent təşkilatı getdikcə daha çox öz müştərilərinə xidmət göstərən struktur kimi çıxış etməli və buna əsaslanaraq, xidmətlərin göstərilməsini ləngidən bürokratik əngəllərin götürülməsi və formallıqlar prosedurlarının azalması istiqamətində çalışmalıdır, ekspertiza işlərini tezləşdirməlidir, güzəştlər sistemini, vergi preferensiyalarını tətbiq etməlidir.

Təbii ki, bu səpkidə PLT Müqaviləsinin əhəmiyyəti danılmazdır və ən qısa müddətdə PLT üzvləri sırasına daxil olmağa vacib məsələ kimi baxılır. Hətta, dövlət başçısının Yol xəritələri ilə bağlı Sərəncamında prioritet istiqamətlərdən biri kimi PLT-ə daxil olmaq məsələsi qoyulmuşdur.

Aydın olmayan səbəblərdən, keçmişdə PLT-yə daxil olma prosesinin yubanmışdır. Bəlkə də bunun səbəbinin biri milli patent qanunvericiliyinin köhnəlməsidir və bu səbəbdən patent qanunvericiliyinin müasir tələblərə uyğun olaraq yeniləşməsi işi hazırda sürətlə gedir.

İkincisi, patentlərlə bağlı cəmiyyətin məlumatlanmasına, informasiyaların çatdırılmasına daha da çox diqqət yetirilməlidir. İstər çap məhsulları ilə, Patent təşkilatının bülleteni vasitəsilə, istərsə də cəmiyyətə iddia materiallarının, sənədlərinin tanış olmaq təqdimatı ilə bağlı olaraq. Lakin bir vacib şərt yerinə yetirilməklə, xüsusən patent və müəlliflik hüququ arasındakı əlaqə nəzərə alınmaqla.

Çox zaman tətbiqi incəsənət əsərlərinin və sənaye nümunələrinin, inteqral sxem topologiyalarının və kartoqrafik əsərlərin hüquqi qorunmasındakı əlaqələr, əmtəə nişanlarının müəlliflik hüququ ilə qorunmasının mümkünlüyü, əsərlərin adlarının əmtəə nişanları sırasında sərbəst istifadəsinə məhdudiyyətlər haqqında əlaqələrdən söhbət açılır. Lakin reallıqda patent və müəlliflik hüququ arasındakı əlaqə daha dərindir. Məsələ burasındadır ki, patentə iddia sənədləri müəllif-hüquq obyektləridir.

Həqiqətən, müəllif-hüquq obyekti 3 şərtin yerinə yetirilməsi ilə ərsəyə gəlir, o cümlədən əsərin obyektiv formada təqdim olunması, əsərin yaradıcı xarakter daşıması və yaradılan əsərdə digər əsərlərdən istifadə edilməsinin qanuniliyinə əməl olunması.

Birinci şərt daim yerinə yetirilir, çünki iddia (sifariş) patent təşkilatına kağız daşıyıcıda və ya elektron formada təqdim edilir və bu da obyektiv forma deməkdir.

İkinci şərt də yerinə yetirilir, çünki heç kim iddia sənədinin tərtib edilməsində yaradıcılıq fəaliyyətinin olmaması haqqında iddia irəli sürə bilməz, əslində ixtiraçı ikili yaradıcıdır: o ixtiranı yaratmaqla yanaşı, onun mahiyyətini iddia sənədlərində elmi-texniki əsər şəklində təqdim edir.

Nəhayət, üçüncü şərt yalnız törəmə və tərtibat əsərlərinə aiddir, lakin müstəqil əsərlərə, o cümlədən qorunma sənədlərinin alınması üçün patent iddia sənədlərinə aidiyyəti yoxdur.

Beləliklə, iddia sənədləri əsərlərin hüquqi qorunması şərtlərinə tamamilə uyğundur və bu səbəbdən iddia materialları müəllif-hüquq obyektləri sırasına daxildir.

Bu hüquqi qorunma Bern Konvensiyasına uyğun olaraq, əsərin yarandığı andan əmələ gəlir və heç bir formallıqla (qeydiyyat, deponə, çap, açıqlama və s.) əlaqəli deyil, yəni avtomatik qorunma prinsipi əsasında meydana gəlir. Deməli, ixtiraçının iddia sənədlərinə mövcud olan müəlliflik hüququ iddia sənədinin hazırlanması anından başlayaraq, sənədin Patent təşkilatına təqdim edilməsi anına qədər yaranmış olur və patentin alınmasına aid müvafiq formaların doldurulması bir tərəfdən əsərin obyektiv formada mövcudluğunu, digər tərəfdən onun müəyyən mənada «dərc edilməsini» təsdiqləyir, özü də bu, gələcəkdə Patent təşkilatı tərəfindən həmin ixtira haqqındakı məlumatların rəsmi açıqlanmasından asılı olmayaraq baş verir.

Yaranmış şəraitdə müəllif-hüquq qanunvericiliyinin normalarına uyğun olaraq, əsərdən hər növ istifadə yalnız müəllifin (hüquq sahibinin) yazılı icazəsi ilə həyata keçirilə bilər. Lakin bunlara əməl edilmədən iddia materialları dərc olunur, üstəlik surətləri (nüsxələri) çıxarılaraq qeyri-müəyyən şəxslər dairəsinə yollanılır.

Bir sözlə, ixtiraçı və patent təşkilatı arasındakı lisenziya (icazə) sazişi bağlanmadan, hətta iddiaçının doldurduğu formalarda da hüquqi nəticələr haqqında xəbərdarlıq edilmədən müəlliflik hüququ ilə qorunan iddia sənədləri dərc edilir. Beynəlxalq hüquqi aktlara əsasən, istisnalara və məhdudiyyətlərə unifikasiya çərçivəsində «üçpilləli test» işlənilir (Bern, Roma Konvensiyaları, TRİPS Sazişi, ÜƏMT-nın İnternet müqavilələri, Avropa Direktivi) və onun mahiyyəti aşağıdakılara əsaslanır:

Bütün məhdudiyyətlər “numerus clauses” prinsipinə görə qurulur, yəni hüququn özünün hamı tərəfindən tanınan ümumi xarakteri nəzərə alınmalıdır, məhdudiyyətlər isə yalnız xüsusi hallara aid edilir; məhdudiyyətlər əsərlərin normal istifadəsinə ziyan vurmur; məhdudiyyətlər müəllifin qanuni maraqlarını əsassız məhdudlaşdırmır.

Göründüyü kimi, «Üçpilləli test» qaydaları iddia materiallarından sərbəst istifadəyə imkan vermir, çünki bu vəziyyətdə müəllifin qanuni maraqlarına əsassız zərər gətirilir. Əslində ixtiralar haqqında icazəsiz məlumatların yayılması ixtiraçılara və dövlətə birbaşa və çox zaman nəzərə çarpan dərəcədə ziyan vurur, çünki bu səbəbdən ən yaxşı ixtiralar haqqında məlumatlar digər ölkələrdə sərbəst istifadə olunmaqdadır.

Daha sonra vurğulandı ki, ixtiraçının patentlə bağlı iddia sənədlərinə aid müəlliflik hüququnun pozulması probleminin həlli iki yolla aradan qaldırıla bilər:

- iddia sənədlərinin doldurulan formalarında iddiaçının həmin sənədlərin dərci ilə bağlı hüquqi nəticələrlə tanış olması və razılaşmasına dair göstəriş vasitəsilə;

- ABŞ-ın patent qanunvericiliyinə uyğun olaraq (əksər ölkələrdən fərqli), patent verilənə qədər iddia materiallarının dərc edilməməsi yolu ilə.

Bu problemin nisbətən həll edilməsi üçün iddia sənədlərinin təqdim olunması ilə bağlı ABŞ-ın patent qanunvericiliyinin iddiaçıya müvəqqəti (ilkin) sifarişin verilməsi imkanıdır. Bu imkanı müəyyən mənada adi (ənənəvi) iddiaya münasibətdə prioritetin əldə edilməsi məqsədi ilə Patent təşkilatında ixtiranın təsvirinin deponlaşması kimi müəyyən etmək olar. Müvəqqəti (ilkin) sifariş əsasında iddiaçı 12 ay ərzində növbəti adi (ənənəvi) iddianı (nonprovisional) təqdim etmədiyi halda patent ala bilməz. İlkin iddia çox sadələşmiş formada istənilən dildə təqdim edilə bilər, özü də ixtiranın düsturunun (formulunun) göstərilməməsi ilə və bu iddianın təqdim edilmə qiyməti əsas iddianın qiymətindən qat-qat ucuzdur.

Həmin qaydalar mexanizminin əsas üstünlüyü iddiaçının 12 ay ərzində daha dürüst iddianın hazırlanmasında və bununla yanaşı, ixtiranın mahiyyətini açıqlamadan bazar marağının ixtiraya münasibətdə necə olduğunu müəyyən etməkdən ibarətdir.

Üçüncüsü, digər bir problem – patentin qorunma müddəti və müəllif-hüquq qorunması ilə paralellərə aiddir.

Bəllidir ki, istər müəllif-hüquq qanunvericiliyində, istərsə də patent qanunlarında şəxsi, qeyri-əmlak hüquqlarının qorunması sonsuz olduğu halda, əmlak hüquqlarının qorunması müddətlidir. İxtiralara aid əmlak hüquqlarının qorunmasının müddəti dünyada vahidləşmiş yanaşmaya əsasən, minimal olaraq iddia sənədinin verilməsi anından (20 il) və uzadılmasına (5 il) imkan verməklə qəbul edilir.

Məlumdur ki, iddia sənədinin verildiyi andan onun dərc edildiyi ana qədər heç bir qorunma nəzərdə tutulmur, iddia ərizəsinin dərc edildiyi andan verilən patent haqqında məlumatın dərc edildiyi ana qədər ixtiraya müvəqqəti qorunma təqdim olunur. Lakin qanunvericilik bu qorunma altında nəyin başa düşülməsinə aydınlıq gətirmir. Amma bizə bəllidir ki, qanunvericiliyin tələbinə əsasən, bu müvəqqəti qorunma müddəti zamanı həmin iddia olunan ixtiradan istifadəyə görə üçüncü tərəflər patent sahibinə ödəniş (kompensasiya) etmək məcburiyyətindədirlər. Lakin sözü gedən ödəniş heç də patent sahibinin əmlak hüququ kimi göstərilmir və bu növ müvəqqəti qorunma müəyyən suallar yaradır.

Belə ki, əgər həmin istifadəni hüquq sahibi özü həyata keçirirsə, onda bu absurda çevrilir (öz-özünə ödəmə) və əgər bu istifadə digər şəxslər tərəfindən həyata keçirilibsə, onda gələcəkdə ixtiraya verilən patent yeni deyil.

Bununla yanaşı, “müvəqqəti qorunma”, “öncə istifadə” hüququna zidd çıxır, yəni hər hansı fiziki və ya hüquqi şəxsin istifadə həcminin artırılmaması şərti ilə sonrakı ödənişsiz istifadəsi ilə ziddiyyətlər olur (əgər digər şəxs analoji ixtiraya iddia ərizəsi vermiş və ona patent də almış olarkən).

Nəhayət “müvəqqəti qorunma” patent alındıqdan sonra qüvvəyə minir, yəni ixtiranın keçmiş istifadələrinə aid edilir. Lakin əksər ölkələrdə Konstitusiya prinsipinə əsasən, “qanunun geriyə qüvvəsi yoxdur” norması işlənilir (vətəndaşların məsuliyyətini yumşaltma və ləğvetmə halları istisna olmaqla) və belə “retroaktivlik” halı patent qanunvericiliyinin digər normaları ilə ziddiyyət təşkil etdiyi halda Konstitusiya prinsiplərinə də zidd çıxır.

Beləliklə, göründüyü kimi, “müvəqqəti qorunma” əslində əmlak hüququnun retroaktiv genişlənməsi deməkdir və bu genişlənmənin zaman kəsiyi patent təşkilatına (PT) iddia sənədləri verilən andan verilən patent haqqında məlumatların dərc edildiyi ana qədər uzanır.

Vurğulandı ki, əgər həmin genişlənmə iddiaçının Konstitusiyaya əsasən vəziyyətini pisləşdirmirsə, digər şəxslərin bilməməsi ucbatından yaxud qəsdən olmaması səbəbindən öncə qorunmayan ixtiradan istifadə vəziyyətini ağırlaşdırır və bu şəxslər patent qanunvericiliyinin de-fakto işləndiyi normasına görə qanun pozucuları sırasına daxil edilirlər.

Retroaktivlik prinsipi Bern Konvensiyasında əks olunaraq, TRİPS Sazişində, ÜƏMT-nın “Müəlliflik hüququna dair”, “İfalar və fonoqramlara dair” müqavilələrində (İnternet Müqavilələri) də təsdiqini tapıb və mahiyyəti ondan ibarətdir ki, Bern Konvensiyasına qoşulan, yəni Bern İttifaqına üzv olan ölkə həmin İttifaqın digər ölkələrinin əsərlərini qoşulma anından yox, üstəlik bu ölkələrdə qorunma müddəti bitməyən əsərləri qoruyur.

Çıxışına davam edən K.İmanov qeyd etdi ki, beynəlxalq və milli müəllif-hüquq qanunvericiliyində açıq, əyani formada əksini tapan retroaktivlik prinsipi aşkar formada sənaye mülkiyyəti üzrə nə beynəlxalq, nə də milli qanunvericilikdə öz əksini tapmamışdır, lakin bu o demək deyil ki, onun mövcudluğu şübhə altındadır.

“Müvəqqəti qorunma” norması ilə yaranan ziddiyyətləri aradan qaldırmaq məqsədilə istər beynəlxalq, istərsə də milli patent qanunvericiliyində aşkar formada retroaktivlik prinsipi öz əksini tapmalıdır, onun iddia sənədinin PT-a verilməsi anından patentin verilməsi haqqında məlumatların dərc edilməsi anına qədər zaman kəsiyinə şamil edilməsi və “öncə istifadə” hüququ qüvvədə olduğu halda istisna olması göstərilməlidir.

Dördüncüsü, innovasiyalı inkişafda mühüm rola malik olan patent qanunvericiliyinin ixtiralara aid yeni üsulunun qorunması və həmin üsulla alınan məhsula şamil edilməsi üzərində dayanmağın məqsədəuyğunluğu barədə danışan natiq vurğuladı ki, “Üsul” anlayışı prosesi, daha doğrusu istehsalat prosesini nəzərdə tutur və TRİPS Sazişinin 28 (1) maddəsinə əsasən, milli qanunvericiliyimizdə tərcüməsi belə verilir: “patentin obyekti üsul olduqda patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi (daha dəqiq “istifadəsi”) ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısının alınması”na müstəsna hüququ vardır.

Bununla yanaşı, “məhsulun alınma üsuluna patentlə verilmiş hüquq bilavasitə bu üsulla alınan digər məhsula da şamil edilir və əksini sübut edən hal olmadıqda yeni məhsul patentləşmiş üsulla alınmış hesab edilir”.

Qeyd olundu ki, göründüyü kimi, məhsulun alınması üsuluna verilən patentin müstəsna hüququ bu üsulla alınan məhsulun özünə də şamil edilir.

İstehsalat üsulunun patent qorunmasının bu üsulla alınan məhsulun üzərinə keçirilməsi dəqiqləşdirmə tələb edir. Bir tərəfdən istehsalatın yeni üsulun patent qorunmasının ənənəvi, yayılan məhsula münasibətdə genişlənməsi qanuni deyil, çünki digərlərinin hüquq və maraqlarını pozur. Digər tərəfdən isə yeni üsulla istehsal olunan yeni məhsula münasibətdə belə qorunma lüzumsuzdur və buna ehtiyac da yoxdur, çünki məhsul elə ona görə yenidir ki, yeni qorunan üsul vasitəsilə alınır.

O, bir neçə söz də Agentliyin praktiki fəaliyyəti haqqında məlumat verərək qeyd etmişdir ki, qarşımızda qoyulan vəzifələri dərk edərək, Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir. Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə”nin icrası ilə bağlı hələ 2017-ci ildə Agentliyin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT arasında Birgə Bəyannamə imzalanmış və bu istiqamətdə bir neçə beynəlxalq konfrans və seminar keçirilmişdir.

Layihə çərçivəsində bir sıra metodik sənədlər və broşurlar, kommersiyalaşma xəritələri hazırlanaraq elmi təşkilatlara paylanmışdır.

Həmçinin ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarrinin 2018-ci il 4-6 iyun tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər Proqramı çərçivəsində “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilmiş beynəlxalq konfrans və “Qeyri–maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?” mövzusunda regional seminar, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi təşkil edilmişdir. Bu sərgidə 21 startap-layihə nümayiş etdirilmiş, onların 16-ı yerli universitetləri, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil etmişdir.

2018-ci ilin sentyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycanın ənənəvi mədəni irsini təmsil edən, YUNESKO tərəfindən Dünya mədəni irs siyahısına daxil edilən nümunələrə əsaslanan müasir coğrafi göstəriciləri nümayiş olunmuşdur.

18 dekabr 2018-ci il tarixində ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə keçirdikləri “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda beynəlxalq konfrans və Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərginin təşkil olunması da vacib tədbirlərdəndir. Bu beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən islahatçı-ölkə – Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməkdə idi.

Onu da xüsusi olaraq qeyd etməliyəm ki, dövlət başçısının vergi islahatları çərçivəsində etdiyi dəyişikliklər mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni üfüqlər açır. Belə ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan fiziki şəxslər “startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə gəlir vergisindən, hüquqi şəxs kimi fəaliyyət göstərən həmin subyektlər isə 3 il müddətinə əldə etdikləri mənfəət vergisindən azad olunurlar.

Cənab Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”. Əqli Mülkiyyət Agentliyi isə bir dövlət qurumu kimi bu göstərişi layiqincə yerinə yetirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti