...

Azərbaycanda yeni assosiasiya təsis olunub

İqtisadiyyat Materials 25 Dekabr 2020 14:57 (UTC +04:00)
Azərbaycanda yeni assosiasiya təsis olunub

Bakı. Trend:

“Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunmasına həsr edilmiş toplantı keçirilib. Onlayn formatda keçirilən toplantıda Kənd Təsərrrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərləri, Qax Damazlıq İpəkçilik Stansiyasının təmsilçiləri, həmçinin 28 rayondan 64 kümçü iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda çıxış edən nazirliyin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, barama istehsalçılarının vahid platformada birləşməsi kümçülərin daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən kümçülərin bir araya gələrək ictimai birlik təsis etməsi təşəbbüsü təqdirəlayiqdir və Nazirlik fermerlərin ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir. Araz İsmayılovun sözlərinə görə, yaradılacaq assosiasiya kümçülərə bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmasına, ölkədə baramaçılığın inkişafına dair təkliflər hazırlamasına şərait yaradacaq.

Toplantı iştirakçıları Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının qəbul olunduğunu xatırladaraq, dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək göstərdiyini bildiriblər. Görüşdə yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Toplantının sonunda “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub. Birliyin Nizamnaməsi müzakirələrdən sonra təsdiq edilib. Səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti